Qarabağ Universiteti ilə bağlı mühüm QƏRAR – Şuşa Bəyannaməsinin daha bir TƏCƏSSÜMÜ

Qarabağ Universiteti ilə bağlı mühüm QƏRAR – Şuşa Bəyannaməsinin daha bir TƏCƏSSÜMÜ

Türkiyə ilə Azərbaycan arasında elm və təhsil sahəsində əməkdaşlıq Qarabağda yeni mərhələyə keçir. Belə ki, Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə İstanbul Texniki Universitetinin (İTÜ) rektorluğuna bağlı akademik bölmələrin Azərbaycan Respublikasının Qarabağ Universitetinin nəzdində yaradılması qərara alınıb.

Müvafiq Prezident qərarı avqustun 27-də Türkiyənin Rəsmi Qəzetində dərc edilib. Bu barədə AK Partiyanın sədr müavini, partiyanın Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri professor Kürşad Zorlu məlumat yayıb. Zorlu AK Partiyada Türk dövlətləri ilə əlaqələr sahəsinə rəhbərlik edən sədr müavinidir. Yeni qərarla İstanbul Texniki Universitetinin elmi və akademik potensialının Qarabağa gətirilməsi, Azərbaycanla Türkiyə arasında elm və texnologiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, həmçinin Qarabağ üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması nəzərdə tutulur.

Razılaşma yalnız bakalavr təhsili ilə məhdudlaşmayacaq. Bakalavr, magistratura və doktorantura səviyyələrində birgə təhsil proqramlarının həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi, ortaq elmi-tədqiqat layihələri, ikili diplom proqramları və mühəndislik sahəsində birgə laboratoriya işlərinin aparılması planlaşdırılır. Əməkdaşlığın magistratura, doktorantura və doktoranturadan sonrakı səviyyələrə qədər genişləndirilməsi, bununla da Azərbaycan və Türkiyə arasında elm və texnologiya sahəsində əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması hədəflənir. Qarabağ Universitetində xüsusilə mühəndislik istiqamətində yeni akademik bölmələrin açılması gözlənilir. Kimya mühəndisliyi, Maşın mühəndisliyi, İnşaat mühəndisliyi və Elektrik-elektronika mühəndisliyi bölmələrinin açılması nəzərdə tutulur. Açılacaq akademik bölmələrlə bağlı təfərrüatlar növbəti mərhələdə müəyyənləşəcək. Kürşad Zorlu bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Türk dünyası vizyonu və Qarabağ Zəfərinə aparan yolda dünyaya nümunə olan Azərbaycan-Türkiyə güc birliyi bu gün bir çox sahədə konkret nəticələrə çevrilir.

Çin dilinin tədrisi çox mühüm əhəmiyyət daşıyır — İlqar Orucov

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Qarabağ Zəfərindən sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən reallaşdırılan Böyük Qayıdış Strategiyasına müvafiq olaraq dağıdılmış şəhər və kəndlərin yenidən tikilməsi, nəqliyyat qovşaqlarının inşası, ərazinin minalardan təmizlənməsi, elektrik, su, qaz xətlərinin çəkilməsi və “ağıllı” infrastrukturun qurulması uğurla həyata keçirilir. Regionun fiziki bərpası və infrastruktur baxımından yenidən qurulması ilə paralel şəkildə aparılan intellektual ekosistemin formalaşdırılması prosesi bu gün keyfiyyətcə yeni, transmilli mərhələyə qədəm qoyur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq qərarı ilə İstanbul Texniki Universitetinin (İTÜ) akademik bölmələrinin Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetinin nəzdində yaradılması barədə rəsmi qərarın qəbul edilməsi təkcə iki ölkə arasında elm və təhsil sahəsindəki tərəfdaşlığı deyil, həm də regionun qlobal geoiqtisadi xəritədəki mövqeyini yenidən formalaşdıran strateji addımdır. AK Partiya sədrinin müavini, professor Kürşad Zorlu tərəfindən ictimaiyyətə təqdim olunan və Türkiyənin Rəsmi Qəzetində dərc edilən bu qərar müasir ali təhsil idarəetməsində transmilli təhsil və elmi potensialın inteqrasiyası yanaşmalarının ən uğurlu tətbiq nümunələrindən biridir”.

Fəlsəfə doktoru qeyd edib ki, dünyanın ən köklü və nüfuzlu mühəndislik məktəblərindən biri olan İTÜ-nün kurikulum, metodologiya və insan kapitalı potensialının birbaşa Qarabağ Universitetinə transferi regionda institusional akademik bazanın sıfırdan deyil, birbaşa qlobal reytinqli standartlarla qurulmasını təmin edir. Layihənin bakalavriat səviyyəsi ilə məhdudlaşmayıb, magistratura, doktorantura və post-doktorantura mərhələlərini, eləcə də ikili diplom proqramlarını və ortaq elmi-tədqiqat layihələrini əhatə etməsi elmi fəaliyyətdə ardıcıllıq, varislik və davamlılıq prinsiplərini təmin edən sistemli akademik yanaşmanın bariz göstəricisidir.

Bu tərəfdaşlıq çərçivəsində ilkin mərhələdə açılması nəzərdə tutulan kimya, maşın, inşaat və elektrik-elektronika mühəndisliyi istiqamətləri regionun dördüncü sənaye inqilabının tələblərinə uyğun bərpası üçün vacib fundamental və strateji sütunları təşkil edir. İnşaat mühəndisliyi bölgənin urbanizasiya və “Ağıllı şəhər” layihələrini, elektrik-elektronika və maşın mühəndisliyi “Yaşıl enerji” zonası elan edilmiş Qarabağın alternativ enerji resurslarının inteqrasiyasını və avtomatlaşdırılmasını, kimya mühəndisliyi isə regionun zəngin təbii resurslarının yüksək əlavə dəyərli sənaye potensialına çevrilməsini elmi baxımdan əsaslandırmaqla regional müstəvidə elm-istehsalat-sənaye üçbucağının effektiv işləməsinə xidmət edir”.

İlqar Orucova görə, geosiyasi və “yumşaq güc” yanaşması baxımından bu qərar iki qardaş ölkə arasında imzalanmış tarixi Şuşa Bəyannaməsi ilə keyfiyyətcə ən yüksək nöqtəsinə çatan müttəfiqlik əlaqələrinin akademik və elmi-texnoloji müstəvidə rəsmiləşdirilməsidir: “Türk Dövlətləri Təşkilatının inteqrasiya prosesləri fonunda İTÜ kimi qlobal brendin Qarabağa gəlişi regionu gələcəkdə bütün Türk dünyasının elmi-texnoloji mərkəzlərindən birinə çevirməklə yanaşı, Qarabağın beynəlxalq hüquqi, rəmzi və akademik nüfuzunu və statusunu qlobal miqyasda daha da möhkəmləndirir.

Bu böyük layihənin gələcək fəaliyyət planında səmərəliliyin maksimuma çatdırılması üçün İTÜ-nün nəzdində fəaliyyət göstərən, Türkiyənin ən böyük və lider texnologiya inkişaf zonası (texnoparkı) və innovasiya mərkəzi olan “ARI Teknokent” təcrübəsinə əsaslanan startap ekosisteminin yaradılması, İstanbuldakı mərkəzi laboratoriyalar ile Qarabağdakı yeni infrastrukturun müasir simulyasiya və rəqəmsal inteqrasiya modeli ilə sinxronizasiya edilməsi təqdirəlayiq addımlar olardı. Eyni zamanda tədris dilinin və kurikulum modifikasiyalarının yerli sənayenin dağ-mədən və aqrar-sənaye spesifikasına uyğunlaşdırılması da prosesin effektivliyini artıracaqdır.

Birmənalı olaraq deyə bilərəm ki, verilən qərar sadəcə iki universitet arasında təhsil mübadiləsi deyil, Azərbaycanın elmi suverenliyinin və regional liderliyinin məhz Qarabağ platformasında qurulması strategiyasıdır. Əminəm ki, İTÜ-nün institusional təcrübəsi Qarabağ Universitetini qısa zamanda regionun ən rəqabətqabiliyyətli ali təhsil ocaqlarından birinə çevirəcək və bu addım dövlətin elmi-strateji uzaqgörənliyinin ən parlaq təzahürüdür”.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir