Sahibkar hesab edir ki, Londonda restoran biznesi qurmaq çətin olsa da, mümkündür. Bunun üçün isə bir neçə əsas amil vacibdir.
“Birinci növbədə hər şey komandadan asılıdır. İkinci məsələ maliyyədir, üçüncüsü isə təcrübə. İnsanlarla işləyən, insanlara xidmət göstərən biznes həmişə çətindir. Ona görə də bütün prosesləri sistemləşdirmək və sadələşdirmək lazımdır. İş tapmaq hər yerdə çətindir, yaxşı işçi tapmaq isə ondan da çətindir”, – deyə Bəxtiyar Sadıqlı vurğulayır.

“Nine Elms”dəki “Alma” restoranının 70 nəfərlik qapalı zalı, 60 nəfərlik terras hissəsi var. Burada təxminən 20 nəfər çalışır. Restoranın menyusu Azərbaycan mətbəxinə əsaslanmasa da, burada ölkəmizlə bağlı müəyyən elementlərə yer verilib. Qonaqlara “Azərçay” təqdim olunur. Bəxtiyar Sadıqlının sözlərinə görə, bu ənənə yalnız restoranda deyil, qrupun digər kafelərində də davam etdirilir.
“Bizdə çay “Azərçay”dır. Bütün müştərilərimizə Azərbaycan çayı təqdim edirik. Digər kafelərimizdə də belədir. Həftədə üç minə yaxın insan bizim kafe və restoranlarımıza gəlir, onların hamısı Azərbaycan çayını dadır”, – deyə o bildirir.

Restoranın bir guşəsində Azərbaycanla bağlı xüsusi məkan da yaradılıb. Burada Azərbaycan çayı, ölkəmizlə bağlı kitablar və mürəbbə kimi məhsullar yerləşdirilib.
Bəxtiyar Sadıqlı deyir ki, restorana azərbaycanlı qonaqlar da tez-tez gəlir. Xüsusilə “Nine Elms” bölgəsində yaşayan azərbaycanlı tələbələr arasında məkan maraqla qarşılanır. Özü Zaqatalada doğulan Bəxtiyar Sadıqlının atası Şəkidən, anası isə Zaqataladandır. Uzun illər xaricdə yaşamasına baxmayaraq, Azərbaycana bağlılığını qoruduğunu deyir.
“Azərbaycanlılar çox çalışqandır və böyük potensiala malikdirlər. Hara getsələr, nəsə yaratmağa, qurmağa və inkişaf etdirməyə qabiliyyətləri var”, – deyə sahibkar qeyd edir.

Onun gələcək planları arasında Londonda ayrıca Azərbaycan restoranı açmaq da var. Ancaq bu ideyaya xüsusi məsuliyyətlə yanaşdığını bildirir.
“İstəyirik ki, gələcəkdə Azərbaycan restoranı da açaq. Amma belə bir restoran ya çox yaxşı olmalıdır, ya da ümumiyyətlə olmamalıdır. Əgər bunu etsək, əlimizdən gələni edəcəyik ki, həqiqətən yüksək səviyyəli olsun”, – deyə Bəxtiyar Sadıqlı əlavə edir.
Müsahibəmizi isə Azərbaycan çayı ilə yekunlaşdırırıq. Bir anlıq da olsa, özümüzü Azərbaycanda hiss edirik. Arxa fonda isə Bəxtiyar bəyin xüsusi olaraq hazırladığı pleylistdən Azərbaycan musiqisi səslənir.














