Ölkədə 100 minə yaxın uşaq doğulmadan ölüb-kimdir müqəssir?

Ölkədə 100 minə yaxın uşaq doğulmadan ölüb-kimdir müqəssir?

Azərbaycanda abortların sayı kəskin artıb. Son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95,1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə 1 milyondan çox abortun qeydə alındığı Rusiyada 2025-ci ildə abort sayı 64% azalaraq 235 minə düşüb. Ötən il Gürcüstanda 11 800 abort qeydə alınıb ki, bu da 26% azalma deməkdir. Ermənistanda abort statistikası da 18,7 min təşkil edib və 23% geriləyib. Qardaş Türkiyə də Azərbaycanda olduğu kimi abort halları son 15 ildə artıb. Ötən il ölkədə 74 min abort həyata keçirilib və 2010-cu illə müqayisədə 80% yüksəlib. İran İslam Respublikası da abort trendinin artdığı ölkələr sırasındadır. İranda ötən il abort halları 61% artaraq 305,2 minə yüksəlib.

Bəs ölkədə 100 minə yaxın uşağın “qatili” kimlərdir?

Rusiyadakı bir sorğunun ilginc nəticəsi - Azərbaycanla düşmənçiliyə davam?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb. Sosioloqun fikrincə, abortların artmasının səbəblərindən biri cəmiyyətdə baş verən düşüncə və həyat tərzi transformasiyasıdır: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da insanların düşüncələrində və həyat tərzində ciddi transformasiyalar baş verir. Ənənəvi cəmiyyət əsasları zəifləyir, insanlar qlobal tendensiyalara daha çox inteqrasiya olunur. Qərbdə və Avropada müşahidə edilən sosial dəyişikliklər dolayısı ilə ənənəvi cəmiyyətlərə, o cümlədən Azərbaycana da təsir göstərir. Son dövrlərdə bu prosesdə əsas təsir vasitələrindən biri sosial şəbəkə platformalarıdır. İnfluenserlər və bloqerlər müxtəlif həyat modellərini təqdim edir, insanların həyat standartlarına və seçimlərinə təsir göstərirlər. Ənənəvi cəmiyyətlərdə yaşayan insanlar da öz həyatlarını sosial şəbəkələrdə gördükləri modellərlə müqayisə edirlər. Nəticədə daha komfortlu, daha rahat və fərdi azadlıqların ön planda olduğu həyat tərzinə meyl artır.
Bu dəyişiklik ailə və uşaq məsələsinə münasibətdə də özünü göstərir. İnsanlar uşaq sahibi olmağın gətirdiyi məsuliyyətləri, onun saxlanması və gələcək tələbatlarının qarşılanması imkanlarını daha çox düşünürlər. Nəticədə daha azuşaqlı ailə modeli genişlənir. Hətta Avropa ölkələrində “childfree” – uşaqsız həyat modeli də yayılır və bu tendensiya qlobal informasiya məkanı vasitəsilə digər cəmiyyətlərə də təsir edir”.

Üzeyir Şəfiyev hesab edir ki, yüksək abort göstəriciləri demoqrafik baxımdan ciddi məsələdir və bu istiqamətdə dövlət tərəfindən motivasiyaedici mexanizmlər tətbiq edilməlidir: “95 mindən artıq abort faktının qeydə alınması da bu baxımdan ciddi demoqrafik məsələdir. Bununla bağlı motivasiyaedici demoqrafik təşviq alətlərindən istifadə edilməlidir. Məsələn, ABŞ-da doğulan uşaqlar üçün gələcəkdə təhsil məqsədilə istifadə oluna biləcək maliyyə mexanizmləri nəzərdə tutulur. Türkiyədə isə aztəminatlı gənclərin ailə qurmasına, mənzillə və məşğulluqla təmin olunmasına yönələn müxtəlif dəstək mexanizmləri tətbiq edilir.
Azərbaycanda da ailə qurmağı və uşaq sahibi olmağı təşviq edən sosial siyasət gücləndirilə bilər. Ailə dəyərlərinin sosial çarxlar vasitəsilə təbliği, gənclərin mənzil və məşğulluq imkanlarının genişləndirilməsi, uşaq qidası və digər zəruri ehtiyaclarla bağlı güzəştlərin tətbiqi, eləcə də uşaqlara görə sosial müavinətlərin bərpası bu istiqamətdə müəyyən təsir göstərə bilər. Çoxuşaqlı ailələr üçün sosial dəstək meyarlarının genişləndirilməsi də müzakirə oluna bilər.
Burada təhsil və mədəni səviyyənin də rolunu nəzərə almaq lazımdır. Ümumiyyətlə, təhsil və mədəni səviyyə yüksəldikcə ailələr daha az uşağa üstünlük verirlər. Çoxuşaqlı ailə modeli isə daha çox aqrar və ənənəvi cəmiyyətlər üçün xarakterik olub. Əvvəllər bunun iqtisadi və sosial səbəbləri də vardı. Məsələn, aqrar təsərrüfatda uşaqlar ailəyə əmək qüvvəsi kimi kömək edirdilər. Eyni zamanda səhiyyənin və tibbin əlçatan olmadığı dövrlərdə uşaq ölümünün yüksək olması ailələrin daha çox uşaq sahibi olmasına səbəb olurdu. Bütün bu amillər nəzərə alınaraq, uşaqların sayından asılı olaraq diferensial sosial müavinətlərin tətbiqi və ya uşaq pulunun bərpası məsələsinə baxmaq olar. Ümumilikdə ailəni təşviq edən sosial siyasətə ehtiyac var”.
Abort və onun nəticələri | Milli.Az

Ekspert dedi ki, bu tendensiya orta perspektivdə davam edərsə, həm əmək bazarı, həm də digər sosial sahələr üçün problemlər yarana bilər: “Məsələn, Hesablama Palatasının rəyində də qeyd olunub ki, birinci sinfə gedən şagirdlərin sayında azalma tendensiyası davam edərsə, 50 mindən çox müəllim ştatı ixtisara düşə bilər.
Ona görə də demoqrafik vəziyyətin diaqnostik qiymətləndirilməsi aparılmalıdır. Əgər mövcud azalma tendensiyası davamlı xarakter daşıyırsa, artıq demoqrafik təşviq alətlərinin tətbiqinə ehtiyac yaranacaq. Hazırda Azərbaycan Cənubi Qafqaz ölkələri arasında təbii artım göstəricisinə görə öndədir. Amma doğum sayında ardıcıl azalma müşahidə olunur. 2022-ci ildə 122 min yeni doğulan olduğu halda, 2023-cü ildə bu rəqəm 112 minə, 2024-cü ildə isə 95 minə düşüb. Bu, hələ kəskin böhran kimi qiymətləndirilməsə də, diqqət tələb edən tendensiyadır və bununla bağlı preventiv və profilaktik tədbirlər görülməlidir. Abort məsələsinə gəlincə, Azərbaycanda qanunvericilik qadının müəyyən müddət ərzində öz istəyi ilə abort etdirməsinə imkan verir. Bundan başqa, tibbi və sosial əsaslarla da aborta icazə verilir. Yəni hamiləliyin qadının sağlamlığı üçün təhlükə yaratması və ya müəyyən sosial çətinliklərin mövcudluğu kimi hallar nəzərə alınır. Lakin abort məsələsinə yalnız qadınmərkəzli yanaşmaqla kifayətlənmək olmaz. Qadının hüquqları qorunmaq şərtilə, məsələyə eyni zamanda uşaq və ölkənin demoqrafik gələcəyi baxımından da yanaşmaq lazımdır. Bunun üçün isə insanları çoxuşaqlı ailə planlaşdırmasına sövq edən real sosial və iqtisadi imkanlar yaradılmalıdır”.

Sosioloq abort qərarına ailə və cəmiyyətin təsiri məsələsinə də toxunub: “Ailə və cəmiyyətin təzyiqinə gəlincə, əvvəllər xüsusilə mühafizəkar və patriarxal ailələrdə belə hallara daha çox rast gəlinirdi. Bu gün isə ailə institutunda liberallaşma prosesi gedir və ənənəvi ailə modelinin funksionallığı əvvəlki səviyyədə deyil. Buna görə də böyüklərin təkidi ilə abort qərarının verilməsi kimi hallara, xüsusilə ucqar ərazilərdə belə nümunələr qalmaqda davam etsə də, əvvəlki qədər geniş rast gəlinmir”.

Xalidə Gəray
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir