Belqradın “Ayasofya”sından eksklüziv kadrlar – REPORTAJ, FOTO/VİDEO

Belqradın “Ayasofya”sından eksklüziv kadrlar – REPORTAJ, FOTO/VİDEO

Səyahətlərim zamanı, əgər qarşıma çıxarsa, dini məbədlərə də baş çəkməyə çalışıram. Dini məkanlarda tam fərqli ab-hava olur. Sakitlik, huzur…Hansı dinə inanmağından asılı olmayaraq, insanlar üçün bütün dini məbədlər Allahın evi sayılır…

Əvvəlki reportajlarda Serbiyanın paytaxtı Belqradın bir-birindən fərqli tərəflərini göstərməyə çalışmışam.

https://musavat.com/news/40-defe-feth-edilen-seher-tarixle-muasirliyin-reqabetde-oldugu-belqraddan-ozel-reportaj-fotolar_1284303.html

https://musavat.com/news/bir-qalanin-sirri-emekdasimizin-belqradda-gordukleri-bu-reportajda-foto-video_1285705.html

https://musavat.com/news/belqradda-ictimai-neqliyyat-pulsuzdur-amma-sistem-saat-kimi-isleyir-ozel-reportaj-foto-video_1286096.html

Budəfəki reportajım isə öncədən haqqında oxuduğum və görməyi çox istədiyim Müqəddəs Sava Kilsəsi haqqındadır. Bu kilsəni özəl edən səbəb Balkan regionunda ən böyük və ümumiyyətlə dünyada ən böyük pravoslav kilsələrindən biri olmasıdır.

7a060ae8-436e-4829-99c2-b9dc88cfbb26.jpeg (322 KB)

Çöldə Belqradın səs-küyü olduğu halda, içəri daxil olan kimi hər şey sanki bir anda dayanır. Burada yalnız ayaq səsləri, pıçıltı ilə edilən dualar eşidilir. Günbəzdən süzülən işıq mozaikaların üzərinə düşdükcə məbədin daxilində tamam fərqli ab-hava yaranır. Bir neçə dəqiqə burada dayananda insan istər-istəməz səsini alçaldır, daha yavaş hərəkət etməyə başlayır. Məkan özü sakitlik tələb edir. Burada foto çəkmək istəyən insan belə bir neçə saniyəlik dayanıb ətrafa baxır. Çünki bəzi görüntüləri kamera ilə yadda saxlamaq mümkün olsa da, onların yaratdığı hissi fotoya köçürmək olmur. Mozaikaları, günbəzi çəkə bilərsiniz, divarları və sütunları lentə ala bilərsiniz, amma həmin səssizliyi, insanların pıçıltı ilə etdiyi duaları yalnız özünüz yaşaya bilərsiniz.

61f5906e-6b46-467a-88ab-c7a96bc44ce1.jpeg (260 KB)

Diqqətlə baxdıqda bina İstanbuldakı Ayasofyaya bənzəyir. Bu da təsadüfi deyil, çünki tikinti zamanı Ayasofya nümunə kimi istifadə olunub.

Kilsənin tikintisinə 1935-ci ildə başlanıb, lakin II dünya müharibəsi səbəbindən yarımçıq qalıb. Əsas tikinti işləri 2004-cü ilə qədər tamamlanıb və rəsmi açılış da həmin il olub.

Müqəddəs Sava Kilsəsinə girər-girməz insanı ən çox heyrətləndirən mozaikalardır. Bu unikal mozakialar Rusiya və Serbiyadan olan 70 rəssam tərəfindən yaradılıb. Divarlar və sütunlar olmaqla, ümumilikdə 15 min kvadrat metri əhatə edən mozaikanın yaradılması üçün təxminən 50 milyon plitədən istifadə olunub. Kilsə Müqəddəs Savaya həsr olunduğu üçün daxili dekorasiyada ümumxristian mövzuları ilə yanaşı, Serbiya müqəddəsləri və şəhidləri ilə bağlı səhnələr də yer alır.

2cbaa8b1-8086-4f7b-a6c3-12fdbf1f4fc4.jpeg (203 KB)

Müqəddəs Sava Kilsəsinə hər gün yüzlərlə ziyarətçi gəlir. Maraqlısı budur ki, kilsədə eyni anda tamamilə fərqli məqsədlərlə gələn insanlar olur. Bir küncdə kimsə başını aşağı əyib dua edir, digər tərəfdə turistlər heyranlıqla günbəzə baxır, kimi foto çəkir, kimi də telefonunu kənara qoyub sadəcə ətrafı seyr edir.

Onların məqsədləri fərqli olsa da, məkanın yaratdığı təsir demək olar ki, eynidir. Dua edən insan mənəvi rahatlıq axtarır, turist isə gördüyü gözəlliyin təsiri altında bir müddət susur. Bəlkə də dini məbədlərin ən maraqlı tərəfi elə budur: insanın hansı məqsədlə içəri daxil olmasından asılı olmayaraq, bir müddət sonra həmin məkanın sakitliyinin bir hissəsinə çevrilirsən.

Başa düşdüyüm dillər rusca və ingiliscədir, ona görə də bu iki ildə turistlərin nə dediyini anlaya bilirəm. Əksəriyyəti pıçıltı ilə eyni sözü deyir: “Çox gözəldir”. Həqiqətən çox gözəldir. Adam hər nöqtəyə saatlarla baxmaq istəyir. Hər necə olsa, insan gözəlliyi sevir.

Davamı növbəti reportajda…

291d2c17-f188-4fa8-96b1-419b3a4cff80.jpeg (198 KB)

Nigar Həsənli
Belqrad, Serbiya
Foto və videolar müəllifindir
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir