Moskvaya həyata keçirilən kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumu paytaxtın aviasiya qovşağının fəaliyyətində ciddi axsamalara səbəb olub. Ümumilikdə 400-dən çox reys təxirə salınıb, müəyyən hissəsi ləğv edilib və ya ehtiyat aerodromlara yönləndirilib.
ARANTV.AZ xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Məhdudiyyətlər Vnukovo, Şeremetyevo, Domodedovo və Jukovski aeroportlarını əhatə etsə də, sonradan bütün hava limanlarında qadağalar aradan qaldırılıb.
Vnukovoda Çelyabinsk, İstanbul, Dalaman, Dubay, Daşkənd və Yekaterinburqdan gələn 10-dan çox təyyarə ehtiyat aerodromlara yönləndirilib.
Günün əvvəlindən orada 11 reys ləğv olunub, gediş üzrə 60, gəliş üzrə isə 69 reys ləngiyib.
Ən ciddi axsamalar Şeremetyevo hava limanında qeydə alınıb. Burada 247 reys (121 gəliş və 126 gediş) təxirə salınıb, 35-ə yaxın reys ləğv edilib. Təyyarələrin bir hissəsi isə Nijni Novqorod, Kazan, Çeboksarı və Sankt-Peterburq aeroportlarına yönəldilib.
Domodedovoda gəliş üzrə 27 reys ləngiyib, 1 reys ləğv olunub. Jukovskidə isə 2 reys ləğv edilib, gəliş üzrə 4, gediş üzrə isə 3 reys təxirə salınıb.
Məhdudiyyətlər səbəbindən Rusiyanın iri aviaşirkətləri də uçuş cədvəllərinə dəyişiklik edib. “Aeroflot” və “Pobeda” şirkətləri bir sıra reyslərin uçuş vaxtını dəyişib, bəzilərini ləğv edib və təyyarələri ehtiyat aeroportlara yönəldib. Məhdudiyyətlər götürüldükdən sonra hava limanları dəqiqləşdirilmiş cədvəl üzrə fəaliyyətini bərpa edib.
Qeyd edək ki, Moskvaya edilən bu hücum son dövrün ən böyük PUA hücumlarından biri kimi qiymətləndirilir. Rusiya rəsmiləri yüzlərlə Ukrayna dronunun vurulduğunu və Moskva Neft Emalı Zavodunun ərazisindəki obyektlərdən birinə ziyan dəydiyini bəyan ediblər.

