Rusiya Federasiyasının Kamçatka vilayətində yerləşən Tolbaçik vulkanı ərazisində əlverişsiz hava şəraiti və güclü yağışların yolu yuması səbəbindən 149 nəfərlik turist qrupu köməksiz vəziyyətdə qalıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə regional hökumətin mətbuat xidməti rəsmi məlumat yayıb. Məlumata görə, marşrut üzrə hərəkət edən 117 turist, o cümlədən 15 yeniyetmə helikopterlər vasitəsilə təhlükəsiz zonaya təxliyə edilir. Qalan 32 nəfərin isə xüsusi texnika ilə ərazidə qalan sürücülər olduğu bildirilir. Bölgə hakimiyyətindən verillən son açıqlamaya əsasən, turistlərin ilk qrupu artıq hava nəqliyyatı ilə təhlükəsiz yerə çatdırılıb, növbəti qrup isə helikopterə minməyə hazırlaşır.
Aviasiya ilə təxliyə olunduqdan sonra turistlər xüsusi avtobuslarla Petropavlovsk-Kamçatski şəhərinə gətiriləcəklər.
Qeyd edək ki, Tolbaçik vulkanına səyahət zamanı fəlakətlə üz-üzə qalan müxtəlif ölkə vətəndaşlarının arasında Azərbaycan Respublikasının vətəndaşı Tatyana Dolivets də var. Vəziyyətlə bağlı Azərbaycanın Rusiyadakı Səfirliyi və Yekaterinburqdakı Baş Konsulluğu dərhal hərəkətə keçərək yerli aidiyyəti qurumlarla əlaqə saxlayıb və təxliyə prosesini nəzarətdə saxlayır.

