“Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıca tendensiyadır”. Bu barədə prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən bildirib.

Dövlət başçısı vurğulayıb ki, buna zərər vurmağa çalışan hər şey cəmiyyətimiz tərəfindən son dərəcə mənfi qarşılanır. Lakin bu, bütün işləri başa çatdırdığımız anlamına gəlmir, çünki ölkələrimizdə sabitliyi pozmaq cəhdləri davam etdiriləcək. İlham Əliyev həmçinin, xatırladıb ki, ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür: “Müharibələrin coğrafiyası genişlənir. Döyüşən tərəflər arasında qarşılıqlı düşmənçilik açıq xarakter alır. Bütün bunlar ölkələrimizin perimetri boyunca mövcud olan münaqişələrin coğrafiyasının genişlənməsinə səbəb ola bilər və prinsipcə, səbəb də olur. Hazırkı vəziyyətdə də, Azərbaycan haqqında danışsaq, həm şimalda, həm də cənubda qonşularımız müharibə aparan ölkələrdir”.
Prezident habelə vurğulayıb ki, ölkələrimizdə vəziyyət eyni deyil: “Lakin müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır. Həm metodlar, həm də məqsədlərinə nail olmaq cəhdləri kifayət qədər şablon xarakter daşıyır, deyərdim ki, primitivdir. Bir sözlə, bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır. Əlbəttə ki, onlar əsas səylərini hələ formalaşmamış, formalaşma mərhələsində olan və manipulyasiya etməyin daha asan olduğu gənc nəslə yönəldirlər. Məhz buna görə deyirəm, bilirəm ki, ölkələrimizin hər birində fəal gənclər siyasəti həyata keçirilir”.
İlham Əliyevin bu çıxışından az sonra DTX bir neçə ölkədə antiterror əməliyyatı keçirib, Azərbaycanda terakt planlaşdıran, nüfuzlu ictimai və din xadimlərini öldürmək istəyən dəstəni ələ keçirib.
Bəs prezident sabitliyi pozmaq istəyən qüvvələr dedikdə, xüsusən kimləri nəzərdə tutur? Ölkəmizə hansı təhlükələr var? Azərbaycanda xain, antimilli, satqın strukturlar dedikdə nədən söhbət gedir?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu Musavat.com-a bildirib ki, Azərbaycan cəmiyyəti siyasi baxımdan yetkin bir cəmiyyətdir. “Ona görə də uzun illərdir ən müxtəlif təxribatlara qarşı mübarizə aparır. Ancaq məsələ ondadır ki, Azərbaycanın güclü olmasını istəməyən çoxsaylı dairələr var. Bunların bir qismi Azərbaycandan kənarda mövcud olan təşkilatlanmış marginal qruplaşmalardır. Digər qismi isə onlarla bərabər sinxron fəaliyyət göstərən əslən azərbaycanlı olub, amma düşüncə və fəaliyyət etibarilə Azərbaycana qarşı düşmənçilik edənlərdir. Belə qüvvələr əlbəttə ki, bir radikal islam mərkəzləri ilə əlaqəlidir, bir qismi dolayı və birbaşa vasitələrlə erməni lobbiləri ilə əlaqədədir, başqa bir qismi isə müxtəlif güzəştlər müqabilində Qərbə sığınaraq oradan Azərbaycana qarşı iftira yağdıranlardır. Ona görə də bu cür qruplaşmalara qarşı mübarizə dünən də olub, bu gün də var, sabah da olacaq. Azərbaycan prezidenti də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik katibləri ilə görüşdə də bu məsələyə toxundu”, – deyə deputat vurğulayıb.
Deputat qeyd edib ki, biz böyük ölçüdə bütün təhlükələri arxada qoymuşuq: “Hər şeydən öncə bu, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunması ilə əlaqədardır. Amma yenə də əlbəttə ki, Azərbaycanın dinamik siyasi sisteminə sızaraq hər hansı kütləvi ixtisaslar yaratmağa cəhd edənlər ola bilər. İctimai institutlarımıza sızaraq orada Azərbaycana qarşı müəyyən təxribat aparanlar ola bilər. Ən nəhayət əlbəttə ki, biz sosial şəbəkələr üzərindən biz daha çox hiss edirik bu təzyiqi. Bütün bunlara qarşı Azərbaycan xalqı mübarizə aparamalıdır. Təhlükələrin minimuma enməsi üçün bütün lazımi addımlar atılmalıdır”.
Etibar Seyidağa,
Musavat.com

