“Özəl bağçaların maliyyələşməsi aylıq əsasda həyata keçiriləcək”. Bunu MÜTDA-nın direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında bildirib. “Məktəbəqədər təhsil icbari deyil. Valideynlər bəzən uşaqlarını iki-üç ay bağçaya göndərib daha sonra çıxarırlar. Ona görə də bir illik vəsait əvvəlcədən ayrılmayacaq. Uşaqların davamiyyəti monitorinq olunacaq və dövlət öz üzərinə düşən payı hər ay ödəyəcək. Necə ki, valideyn hər ay təhsil haqqını ödəyir, dövlət də aylıq maliyyələşdirmə aparacaq. Müqavilə 10 aylıq olacaq. Adətən yay aylarında valideynlər məzuniyyətə çıxdıqları və hava şəraiti ilə əlaqədar uşaqları bağçalara daha az göndərdikləri üçün bu müddət nəzərə alınıb”.
O deyib ki, hər bağçanın müəyyən tutumu var və bu məlumat məktəbəqədər təhsil informasiya sistemində qeyd olunur: “Həmin yerlərin bir hissəsi artıq tam ödəniş edən valideynlərin uşaqları üçün nəzərdə tutulub, digər hissəsi isə yeni qəbul olunan uşaqlara ayrılacaq. Əgər hər hansı valideyn uşağını bir bağçadan çıxarıb başqa bağçaya keçirərsə, həmin yer boşalacaq və növbədə olan digər namizəd həmin yerdən yararlana biləcək. Təhsil müəssisəsi təhsil haqqını müqavilədə müəyyən edir. Əgər sonradan qiyməti artırırsa, valideynlə yeni müqavilə bağlanmalıdır. Valideyn bilir ki, Bakı şəhərində dövlət tərəfindən ayrılan maksimum məbləğ 300 manatdır və qalan hissəni özü ödəməlidir. Əgər buna razıdırsa, müqavilə qüvvədə qalacaq, razı deyilsə, müqavilədən imtina edə bilər”.
Bəs dövlətin özəl bağçalara pul verməsində məqsəd nədir və bundan ailələr necə yararlana bilər?
İlqar Orucov: Yaxşı müəllim olmaq istəyən üçün şəhər və ya kəndin fərqi yoxdur – AZƏRTAC
Mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Musavat.com-a danışıb. İlqar Orucov yeni mexanizmin əhəmiyyətini şərh edərkən bildirib ki, dövlətin özəl məktəbəqədər təhsil müəssisələrində oxuyan uşaqların aylıq xərclərinin müəyyən hissəsini üzərinə götürməsi vacib yenilikdir: “Ümumilikdə məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə mexanizminin tətbiqi, düşünürəm ki, çox vacib bir yenilik kimi qəbul olunmalıdır. Yeni yanaşmada dövlət özəl məktəbəqədər təhsil müəssisələrində oxuyan uşaqların aylıq xərclərinin müəyyən hissəsini, yəni kifayət qədər böyük bir hissəsini öz üzərinə götürür. Həmçinin ödənişlər illik deyil, aylıq və faktiki davamiyyətə əsasən aparılacaq ki, bu da şəffaflığı təmin edən vacib amillərdən biri kimi qeyd olunmalıdır”.
Dosent hesab edir ki, bu layihə klassik dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində reallaşacaq: “İqtisadi və struktur baxımdan təhlil etdikdə, bu addım daha çox dövlət bağçalarında mövcud olan infrastruktura və yer çatışmazlığının kompensasiya edilməsinə, yəni təhsilin əhatə dairəsinin qısa müddətdə genişləndirilməsinə hesablanmış rasional bir mexanizmdir. Dövlət yeni bağçaların tikintisi, xüsusilə Bakı şəhərində torpaq sahələrinin məhdudluğu və layihələndirmə xərcləri baxımından böyük problem olan yeni bağçaların tikintisi əvəzinə, xeyli yüksək maliyyə yükünü öz üzərindən atır və həm də uzun müddətə o proses reallaşa bilər deyə, bunu hazır resurslardan istifadə etməklə problemin həllinə fokuslanır. Yəni dövlət sıfırdan bağça tikmək əvəzinə özəl sektorun artıq mövcud olan hazır infrastrukturunu və boş qalan yerlərini lisenziyalı bağçalar vasitəsilə həll etmiş olur. İlk növbədə, minlərlə uşağın bu proqramla özəl bağçalara yerləşdirilməsi dövlət bağçalarındakı elektron növbə sistemində yaranan gərginliyi birbaşa azaldacaq. Həmçinin burada bunun sosial effekti də var, çünki ailələrin maddi yükünün azalmasına gətirib çıxaracaq. Çünki bu proqram orta və aşağı gəlirli ailələr üçün keyfiyyətli özəl bağçalara əlçatanlıq verir və ailə büdcəsinə, təbii ki, birbaşa dəstək göstərir”.
İlqar Orucov bildirib ki, dövlət tərəfindən müəyyən edilən maliyyələşmə valideynlərin özəl bağça xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verə bilər: “Dövlət Bakı şəhəri üzrə maksimum 350 manat, regionlar üzrə isə 250 manat həcmində aylıq maliyyələşmə müəyyən edib ki, maddi cəhətdən övladını özəl bağçaya qoya bilməyən valideyn artıq dövlət dəstəyi ilə yalnız o aradakı fərqi ödəməklə alternativ və keyfiyyətli təhsil xidməti ala bilir. Bu yeni mexanizmdə özəl bağçaların xidmət haqlarını süni şəkildə qaldırmasının qarşısını alan ciddi tənzimləmə alətləri mövcuddur. Hansı ki, özəl bağçaların proqrama qəbulu zamanı tətbiq olunan 100 ballıq sistemin 50 balı məhz təklif olunan qiymətin münasibliyinə verilir. Yəni bazar qiymətindən baha xidmət təklif edən bağçalar müsabiqədən avtomatik olaraq kənarda qalır. Həmçinin müqavilə bağlandığı andan etibarən tədris dövründə bağça təhsil haqlarını birtərəfli qaydada artıra bilməz.
Ödənişlərin qeyd etdiyim kimi illik deyil, uşağın bağçaya faktiki davamiyyətinə əsasən aylıq aparılması məsələdir ki, bu da dövlət vəsaitlərindən səmərəli istifadəyə xidmət edir və bu bağçalarda qeyri-şəffaf hesabatlılığın və bağçaya gəlməyən, lakin adı qeydiyyatda olan uşaqların qarşısını tamamilə alır. Ki, pul yalnız uşağın faktiki getdiyi günlərə ödənilir və büdcə israfını, təbii ki, aradan qaldırır”.
İlqar Orucov hesab edir ki, yeni mexanizmin təsiri yalnız təhsil və ailələrin maliyyə yükünün azaldılması ilə məhdudlaşmır. Onun fikrincə, bu layihə valideynlərin, xüsusilə anaların əmək bazarında fəallığına da müsbət təsir göstərə bilər: “Həmçinin, bilirik ki, övladlarını bağçaya qoya bilməyən xeyli sayda analar həmçinin əmək bazarında özlərini reallaşdıra bilmirlər. Yəni ailələr üçün həm də yeni iş yeri, həm müraciət baxımından yeni imkanlar yaradılır. Burada bir neçə prizmadan biz bunu dəyərləndirməliyik. İlk növbədə, uzun müddət zaman istəyən, həmçinin müvafiq layihələndirmə, eyni zamanda tikinti vəsaitləri hesabına hazır özəl bağçalar hesabına dövlət məktəbəqədər təhsilə əlçatanlığı təmin edir. Digər tərəfdən ailələrin sosial qayğılarını azaldır, çünki vəsaitlərin böyük bir hissəsini məhz dövlət qarşılayır. Digər tərəfdən dövlət büdcəsindən səmərəli istifadə baxımından müvafiq davamiyyətə görə uşaqların təhsil haqlarını qarşılayır. Digər tərəfdən isə bu sosialyönümlü, hümanist bir layihədir. Eyni zamanda ailələrdə olan xanımların, xüsusilə azyaşlı övladları olan xanımların əmək bazarında özlərini reallaşdırması üçün imkanlar yaradır.
Hesab edirəm ki, bu addım ölkədə məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirmək üçün ən optimal modellərdən biridir. Dövlət bu mexanizmi tətbiq etməklə özəl sektorun inkişafına stimul verir, sahibkarlara zəmanətli müştəri kütləsi təmin edir. Sosial dövlət funksiyasını yerinə yetirərək valideynlərin maddi yükünü azaldır. Yeni bağça tikintisinə böyük kapitallar xərcləmədən qısa müddətdə yer çatışmazlığını həll edir və eyni zamanda rəqəmsal uçot sistemini tətbiq etməklə bu sahədə şəffaflığı maksimum dərəcəyə çatdıraraq bütövlükdə daha səmərəli maliyyə xərclənməsinə keçid edir”.
Bağçalarda iş axtaranların NƏZƏRİNƏ – Vakansiya VAR | AzEdu.az
Bununla yanaşı, İlqar Orucov dövlətin bu yanaşmasını dəstəkləsə də, mexanizmin tətbiqi zamanı nəzarət və monitorinqin gücləndirilməsinin vacib olduğunu vurğulayıb: “Mən dövlətin bu yanaşmasını dəstəkləyirəm, amma hesab edirəm ki, bu xoşniyyətli missiyadan hansısa neqativ məqsədlər naminə istifadə, təbii ki, olmamalıdır. Bunun monitorinq sistemi güclü olmalıdır. Bütövlükdə prosesin və sui-istifadə hallarına yol verilməməsi üçün ən ciddi nəzarət mexanizmləri tətbiq edilməlidir. Yoxsa burada sui-istifadə halları və yaxud dövlət vəsaitlərinə göz dikmək kimi, hesab edirəm ki, xoşagəlməz hallarla qarşılaşmamaq üçün qeyd etdiyim ciddi monitorinq, nəzarət və şəffaflığın təmin olunması istiqamətində əlbəttə ki, aidiyyəti qurumlar işləməlidir”.
Xalidə Gəray
Musavat.com

