Kilosu 100 manata olan “At əti” – Bazara nə vaxt açıq şəkildə çıxarıla bilər?

Kilosu 100 manata olan “At əti” – Bazara nə vaxt açıq şəkildə çıxarıla bilər?

Qazaxıstan at ətinin ixracını beynəlxalq standartlar səviyyəsinə çıxarmağa hazırlaşır. Bu xəbər Azərbaycanda da maraqlı bir sual doğurur: belə bir məhsul ölkəmizin bazarına daxil olsa, onun qarşısında hansısa maneələr dayana bilərmi? At əti Azərbaycanda qadağan olunmuş məhsuldur, yoxsa bütün tələblərə cavab verdiyi halda açıq şəkildə satıla bilər?

Əslində məsələ təkcə qanunla bitmir. At ətinin insan sağlamlığı üçün hansı riskləri daşıdığı, onun təhlükəsizliyinə necə nəzarət edildiyi və istehlakçıya hansı formada təqdim olunacağı da diqqət tələb edir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) idxal tələbləri sistemində heyvan mənşəli məhsullar üçün baytarlıq və qida təhlükəsizliyi tələbləri mövcuddur. Ət məhsullarının tərkibində at əti aşkarlandığı halda laborator müayinədən sonra həmin məhsulun satışının və dövriyyəyə buraxılmasının qarşısı alınır və sahibkar inzibati məsuliyyətə cəlb edilir.

Amma burada bir nüans var: problem məhsulda at ətinin aşkarlanmasında deyil, məhsulun mal əti kimi təqdim edilməsi və təhlükəsizlik tələblərinə cavab verməməsindədir.

ARANTV.AZ  xəbər verir ki, qida eksperti Ağa Salamov Bizim.Media-ya bunu belə izah edir ki, insanlar AQTA-nın apardığı əməliyyatı çox vaxt yanlış anlayırlar:

“Əsas məsələ məhsulun necə təqdim edilməsi və təhlükəsizlik tələblərinə cavab verib-verməməsidir. Ətin mənşəyi məlum olmadığına və yarazsızlığına görə Agentlik onu dövriyyədən çıxarır. AQTA yaxşı bilir ki, Azərbaycanda at ferması yoxdur. Deməli at yetişdirən ferma yoxdursa, haqlı olaraq aşkarlanan ətin mənbəyini soruşur.

Minik, qoşqu və yarış üçün nəzərdə tutulmuş at əti istehlaka yararsızdır. Əgər at əti sertifikatlaşdırılıb, baytar  nəzarət olunubsa, ətlik kimi yetişdirilibsə yemək üçün yararlı hesab oluna bilər. Qazaxıstan beynəlxalq İSO sertifikatlarını ona görə alır ki, istehsal etdiyi atın yürüş üçün deyil, standartlara cavab verən ətlik olduğunu təqdim edə bilsin. Əgər məhsulun üzərində açıq şəkildə “at əti” göstərilibsə, mənşəyi məlumdursa, baytarlıq və qida təhlükəsizliyi tələblərinə cavab verirsə, hansı ölkə istəsə idxal edə bilər”.

A.Salamov diqqətə çatdırdı ki, at əti heç də ucuz məhsul deyil:

“Kim fikirləşir ki, at əti ucuz olacaq yanılır. Bu ətin kiloqramı 100 manatdır. At ətini alıb orqanizminə zərər verəcəyini düşünənlər isə bilməlidir ki, tam əksinə at əti faydalıdır. Bu ətdə də B12 vitamini, dəmir, zülallar və s. mövcuddur. Mütəmadi olaraq nəzarətdə olan, vaksin olunan, tam sağlam şəkildə kəsimi, doğranması həyata keçirilən at ətinin heç bir zərəri yoxdur. Sadəcə milli mətbəximizdə at əti ilə hazırlanan təamlar olmadığı üçün Azərbaycanda bu ət növü istehsal olunmur. Kimsə təsərrüfat qurub saxlasa, at ətini alan olmayacaq axı… Ona görə də bizdə bununla  məşğul olan yoxdur. Ümumiyyətlə, at ətinin istehlakı ölkədə birmənalı qarşılanmır”.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir