Sentyabrın 15-i Azərbaycanda ənənəvi olaraq təhsil bayramı — Bilik Günü kimi qeyd edilir. Bu gündən etibarən respublika üzrə bütün orta məktəblərdə, ali və orta ixtisas təhsili müəssisələrində 2026/2027-ci tədris ilinə rəsmən start verilib. Yay tətilindən sonra doğma təhsil ocaqlarına üz tutan milyonlarla şagird və tələbə üçün növbəti bilik mərhələsi başlayır.
ARANTV.AZ xəbər verir ki, rəsmi statistik göstəricilərə əsasən, bu tədris ilində ölkə üzrə ümumilikdə 2,2 milyon nəfər təhsilalan cəlb olunub.
Xüsusilə məktəb həyatına ilk qədəmlərini qoyan azyaşlılar üçün bu gün müstəsna əhəmiyyət kəsb edir. Belə ki, yeni tədris ilində 130 mindən çox birincil ilk dəfə məktəb partası arxasında əyləşərək həyatlarının ilk dərs həyəcanını yaşayır. Eyni zamanda, gərgin imtahan marafonunu uğurla arxada qoyan 75 min gənc ali təhsilin bütün səviyyələrinə (bakalavr, magistratura və doktorantura) qəbul olaraq tələbə adını qazanmağın qürurunu hiss edir.
Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, tədris ilinin ilk günü təkcə təntənəli açılışlarla deyil, həm də xüsusi maarifləndirici mövzu ilə yaddaqalan olacaq. Ölkə üzrə bütün II–XI siniflərdə keçiriləcək ilk dərs “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr edilib. Dərslərdə şagirdlərə Azərbaycanın müasir şəhərsalma siyasəti, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri və tarixi memarlıq irsimiz haqqında ətraflı məlumatlar veriləcək.

