Türkiyədə ət məhsullarının istehsalı ilə bağlı yeni standartlar qüvvəyə minib. Yeni standartlarla dönər, kolbasa və qiymənin tərkibinə dair tələblər sərtləşdirilib.
Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin bununla bağlı bildirişi dövlətin “Resmi Gazete” adlı bülleteninin yeni sayında dərc olunub. Yeni sənədlə dönər, sucuq, burger, qiymə, basdırma və qovurma da daxil olmaqla bir sıra məşhur məhsullarda dolduruculardan istifadə qadağan edilib. İstehsalçılar və müəssisələr üçün 31 mart 2027-ci ilədək keçid dövrü müəyyənləşdirilib.
Yeni qaydalara əsasən, dönər hazırlanmasında istifadə olunan ətin növündən asılı olaraq üç kateqoriyaya bölünür. Bütün kateqoriyalarda doğranmış qırmızı ət və qiymənin tərkibdəki payı normalaşdırılıb. Həmçinin yağ və duzun miqdarına məhdudiyyətlər tətbiq edilib. Dönərdə ümumi yağın payı 25 faizdən, duzun payı 2 faizdən çox ola bilməz, ətin tərkibində zülalın miqdarı isə ən azı 12 faiz olmalıdır.
Azərbaycanda bu sahədə vəziyyət necədir? Dönərin tərkibi ilə bağlı tez-tez şikayətlər olur, zəhərlənmələr baş verir. Analoji qərarı biz də verə bilərikmi?

Qida mütəxəssisi İlkin Şirinov mövzu ilə bağlı Musavat.com-a deyib ki, Türkiyədə müəyyənləşdirilən normalar, yəni dönər üçün doldurucular, onun tərkibində olan yağın faizi, duzun faizi kimi normativlər Azərbaycanda da var: “Azərbaycanda da dönərin tərkibi ilə bağlı eyni məsələlər tətbiq olunur. Amma problem ondadır ki, bunlar kağız üzərində qalır, yoxsa həqiqətən tətbiq olunur? Yəni bu gün Türkiyədə yeni tətbiq olunan qərar artıq bizdə var. Sadəcə bunun hansı formada öz əksini tapması və həmin tələblərin sahibkarlar tərəfindən hansı formada yerinə yetirilməsi məsələsi var. Mən inanıram ki, ölkə başçısının 2027–2032-ci illər üçün qida təhlükəsizliyi baxımından verdiyi fərman bu kimi sahələrdə də özünü göstərəcək. Qida təhlükəsizliyi baxımından yeni qərarlar qəbul olunub. Qida təhlükəsizliyinin tam formada həyata keçirilməsi üçün atılan addımlar bu sahədə də özünü göstərəcək. Çünki burada da məhsulların saxlanması, onların normalara uyğun daşınması, temperatur, çarpaz çirklənmə, sanitariya-gigiyenik normalara əməl olunması məsələləri var. Bu tələblər təbii ki, dönərə də, fast-fooda da, sucuka da və digər səyyar satışda olan qidalara da aid ediləcək.
Amma burada yenə deyirəm, bir “amma” var. Həqiqətən də müştəri, istehlakçı aldığı dönərin hansı ətdən olduğunu bilməlidir və bunu tələb etmək, bunu soruşmaq hər bir müştərinin, istehlakçının haqqıdır”.
![]()
Ekspert qeyd edib ki, dünya artıq şəffaf mətbəx sisteminə keçir. Şəffaf mətbəx sistemində həmin restoranda, kafedə, qəlyanaltıda əyləşən insanlar hansı qidaların hansı formada hazırlandığının özləri şahidi olurlar: “Orada yağın hansı yağdan istifadə olunduğunu, duzun nə qədər qatıldığını, ətin hansı ətdən olduğunu, ətin ümumi görünüşünü, rəngini görmək mümkündür. Əti vizual olaraq müəyyən etmək mümkündür. Əgər ətin yağı sarıdırsa, avtomatik burada hamı biləcək ki, bu, inək ətidir. Yox, ətin rəngində açıq çəhrayılıq varsa, yağın da rəngi lap ağdırsa, bu artıq camış ətinin olduğunu göstərir. Yəni bu kimi məsələlərdən başı çıxan müştərilər ətin, dönərin hansı ətdən hazırlandığını vizual olaraq görə bilirlər. Bu məsələnin bir tərəfidir. Digər bir tərəfdən də burada ola bilsin ki, qiymət məsələsi rol oynaya bilər. Çünki keyfiyyətli ətdən hazırlanan dönərin qiyməti də təbii ki, 2 manata satılmayacaq. 2 manata satılan dönər də, artıq istehlaka yararsız ət sayılır, ondan hazırlayırlar.
Bu baxımdan mən, məsələn, 2 manatı deyirəm, burada 2 manat 50 qəpik də ola bilər. Amma normal ətdən əgər biz dönər hazırlayırıqsa, normal ətdən hazırlanan dönərə də bu qədər ədviyyat vurulmur. Ədviyyat nə üçün ətə vurulur? Ədviyyat ona görə ətə, həmçinin qiyməyə vurulur ki, onun üzərində olan spesifik qoxunu öldürsün, ətdən gələn xüsusi dadı itirsin. Yəni buna normasından artıq ədviyyat, duz, istiot, digər dadlandırıcılar vurulur ki, ətdə olan həmin spesifik qoxunu, dadı əvəzləsinlər və müştəri bunu hiss etməsin. Amma ət normal ət olarsa, artıq buna bu qədər ədviyyat vurulmasına ehtiyac qalmır. Nəzərə alsaq, bizim evlərimizdə özümüzün alıb hazırladığımız, məsələn, bir kababı misal götürsək, biz kababa normasından artıq duz vurmuruq. Və yaxud hər hansısa bir ləvəngi hazırlayırıqsa, ev şəraitində buna normasından artıq duz vurmuruq. Normasında vururuq, hamının öz ağız dadına uyğun olaraq. Çünki ətdə bir problem yoxdur, ət təzədir. Təzə ətdə də, normal ətdə də ifrat dərəcədə duz, istiot vurmağa ehtiyac olmur. Dönərlə bağlı qaydalar onsuz da bizdə var. Sadəcə bu qaydaların hansı formada tətbiqinə nəzarət məsələsi var. Bu günlərdə həmin nəzarət mexanizmi işləyirmi? Bu gün 1 manat 50 qəpiyə satılan ət dönərinə nəzarət necədir? Bakının mərkəzində dəfələrlə cərimə yazılmağına baxmayaraq, bir dəfə at əti ilə bağlı kababxanada belə hal çıxmışdı. Yaxşı olar ki, nəzarət mexanizminin hansı səviyyədə işləməsinə baxılsın. Bəlkə Türkiyədə tətbiq olunan bu qaydalardan sonra bizimkilərdə də nə isə bir irəliləyiş, nəzarət mexanizminin işləməsi olsun”.
Afaq Mirayiq,
Musavat.com

