Azərbaycanda da sosial şəbəkə platformalarının fəaliyyətinə nəzarətin gücləndirilməsi istiqamətində yeni addımlar atılır. Sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə yeni və kifayət qədər yüksək məbləğlərdə inzibati cərimələr müəyyənləşdirilib. Prezident İlham Əliyevin imzaladığı qanunla İnzibati Xətalar Məcəlləsinə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik edilib.
Yeni qaydalara əsasən, müəyyən məlumatların aidiyyəti quruma təqdim edilməməsi, gecikdirilməsi, natamam və ya təhrif olunmuş məlumat verilməsi və digər tələblərin pozulmasına görə vəzifəli şəxslər və hüquqi şəxslər ciddi maliyyə sanksiyaları ilə üzləşəcəklər. Xüsusilə yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının təhlükəsiz istifadəsi ilə bağlı tələblərin pozulmasına görə hüquqi şəxslər 35-40 min manatadək, pozuntunun bir il ərzində təkrar törədilməsi halında isə 45-50 min manatadək cərimələnə biləcəklər.
Bəs yüksək cərimələr sosial şəbəkə şirkətlərini daha məsuliyyətli davranmağa vadar edəcəkmi? Bu mexanizm uşaqları zərərli informasiyadan real olaraq qoruya biləcəkmi?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb:
“Bu qərarı çoxdan gözləyirdik. Xatırladım ki, bu il fevralın 27-də Prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması məqsədilə sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqini nəzərdə tutan “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncamda Nazirlər Kabinetinə bir sıra mühüm tapşırıqlar verilmişdi. Sərəncama əsasən, qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməklə sosial şəbəkələrdən istifadə qaydaları ilə bağlı hüquqi mexanizmlərin təkmilləşdirilməsi, məktəbəqədər təhsil müəssisələrində və məktəblərdə sosial şəbəkələrdən istifadə ilə bağlı yaş məhdudiyyətlərinin müəyyənləşdirilməsi, eləcə də orta məktəblərdə kurikulum proqramlarına sosial şəbəkələrdən və müxtəlif rəqəmsal qurğulardan istifadə ilə bağlı mövzuların daxil edilməsi nəzərdə tutulmuşdu. Daha sonra bu istiqamətdə mühüm hüquqi addımlar atıldı. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna əlavələr edildi, “Telekommunikasiya haqqında” və “Media haqqında” qanunlarda dəyişikliklər aparıldı. Eyni zamanda, Cinayət Məcəlləsinə də dəyişikliklər edildi və sosial şəbəkə seqmentini nəzərdə tutan 148.1-ci maddə əlavə olundu. Nəhayət, bu gün artıq bildiyimiz kimi, İnzibati Xətalar Məcəlləsində sosial şəbəkələrlə bağlı pozuntulara görə konkret cərimələr müəyyənləşdirildi. Fiziki şəxslər, vəzifəli şəxslər, eləcə də sosial şəbəkə platformalarının provayderləri üçün sosial şəbəkələrdən istifadə ilə bağlı müəyyən edilmiş tələblərin pozulması halında tətbiq ediləcək cərimələrin məbləği kifayət qədər yüksəkdir”.
Sosioloq qeyd edib ki, cərimələrin məbləğinin kifayət qədər yüksək olması platformaların məsuliyyətini artırmağa xidmət edə bilər. Lakin onun fikrincə, yalnız inzibati cəzalarla kifayətlənmək düzgün olmaz:
“Güman edirəm ki, bu, sosial şəbəkələri daha sağlam və təhlükəsiz mühitə gətirmək üçün təqdirəlayiq və zəruri addımlardan biridir. Amma hesab edirəm ki, bu mexanizmin effektiv olması üçün yalnız inzibati tədbirlərlə kifayətlənmək olmaz. Burada sosial nəzarət, ictimai nəzarət və cəmiyyətin iştirakçılığı da lazımdır. Valideynlər yumşaq nəzarət mexanizmlərindən istifadə etməklə uşaqların sosial şəbəkələrdən istifadəsinə nəzarət etməlidirlər. Yəni burada korporativ sosial məsuliyyət olmalıdır. Həm cəmiyyət, həm kütləvi informasiya vasitələri, həm sosial şəbəkə platformalarının özləri, həm də hüquq-mühafizə orqanları bu prosesdə birgə iştirak etməlidirlər. Yalnız bütün tərəflərin birgə və koordinasiyalı fəaliyyəti nəticəsində sosial şəbəkələri daha təhlükəsiz və zərərsiz mühitə çevirmək mümkündür. Nəticədə bu platformalar uşaq və yeniyetmələr üçün zərərli təsir mənbəyi olmaq əvəzinə, təhlükəsiz sosiallaşma institutuna çevrilə bilər. Hesab edirəm ki, bu addım təqdirəlayiqdir, amma əlavə müşayiətedici tədbirlərin də görülməsi vacibdir. İlk növbədə sosial şəbəkə platformalarının özündə, eləcə də sosial mediada və kütləvi informasiya vasitələrində hüquqi maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Vətəndaşlar bu məsələlərlə bağlı hüquqi baxımdan məlumatlı olmalıdırlar. Eyni zamanda, valideynlərin rəqəmsal savadlılığının artırılması da mühüm məsələdir. Valideynlər rəqəmsal mühitdə uşaqların qarşılaşa biləcəyi təhlükələri bilməli və onlara qarşı yumşaq, düzgün və effektiv nəzarət mexanizmlərindən istifadə etməyi bacarmalıdırlar. Yəni əlavə müşayiətedici tədbirlər mütləq həyata keçirilməlidir. Bu istiqamətdə sosial çarxlardan, maarifləndirici kampaniyalardan geniş istifadə edilməlidir ki, nəticə etibarilə qəbul edilən qanunların, müəyyənləşdirilən cərimələrin və tətbiq ediləcək inzibati tənbeh tədbirlərinin effektivliyi təmin olunsun. Əks təqdirdə, yalnız inzibati tənbeh tədbirləri ilə sosial şəbəkələrdəki bütün problemlərin qarşısını almaq mümkün olmayacaq. Amma hesab edirəm ki, bu, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən yeni reallığın yaradılması baxımından kifayət qədər böyük və mühüm addımdır”.
Üzeyir Şəfiyevin qənaətinə görə, bütün bu dəyişikliklər Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi baxımından yeni mərhələnin əsasını qoyur:
“Güman edirəm ki, artıq Azərbaycanda sosial şəbəkə fəaliyyətini tənzimləyən qanunvericilik xeyli təkmilləşdirilib. Daha doğrusu, bu sahədə qanunvericilik baxımından böyük təkmilləşmələr aparılıb. Artıq yaxın və orta perspektivdə Azərbaycanda sosial şəbəkə platformalarının daha təhlükəsiz, sağlam və zərərsiz sosiallaşma institutuna çevrilməsi üçün hüquqi baza formalaşıb. Əsas məsələ bundan sonra qəbul edilən qanunların və müəyyənləşdirilən mexanizmlərin effektiv şəkildə tətbiq olunması, eyni zamanda dövlət, cəmiyyət, valideynlər, media və sosial şəbəkə platformalarının bu prosesdə birgə iştirak etməsidir”.
Xalidə Gəray
Musavat.com

