Əsas səbəb: Azərbaycan çox kiçik media bazarıdır.
Ölkə əhalisi, təxminən, 10,4 milyon nəfərdir. 2025-ci ilin sonunda internet istifadəçilərinin sayı 9,27 milyon, sosial media istifadəçi identifikatorlarının sayı isə 7,61 milyon idi.
10 milyonluq ölkədə böyük auditoriya toplamaq üçün çoxsayda media kanalına ehtiyac yoxdur. Bir neçə böyük “influencerin” auditoriyası belə nəzərəçarpacaq “reach” yarada bilir. Bu, ABŞ-da başqa cürdür. ABŞ-da 300 milyon+ əhali var. Bir “influencerin” 500 min izləyicisi çox böyük görünür, amma ölkə miqyasında nisbətən kiçikdir.
Azərbaycanda isə 500 min əhəmiyyətli media aktividir. Bu, influencer modelinin Azərbaycanda iqtisadi cəhətdən daha əlverişli olmasına səbəb olur.
2-ci səbəb: İnstagram Azərbaycanda çox güclü mövqeyə gəldi.
2025-ci ilin əvvəlində İnstagramın Azərbaycanda reklam alətlərinə əsaslanan potensial auditoriyası təxminən 4,1 milyon idi. Bu, ümumi əhalinin 39,5%-nə, 18+ əhalinin isə 51,4%-nə bərabər idi / “datareportal”.
2025-ci ilin sonunda bu göstərici təxminən 4,25 milyona yüksəldi. Bu çox mühüm rəqəmdir. Çünki “Instagram influencer” üçün hazır media infrastrukturu yaratdı. TV infrastrukturu üçün böyük məbləğdə xərclər vardısa, Instagram heç bir xərcsiz influenserə auditoriya, izlənmə, canlı yayım imkanı, reklam şəraiti, “engagement” verdi.
Bəs influencer niyə adi reklamdan daha güclü ola bildi? Burada artıq “social proof” mexanizmini işə düşür. Artıq müştəri reklamı TV-də “brend mənə deyir” formasında yox, “mənim izlədiyim insan bunu istifadə edir/tövsiyə edir” formasında görür.
3-cü səbəb: Azərbaycanda “tanımaq” faktoru xüsusilə əhəmiyyətlidir.
Influencerin əsas aktivlərindən biri “follower” sayı deyil, “parasocial familiarity”dir. Yəni auditoriyanın həmin insanı müəyyən qədər “tanıyırmış kimi” hiss etməsidir.
Məsələn, sən influenserin ailəsini, gündəlik həyatını, harada yemək yediyini, hansı məhsuldan istifadə etdiyini, fikirlərini eşidirsən.
Bu zaman influencer “advertising medium” olmaqdan çıxıb “trusted reference point” olur.
Əlbəttə, bu etibar avtomatik deyil. Azərbaycanda 2026-cı il MEDİA sorğusuna görə, respondentlərin 31,4%-i sosial şəbəkələri etibarlı informasiya mənbəyi kimi göstərib; televiziya isə 64,6%-lə daha yüksək etimada malikdir. Yəni “influencerlər TV-dən daha etibarlıdır” kimi sadə nəticə çıxarmaq düzgün olmaz.
4-cü səbəb: Ənənəvi reklam bazarının öz problemləri də influencerə fürsət yaratdı
Audiovizual Şura 2020-ci ildə Azərbaycan TV/radio reklam bazarını qiymətləndirərkən bazarın zəif olduğunu, auditoriya ölçümündə problemlər olduğunu, müxtəlif səviyyələrdə qiymət siyasəti arasında balanssızlıq və dumping kimi problemlərin mövcudluğunu qeyd edirdi.
Reklamverən TV reklamı neçə nəfər gördü, kim gördü, sonra nə etdi suallarına cavab tapa bilmir. Influencer kampaniyasında isə ən azından rəqəmsal mühitdə “views”, “reach”, “likes”, “comments”, “shares”, “clicks”, “promo codes”, “link clicks”, “conversions” və s. kimi siqnallar əldə etmək mümkündür.
Buna görə influencer marketinqi reklamverənə ölçüləbilənliyə daha yaxın model verdi.
5-ci səbəb: Daha bir mühüm səbəb: qiymət
Azərbaycan kimi kiçik bazarda TV kampaniyasının bütün prodakşn və media xərclərini ödəmək hər şirkət üçün səmərəli deyil. Influencer qiymətləri TV-lərə nisbətdə daha səmərəlidir.
Nəticə olaraq, Influencer marketinqinin Azərbaycanda güclənməsinin əsas səbəbi insanların birdən-birə blogerlərə inanmağa başlaması deyil; media istehlakının dəyişməsi ilə influencerlərin auditoriya, kontent və paylanmanı birləşdirən yeni media kanalına çevrilməsidir.

Fərhad Kərimli
Marketinq, CRM və PR ekspert

