26 Avqust – Laçın Şəhəri Günü

26 Avqust – Laçın Şəhəri Günü

1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinin adı Laçın olaraq dəyişdirilib və şəhər statusu verilib. 1930-cu ildə Laçın rayonu inzibati ərazi vahidi kimi yaradılıb və rayonun mərkəzi Laçın şəhəri olub. Ümumi sahəsi 1835 kvadratkilometr olan rayon şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 125 kənd yerləşir. Laçın 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.
Strateji əhəmiyyətli Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayon əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun sosial, iqtisadi və mədəni infrastrukturu ciddi dağıntılara məruz qalıb. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, yüzlərlə ticarət, rabitə, idarə və digər müəssisə talan və məhv edilib, çoxsaylı tarixi abidələr vandalizmə məruz qalıb.
Laçının işğalı Azərbaycan üçün həm humanitar, həm də strateji baxımdan ağır nəticələr doğurub. Həmin dövrdə ölkədəki siyasi böhran və hakimiyyət uğrunda mübarizə dövlətin müdafiə imkanlarına mənfi təsir göstərib. Laçının işğalı nəticəsində Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaranıb və bu, Azərbaycanın sonrakı itkiləri baxımından ciddi strateji nəticələr doğurub.
İşğal dövründə Ermənistan tərəfindən Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, təbii sərvətlərin qanunsuz istismarı və əhalinin demoqrafik tərkibinə təsir göstərməyə yönəlmiş məskunlaşdırma siyasəti həyata keçirilib.
2020-ci ildə Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər və imzalanmış üçtərəfli Bəyanat nəticəsində 1 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycana qaytarılıb. 26 avqust 2022-ci ildə isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçib. Laçının azad olunması uğrunda aparılan döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.
“Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun” – Prezident İlham Əliyev
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edilib və 26 avqust Laçın şəhəri günü kimi müəyyənləşdirilib. Bu tarix Laçının azad olunmasının və şəhərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin rəmzi əhəmiyyətini ifadə edir.
Laçın bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq siyasətinin mühüm ünvanlarından biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərdə müasir yaşayış infrastrukturu formalaşdırılır, sosial obyektlər, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri, istehsal və turizm obyektləri yaradılır.
Prezident İlham Əliyev Laçında həyata keçirilən quruculuq işlərini Qarabağ və Şərqi Zəngəzurun yeni inkişaf mərhələsinin göstəricisi kimi qiymətləndirərək bildirib ki, yaradılan müasir şəhər mühiti insanların rahat yaşaması və Laçının Azərbaycanın əldə etdiyi uğurlara uyğun müasir simasının formalaşması məqsədi daşıyır.
Laçının 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Plan 2025-ci il iyunun 13-də təsdiq edilib. Baş Plana əsasən şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, mədəniyyət və turizm obyektləri yaradılacaq. Şəhərin planlaşdırılmasında “15 dəqiqəlik şəhər” prinsipi də nəzərə alınıb.
Laçın rayonunun enerji potensialının inkişaf etdirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Ümumilikdə rayonda ümumi gücü 65,5 MVt, illik istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyasının fəaliyyət göstərməsi nəzərdə tutulur. Güləbird Su Elektrik Stansiyası 2021-ci ildə istifadəyə verilib. Sonrakı illərdə “Mişni”, “Alxaslı”, “Zabux”, “Qarıqışlaq”, “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyaları da istismara verilib.
2026-cı il iyulun 11-də Laçında “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” su elektrik stansiyalarının açılışı keçirilib. Hazırda rayonun 8–10 MVt-lıq elektrik tələbatı tamamilə yaşıl enerji hesabına qarşılanır, artıq istehsal olunan enerji isə ölkənin enerji sisteminə ötürülür. Yeni SES layihələrinin həyata keçirilməsi ilə Laçının gələcək elektrik tələbatının da yaşıl enerji hesabına təmin edilməsi nəzərdə tutulur.
Rayonun yol-nəqliyyat infrastrukturu da yenilənir. Uzunluğu 75,8 kilometr olan Kəlbəcər–Laçın avtomobil yolu mövcud yoldan 32,2 kilometr qısa olacaq. Yol üzərində 17 tunel və 23 körpünün inşası həyata keçirilir. Bu layihə Laçının nəqliyyat əlçatanlığının və regionlararası əlaqələrinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Laçın Beynəlxalq Hava Limanı isə 28 may 2025-ci ildə istifadəyə verilib. Qorçu kəndində, dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən hava limanı Azərbaycanın ən yüksəkdə yerləşən aeroportudur. Hava limanının istifadəyə verilməsi Laçının və bütövlükdə Qarabağın nəqliyyat imkanlarını genişləndirməklə yanaşı, regionun turizm potensialının inkişafına da əlavə imkanlar yaradır.
Laçında genişmiqyaslı yaşayış və sosial infrastruktur layihələri həyata keçirilir. Ümumilikdə rayonda 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, 138 mənzil və 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Şəhərdə yeni yaşayış məhəllələrinin salınması da davam etdirilir.
Təhsil infrastrukturu da yenilənir. Laçın rayon 2 nömrəli tam orta məktəbi 510 şagird yerlikdir, Zabux kənd tam orta məktəbi isə 176 şagird yerlikdir. Yeni yaşayış məhəllələri və sosial obyektlər əhalinin rahat yaşayışı üçün zəruri şəraitin yaradılmasına xidmət edir.
Turizm potensialının inkişafı da diqqət mərkəzindədir. 2025-ci ildə Zerti kəndində “Laçın” İstirahət Kompleksi istifadəyə verilib. Müasir hotel, kotteclər, tədbir və konfrans zalları ilə təchiz olunan kompleksdə 174 nəfər işlə təmin edilib və onların əhəmiyyətli hissəsini Laçın, Kəlbəcər və digər işğaldan azad edilmiş ərazilərin sakinləri təşkil edir.
Laçında sənaye və istehsal müəssisələrinin yaradılması da davam etdirilir. Mebel fabriki, prefabrik modul evlərin istehsalı müəssisəsi, xırdabuynuzlu heyvanların kəsimi məntəqəsi, ayaqqabı və tikiş fabrikləri fəaliyyət göstərir. Laçın Aqro-Sənaye Parkında mebel, balıqçılıq, yeyinti, yüngül sənaye və digər istiqamətlər üzrə ümumilikdə 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulur. Bu layihələr yeni iş yerlərinin yaradılmasına və yerli əhalinin məşğulluğunun artırılmasına imkan verir.
Rayonda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün də əlverişli imkanlar mövcuddur. Heyvandarlıq və arıçılıqla yanaşı, balıqçılığın inkişafına da diqqət yetirilir. 2023-cü ildə fəaliyyətə başlayan “Həkəri Balıq Təsərrüfatı” Qarabağ zonasında ilk nərəyetişdirmə təsərrüfatı kimi fəaliyyət göstərir və gələcəkdə istehsal gücünün artırılması planlaşdırılır.
2026-cı il iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməli qoyulub. Layihəyə əsasən ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi 90 milyon kubmetr olan su anbarının yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində təxminən 172 kilometr uzunluğunda magistral boru kəməri də inşa ediləcək.
“Həkəriçay” su anbarı və əlaqəli infrastruktur Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarının təqribən 700 min nəfər əhalisinin içməli su təminatına mühüm töhfə verəcək. Layihə çərçivəsində su elektrik stansiyalarının tikintisi də nəzərdə tutulur.
Laçınlıların doğma yurda qayıdışı 2023-cü il mayın 28-dən başlayıb. 31 ildən sonra Laçın sakinlərinin öz doğma şəhər və kəndlərinə qayıdışı üçün müasir yaşayış evləri və sosial infrastruktur yaradılıb. 2026-cı ilin iyulunadək Laçın şəhərinə 614 ailənin – 2264 nəfərin, Zabux kəndinə 217 ailənin – 823 nəfərin, Sus kəndinə 59 ailənin – 215 nəfərin, Bəylik kəndinə isə 89 ailənin – 363 nəfərin daimi məskunlaşması təmin edilib.
Zabux, Sus və Bəylik kəndlərində də geniş quruculuq işləri aparılıb. Yaşayış evləri ilə yanaşı, məktəb, uşaq bağçası, tibb məntəqəsi, inzibati və digər sosial obyektlər yaradılıb. Kəndlərdə enerji təminatında yaşıl enerji texnologiyalarından istifadə olunur.
Laçın şəhərinin mədəni əhəmiyyəti də son illərdə daha da artıb. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə Laçın 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilib və həmin ilin iyunun 3-də şəhərdə bununla bağlı rəsmi açılış mərasimi keçirilib.
Prezident İlham Əliyev işğaldan azad olunmuş Laçına mütəmadi səfərlər edərək burada həyata keçirilən layihələrin gedişi ilə tanış olub, müxtəlif obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak edib, sakinlərlə görüşüb.
Dövlətimizin başçısının Laçına səfərləri çərçivəsində Güləbird Su Elektrik Stansiyasının, “Mişni”, “Alxaslı”, “Zabux”, “Qarıqışlaq”, “Aşağı Malıbəyli” və “Mirik” SES-lərin, mebel, tikiş və ayaqqabı müəssisələrinin, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin, “Laçın” İstirahət Kompleksinin və digər obyektlərin açılışlarında iştirak edilib. Eyni zamanda Laçın Beynəlxalq Hava Limanı, Kəlbəcər–Laçın avtomobil yolu, “Həkəriçay” su anbarı və digər mühüm layihələrlə bağlı işlərin gedişi ilə tanışlıq keçirilib.
Laçın şəhəri bu gün Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq siyasətinin mühüm nümunələrindən biridir. Şəhərin və rayonun müasir infrastrukturunun yaradılması, iqtisadi potensialının inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması və sakinlərin mərhələli şəkildə doğma yurda qaytarılması Böyük Qayıdış prosesinin əsas istiqamətlərindəndir.
26 Avqust – Laçın Şəhəri Günü münasibətilə bütün Laçın sakinlərini və xalqımızı təbrik edir, Laçının bundan sonra da davamlı inkişaf edən, müasir və firavan şəhər kimi daha da gözəlləşməsini arzulayırıq.
Bir mətn şəkili ola bilər

56

61

Hələ rəy yoxdur

İlk şərh bildirən şəxs olun.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir