Xəbər verildiyi kimi, Məkkədə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan yeni müdafiə sazişinə Tehrandan sərt reaksiya gəlib. İran parlamentinin yüksək vəzifəli rəsmisi üç ölkəyə açıq xəbərdarlıq edərək bildirib ki, “İrana qarşı atılacaq istənilən addım cavabsız qalmayacaq”.
Belə ki, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının iştirak etdiyi Məkkə müdafiə razılaşmasına münasibət bildirərkən sərt ifadələr işlədib. Əzizi yeni regional təhlükəsizlik mexanizminin İrana qarşı yönəldilməsinin yolverilməz olduğunu bildirərək üç ölkəyə faktiki xəbərdarlıq ünvanlayıb: “Heç bir səhv cavabsız qalmayacaq”.
Hansı “səhv”? İran niyə xofludur və nədən daha iki güclü dövləti, həm də müsəlman dövlətini (Türkiyə, Pakistan) özünə qarşı düşmənə çevirir? Üstəlik, onlardan biri – Pakistan ABŞ-la danışıqlarda əsas vasitəçi qismindədir. Türkiyə isə məlum hadisələr zamanı İrana qarşı heç bir addım atmayıb, hətta müəyyən məqamlarda onu müdafiə edib…

Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının Məkkədə imzaladığı yeni birgə müdafiə sazişi Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının dəyişməsi baxımından mühüm hadisədir:
“Sazişin imzalanmasından dərhal sonra İranda narahatlığın və sərt ritorikanın meydana çıxması isə təsadüfi deyil. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizinin “İrana qarşı hər hansı səhv cavabsız qalmayacaq” xəbərdarlığı Tehranın bu razılaşmanı hansı prizmadan gördüyünü nümayiş etdirir. Burada söhbət konkret olaraq Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının İrana qarşı müharibəyə hazırlaşmasından getmir. Əsas məsələ İranın regional təsir imkanlarının tədricən məhdudlaşması ehtimalıdır. Əslində, Tehranın narahatlığının əsas səbəbi Səudiyyə Ərəbistanının özü deyil. İranla Riyad arasında uzun illərdir rəqabət mövcuddur və tərəflərin Yaxın Şərqdə fərqli geosiyasi layihələri var. İran üçün daha ciddi məsələ bu rəqabətə Türkiyə və Pakistan kimi iki mühüm müsəlman dövlətinin təhlükəsizlik formatına qoşulmasıdır. Ankara indiyə qədər Tehranla bütün fikir ayrılıqlarına baxmayaraq, İranın tam şəkildə təcrid olunmasına imkan verməyən siyasət yürüdüb. Türkiyə İranla həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik sahəsində dialoqu qoruyub saxlayıb. İranın müxtəlif böhranlar zamanı Türkiyədən müəyyən diplomatik dəstək görməsi də məlumdur. Bu baxımdan Ankara ilə Riyad və İslamabadın eyni müdafiə mexanizmində birləşməsi Tehranda belə bir sual yaradır ki, əgər gələcəkdə İranla regional aktorlardan biri arasında ciddi qarşıdurma baş verərsə, bu qarşıdurma digər iki dövlətin də təhlükəsizlik məsələsinə çevrilə bilərmi. Məhz bu ehtimal İran üçün narahatedicidir. Pakistan məsələsi isə daha fərqli və hətta müəyyən mənada paradoksaldır. İslamabad Tehranla açıq düşmənçilik siyasəti aparmır. Əksinə, Pakistan son dövrdə ABŞ-İran münasibətlərində vasitəçilik imkanlarını ortaya qoyub. Pakistanın ABŞ və İran arasında dialoq kanallarında rol oynaması onun Tehran üçün sıradan regional dövlət olmadığını göstərir. Eyni zamanda Pakistanın Səudiyyə Ərəbistanı ilə çox dərin hərbi-strateji əlaqələri var. Bu münasibətlər yeni deyil və 2025-ci ildə imzalanmış Səudiyyə-Pakistan qarşılıqlı müdafiə sazişi ilə daha da rəsmiləşib. Deməli, Tehran burada “Pakistan mənə düşmən oldu” nəticəsinə gəlməməlidir. Daha doğru yanaşma budur ki, Pakistan artıq Səudiyyə Ərəbistanının təhlükəsizlik sisteminin mühüm hissəsidir və eyni zamanda ABŞ-İran dialoqunda vasitəçi rolunu qorumağa çalışır. Bu iki xətt bir-birinə zidd deyil”.
Professor hesab edir ki, İran uzun illər ərzində qurduğu regional təsir modelinə alternativ təhlükəsizlik mexanizminin meydana çıxması ehtimalının olduğundan narahatdır. Lakin Məkkə sazişini anti-İran ittifaqı adlandırmaq məsələni drammatikləşdirməkdir. Türkiyə xarici işlər naziri Hakan Fidan da sazişin İrana qarşı yönəlmədiyini açıq şəkildə bildirib.
Etibar Seyidağa,
Musavat.com

