“Sentyabr ayı Azərbaycan xalqının və Azərbaycan dövlətinin müstəqillik dövründə çox vacib və tarixi əhəmiyyət kəsb edən, tariximizə qızıl hərflərlə yazılan hadisələrlə zəngindir”.
Bunu Musavat.com-a açıqlamasında politoloq Xəyal Bəşirov deyib.
Politoloq bildirib ki, Azərbaycanın müstəqilliyini yenicə bərpa etdiyi dövr ölkənin ən mürəkkəb tarixi mərhələlərindən biri olub. Onun sözlərinə görə, ötən əsrin doxsanıncı illərinin əvvəllərində ölkə daxilində hakimiyyət uğrunda mübarizə, qarşıdurma və qarışıqlıq hökm sürürdü. Bundan istifadə edən Ermənistan və ona dəstək verən qüvvələr Azərbaycanın ərazilərinin işğalı prosesini həyata keçirirdilər.

Xəyal Bəşirov qeyd edib ki, həmin dövrdə dövlət idarəçiliyində buraxılan səhvlər, ordunun lazımi səviyyədə təşkil olunmaması və digər amillər Birinci Qarabağ müharibəsində Azərbaycanın ciddi itkilərlə üzləşməsinə səbəb oldu:
“Çox təəssüflər olsun ki, həmin dönəmdə Birinci Qarabağ müharibəsində Azərbaycan dövlətini idarə edən şəxslərin səhlənkarlığı, səhvləri və bir sıra digər yanlışları üzündən Azərbaycan ordusu toparlanıb düşmənə zərbə vura bilmədi. Öz ərazilərimizi işğaldan qoruya bilmədik və ərazilərimizin böyük bir hissəsi işğal altına düşdü”.
Politoloqun sözlərinə görə, sonrakı mərhələdə Azərbaycanın qarşısında əsas vəzifələrdən biri güclü dövlət institutlarının formalaşdırılması və iqtisadi müstəqilliyin təmin edilməsi idi. O, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu istiqamətdə mühüm proseslərin başladığını bildirib.

Xəyal Bəşirov 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasını Azərbaycanın gələcək iqtisadi imkanlarının formalaşması baxımından mühüm hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, enerji resurslarının dünya bazarlarına çıxarılması ölkənin iqtisadi imkanlarını genişləndirdi, beynəlxalq mövqelərini möhkəmləndirdi və gələcəkdə müdafiə qabiliyyətinin artırılması üçün imkanlar yaratdı.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi layihələrin reallaşdırılması da Azərbaycanın regional və beynəlxalq əhəmiyyətini artıran proseslər sırasında olub.
“Azərbaycan bu dövrdə yalnız iqtisadi və hərbi imkanlarını gücləndirməklə kifayətlənməyib, eyni zamanda ərazi bütövlüyünün bərpası üçün beynəlxalq hüquqa əsaslanan diplomatik mübarizəni davam etdirib.
Azərbaycan BMT Nizamnaməsinə, Təhlükəsizlik Şurasının qətnamələrinə və digər beynəlxalq sənədlərə əsaslanaraq münaqişənin sülh yolu ilə həllinə nail olmağa çalışıb. ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar da uzun müddət bu prosesin əsas platformalarından biri olub.
İllərlə davam edən danışıqlar prosesi Azərbaycanın gözləntilərini doğrultmadı. Onun fikrincə, münaqişənin həlli əvəzinə onun dondurulmasına gətirib çıxaran yanaşmalar Azərbaycanı yeni reallıqlar yaratmağa vadar etdi.

Azərbaycan xalqında, Azərbaycan dövlətində böyük gözləntilər var idi. Ancaq çox təəssüflər olsun ki, biz bunun şahidi olmadıq. Əksinə, gördük ki, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri bütün imkanlardan istifadə edərək Azərbaycanın ərazi bütövlüyünün pozulması və ərazilərinin işğal altında saxlanması prosesini bir kənarda qoyaraq, münaqişənin dondurulmasına və həll olunmaz mərhələyə daxil olmasına çalışdılar”, – deyə politoloq bildirib.
Xəyal Bəşirov qeyd edib ki, nəticədə Azərbaycan cəmiyyətində danışıqlar yolu ilə ərazi bütövlüyünün bərpasına nail olunacağına dair gözləntilər tədricən tükənib.
Bu prosesin kulminasiya nöqtəsi isə Vətən müharibəsi oldu. Politoloqun sözlərinə görə, uzun illər ərzində davam edən işğala 2020-ci ildə hərbi yolla son qoyulması Azərbaycanın tarixində yeni mərhələ açdı.
“Düşmənin uzun illər ərzindəki təxribatlarına nəhayət ki, 2020-ci ildə Azərbaycan dövləti, Azərbaycan ordusu və Azərbaycan xalqı etiraz edərək “yox” dedi və əks-hücumla düşmənin təxribatlarına cavab verdi”, – deyə X. Bəşirov vurğulayıb.
Onun sözlərinə görə, 44 gün davam edən müharibə nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin böyük hissəsini azad etdi. Daha sonra imzalanan üçtərəfli bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi.
Lakin müharibədən sonra da Qarabağda yeni reallıqların tam formalaşması prosesi başa çatmamışdı. Politoloq bildirib ki, bölgənin bəzi ərazilərində qanunsuz silahlı birləşmələrin fəaliyyəti davam edir, Azərbaycan ərazilərinə silah və mina daşınması, müxtəlif təxribatların həyata keçirilməsi ilə bağlı problemlər qalırdı.
Xəyal Bəşirovun sözlərinə görə, Azərbaycan öz vətəndaşlarının, hərbçilərinin və polis əməkdaşlarının təhlükəsizliyinə qarşı yaranan təhdidləri uzun müddət qəbul edə bilməzdi.
Nəticədə 2023-cü ilin sentyabrında Azərbaycan antiterror tədbirlərinə başladı. Politoloq həmin əməliyyatın Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunması ilə nəticələndiyini bildirib.
“Antiterror tədbirlərində bir mülki vətəndaş hədəf alınmadı, bir mülki obyekt vurulmadı. Sadəcə oradakı silahlı birləşmələr hədəf alındı və o qədər dəqiq, o qədər operativ şəkildə həyata keçirildi ki, yenə də düşmən ağ bayraq qaldırmaq məcburiyyətində qaldı”, – deyə X. Bəşirov qeyd edib.
Politoloq hesab edir ki, 2023-cü ilin sentyabrında baş verən hadisələr Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, 2020-ci ildə ərazi bütövlüyünün bərpası istiqamətində əldə olunan nəticə 2023-cü ildə dövlət suverenliyinin bütün ölkə ərazisində təmin edilməsi ilə tamamlandı:

“Artıq Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini təmin edib. Mən düşünürəm ki, təkcə Azərbaycan dövlətinin və Azərbaycan xalqının deyil, bütövlükdə regionun və dünya hərb tarixinin yaddaşına yazılacaq bu addımlar çox dəqiq və ardıcıl şəkildə həyata keçirildi.
Bununla yanaşı, prosesin yalnız hərbi müstəvidə aparılmadı. Azərbaycanın uzun illər ərzində apardığı diplomatik və informasiya siyasəti də mühüm əhəmiyyət daşıyıb”.
Politoloq bildirib ki, Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda çıxışları və müsahibələri vasitəsilə Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın mövqeyi və regionda baş verən proseslərlə bağlı ölkənin mövqeyi beynəlxalq ictimaiyyətə çatdırılıb.
Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi həm danışıqlar masasında, həm beynəlxalq təşkilatlarda, həm də informasiya müstəvisində ardıcıl fəaliyyət göstərib.
“Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra Cənubi Qafqazda yeni siyasi reallıq yaranıb. Politoloq bildirib ki, bu gün regionda sülh məsələsi də məhz yaranmış yeni reallıqlar fonunda müzakirə olunur.

O, 19-20 sentyabr tarixlərinin Azərbaycan tarixində xüsusi yer tutduğunu vurğulayıb. Politoloqun sözlərinə görə, 2023-cü ilin sentyabrında baş verən hadisələr dövlət suverenliyinin tam təmin olunması baxımından mühüm mərhələdir.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 20 sentyabrın Azərbaycanda Dövlət Suverenliyi Günü kimi təsis edilməsi də bu hadisələrə verilən hüquqi və siyasi qiymətin göstəricisidir.
Bu baxımdan mən düşünürəm ki, bu tarixi proseslər Azərbaycan xalqının tarixində əbədi olaraq qalacaq”, – deyə politoloq əlavə edib.
Şahanə Rəhimli
Musavat.com

