Azərbaycanla Özbəkistanı birləşdirən münasibətlər diplomatik əlaqələrin və dövlətlərarası əməkdaşlığın çərçivəsi ilə məhdudlaşmır. Bu əlaqələrin təməlində xalqlarımızı yaxınlaşdıran ortaq tarixi-mədəni irs, mənəvi dəyərlər və qarşılıqlı ehtiram dayanır. Əsrlərin sınağından keçərək bu günə gəlib çatan ortaq tarix, eyni kökdən qidalanan dil və mədəniyyət, oxşar adət-ənənələr və mənəvi dəyərlərlə yanaşı, zamanın zəiflədə bilmədiyi qardaşlıq duyğusu iki xalqı bir-birinə bağlayır. Tarix boyu formalaşmış bu mənəvi yaxınlıq nəsillər boyunca qorunaraq müasir dövrdə də ikitərəfli münasibətlərin mühüm dayaqlarından birinə çevrilib.
Azərbaycan-Özbəkistan münasibətlərinin müasir siyasi əsaslarının formalaşmasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən və ardıcıl siyasəti mühüm rol oynayıb. Heydər Əliyev Azərbaycan və Özbəkistan xalqlarının ümumi köklərə malik olduğunu vurğulayır, iki ölkə arasında münasibətlərin etibarlı və sadiq tərəfdaşlıq səviyyəsində inkişaf etdirilməsini mühüm siyasi hədəflərdən biri kimi önə çəkirdi. Bu yanaşma 1990-cı illərdə ikitərəfli münasibətlərin möhkəm siyasi-hüquqi əsaslarının formalaşmasına, sonrakı mərhələlərdə isə strateji tərəfdaşlığın inkişafına əlverişli zəmin yaratdı. Bu siyasi xətt Prezident İlham Əliyevin xarici siyasət kursu çərçivəsində yeni məzmun və miqyas qazandı. Prezident İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşan qarşılıqlı etimad, şəxsi dostluq və müntəzəm siyasi dialoq ikitərəfli əlaqələrin dərinləşdirilməsi ilə yanaşı, regional əməkdaşlığın genişləndirilməsi və Türk dünyasında inteqrasiya proseslərinin sürətləndirilməsi baxımından da yeni imkanlar açdı. Tarixi-mədəni yaxınlıq siyasi etimad, qarşılıqlı iqtisadi maraqlar və regional baxışların uzlaşdırılması ilə tamamlanaraq çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrildi. Bu gün Bakı–Daşkənd münasibətləri ikitərəfli əlaqələr müstəvisini aşaraq Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarını əhatə edən daha geniş geosiyasi və geoiqtisadi əməkdaşlıq kontekstində inkişaf edir. Bu transformasiya iki ölkə arasında münasibətlərin daha geniş regional proseslərin istiqaməti ilə müəyyənləşdiyini göstərir.
Son beş il ərzində ən yüksək səviyyədə həyata keçirilmiş 15 qarşılıqlı səfər və intensiv siyasi təmaslar, o cümlədən Prezident İlham Əliyevin bu müddət ərzində Özbəkistana üçü dövlət səfəri olmaqla yeddinci səfəri, münasibətlərin institusional dayanıqlığını və siyasi dialoqun ardıcıllığını səciyyələndirən mühüm göstəricilərdir. Bu dinamika Bakı–Daşkənd münasibətlərinin epizodik diplomatik təmaslar çərçivəsindən çıxaraq davamlı siyasi koordinasiya və qarşılıqlı fəaliyyət mexanizmləri əsasında inkişaf etdiyini isbatlayır. Yüksək səviyyəli qarşılıqlı səfərlərin müntəzəmliyi yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı maraqların regional proseslərin inkişaf dinamikası ilə uzlaşdırılmasına əlverişli şərait yaradır.

Qarşılıqlı dövlət səfərləri çərçivəsində imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni münasibətlərin institusional dərinliyini müəyyən edən əsas siyasi-hüquqi sənədlər sırasında xüsusi qeyd etmək lazımdır. Bu sənədlər ikitərəfli əlaqələrin məzmununu əhəmiyyətli dərəcədə genişləndirərək münasibətləri yeni mərhələyə yüksəldib. Yaradılmış Ali Dövlətlərarası Şura isə siyasi dialoqun və qarşılıqlı əməkdaşlığın institusional çərçivəsini daha da möhkəmləndirən mühüm mexanizm kimi çıxış edir. Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətlərinin xarakteri yalnız siyasi bəyanatların intensivliyi ilə deyil, qarşılıqlı öhdəliklərin, siyasi dialoqun və əməkdaşlıq mexanizmlərinin institusional əsasda təmin olunması ilə müəyyənləşir. İki ölkə arasında geniş istifadə olunan “qardaşlıq” anlayışı da yalnız tarixi-mədəni və mənəvi yaxınlığı ifadə edən siyasi ritorika deyil. Bu anlayış qarşılıqlı etimad, institusional əməkdaşlıq, strateji maraqların uzlaşdırılması və uzunmüddətli dövlətlərarası öhdəliklərlə tamamlanan münasibətlər modelinin siyasi ifadəsinə çevrilib. Başqa sözlə, tarixi və mənəvi yaxınlıq siyasi etimada, siyasi etimad isə davamlı institusional tərəfdaşlığa transformasiya olunur.
Qeyd etdiyimiz kimi, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf dinamikası bu gün daha geniş siyasi və geoiqtisadi prosesin tərkib hissəsi kimi nəzərdən keçirilir. Hər iki ölkə Xəzər hövzəsi ilə Mərkəzi Asiyanı birləşdirən nəqliyyat-kommunikasiya dəhlizlərinin inkişafını, enerji və investisiya əməkdaşlığının genişləndirilməsini, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasını və iqtisadi potensialların daha səmərəli uzlaşdırılmasını uzunmüddətli tərəfdaşlığın əsas istiqamətləri kimi qiymətləndirir. Münasibətlər siyasi həmrəyliklə yanaşı, konkret iqtisadi və geoiqtisadi maraqlar üzərində də möhkəmlənir. Digər tərəfdən, Azərbaycan və Özbəkistanın bir sıra mühüm regional və beynəlxalq məsələlərdə mövqelərinin üst-üstə düşməsi münasibətlərin siyasi çəkisini artırır. Qarşılıqlı dəstək ikitərəfli diplomatiya çərçivəsindən çıxaraq daha geniş regional gündəliyə təsir göstərən amilə çevrilir. Bu proses Türk dövlətləri arasında əməkdaşlığın institusional və siyasi baxımdan gücləndirilməsinə də əlavə impuls verir.

Azərbaycan–Özbəkistan münasibətləri Cənubi Qafqazla Mərkəzi Asiyanın qarşılıqlı əlaqələrinin genişlənməsi, Şərq–Qərb nəqliyyat bağlantılarının inkişafı və Türk dünyasında inteqrasiya proseslərinin dərinləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən müttəfiqlik münasibətlərini iki region arasında formalaşan daha geniş geosiyasi və geoiqtisadi əlaqələr sistemi kontekstində qiymətləndirmək zəruridir. Bu prosesin mühüm institusional ifadələrindən biri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakıdır. Azərbaycanın bu formata qoşulması əməkdaşlığın “C5”dən “C6”ya genişlənməsi ilə yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında siyasi və iqtisadi əlaqələrin daha sistemli xarakter aldığını ortaya qoyur. Burada söhbət yalnız iştirak formatının dəyişməsindən getmir. Daha əhəmiyyətlisi, Xəzərin iki region arasında ayrıcı deyil, onları birləşdirən strateji məkan kimi rolunun güclənməsidir. Yeni regional konfiqurasiyada Azərbaycanın Cənubi Qafqazdakı, Özbəkistanın isə Mərkəzi Asiyadakı mövqeyi iki ölkəni Şərq–Qərb marşrutlarının inkişafında təbii tərəfdaşlara çevirir. Bakı–Daşkənd əməkdaşlığının geosiyasi əhəmiyyəti də məhz bu məqamda daha aydın görünür: bir tərəfdə Xəzərin Qərb sahilində yerləşən Azərbaycan, digər tərəfdə Mərkəzi Asiyanın mərkəzi ölkələrindən biri olan Özbəkistan regional bağlantıların vahid sistemə çevrilməsində bir-birini tamamlayan imkanlara malikdir.
Yaxınlaşmanın mühüm istiqamətlərindən biri nəqliyyat-logistika əməkdaşlığıdır. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP kimi regional nəqliyyat təşəbbüsləri ilə mümkün inteqrasiyası yeni geoiqtisadi imkanlar yarada bilər. Belə layihələrin uzlaşdırılması Çindən Mərkəzi Asiya və Xəzər üzərindən Azərbaycan vasitəsilə Avropaya uzanan nəqliyyat bağlantılarının səmərəliliyini və regional əhəmiyyətini artırmaq potensialına malikdir. Nəzərdə tutulan bu kimi digər layihələri də nəzərə alsaq, Bakı–Daşkənd əməkdaşlığı ikitərəfli ticarət və iqtisadi əlaqələrin hüdudlarını aşaraq Cənubi Qafqaz və Mərkəzi Asiyanın qarşılıqlı bağlı regional sistem kimi formalaşmasına töhfə verən amillərdən birinə çevrilir. Azərbaycanın nəqliyyat infrastrukturu və Özbəkistanın Mərkəzi Asiyadakı strateji mövqeyi tərəfdaşlığın regional bağlantıların inkişafındakı əhəmiyyətini daha da artırır.
Nəticə etibarilə, Azərbaycan-Özbəkistan müttəfiqliyi qarşıdakı dövrdə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında inteqrasiyanın əsas dayaqlarından birinə çevriləcək. Bakı–Daşkənd xəttinin güclənməsi Cənubi Qafqazla Mərkəzi Asiya arasında iqtisadi və logistika əlaqələrinin dərinləşməsinə, Xəzərin mühüm tranzit və geoiqtisadi platforma kimi mövqeyinin möhkəmlənməsinə şərait yaradacaq. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində koordinasiyanın genişlənməsi ortaq nəqliyyat, ticarət və investisiya təşəbbüslərinin daha sistemli xarakter almasına xidmət edəcək. Bu baxımdan, müttəfiqliyin strateji dəyəri mövcud potensialın daha geniş regional mexanizmlərə transformasiyasında üzə çıxır. Onun uzunmüddətli effektivliyi siyasi iradənin konkret iqtisadi təşəbbüslər, dayanıqlı nəqliyyat və enerji infrastrukturu, institusional koordinasiya ilə nə dərəcədə tamamlanmasından asılı olacaq. Bu istiqamətlərin ardıcıl şəkildə reallaşdırılması Bakı–Daşkənd münasibətlərini ikitərəfli tərəfdaşlıq çərçivəsindən çıxararaq Türk dünyasının və daha geniş Avrasiya məkanının regional transformasiyasına təsir göstərən strateji faktora çevirə bilər.

Nəhayət, Azərbaycan–Özbəkistan münasibətlərinin gücü yalnız siyasi və iqtisadi göstəricilərlə ölçülmür. Humanitar və mədəni əlaqələr də bu tərəfdaşlığın mühüm dayaqlarındandır. Mədəniyyət, təhsil və humanitar sahələrdə həyata keçirilən çoxsaylı layihələr iki xalqın bir-birini daha yaxından tanımasına, ortaq dəyərlərin yaşadılmasına və gələcək nəsillər arasında mənəvi bağların möhkəmlənməsinə töhfə verir. Bütün bunlar bir həqiqəti bir daha göstərir: Azərbaycan və Özbəkistanı yalnız ortaq tarix və mədəniyyət deyil, həm də dərin qardaşlıq bağları birləşdirir. Bu bağlılıq zaman keçdikcə yeni layihələrdə, təhsil və mədəniyyət təşəbbüslərində, iqtisadi əməkdaşlıqda və regional baxışların uzlaşdırılmasında daha konkret məzmun qazanır.
Azərbaycan–Özbəkistan müttəfiqliyinin əhəmiyyəti də məhz burada önə çıxır. Tarixi-mədəni yaxınlıq siyasi iradə və institusional mexanizmlərlə tamamlandıqda ikitərəfli münasibətlər regional əməkdaşlığın mühüm dayağına çevrilə bilir. “C5”dən “C6”ya genişlənmə isə bu transformasiyanın yalnız simvolik deyil, həm də geosiyasi məzmun daşıdığını göstərir. Bakı ilə Daşkənd arasında möhkəmlənən tərəfdaşlıq artıq yalnız ikitərəfli münasibətlərin inkişafı ilə məhdudlaşmır, Cənubi Qafqazla Mərkəzi Asiyanı daha sıx əlaqələndirən, Xəzərin strateji əhəmiyyətini artıran və Türk dünyasının inteqrasiya perspektivlərini genişləndirən yeni regional reallığın əsas dayaqlarından birinə çevrilir.
Elman BABAYEV,
Əməkdar jurnalist

