Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir

Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir

Hazırda 48 şəhər və kənddə 90 mindən artıq insan yaşayır, işləyir, təhsil alır

2023-cü il sentyabrın 19-da  Qarabağda başladılan bir günlük lokal antiterror əməliyyatlarının uğurla başa çatması ilə Xankəndi , Xocalı, Xocavənd və Ağdərə şəhərləri erməni separatçılardan və Ermənistan ordusunun tör-töküntülərindən tamamilə təmizləndi.  Elə həmin il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Xankəndi , Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisə Azərbaycanın dövlət suverenliyinin bərqərar olmasının rəmzi hadisələrindən biri kimi yaddaşlara hopdu.

Sonrakı illərdə Xankəndidə sosial, təhsil, idman və digər infrastrukturların bərpasına xüsusi diqqət yetirildi. Qarabağ Universitetinin fəaliyyətə başlaması şəhərin gələcək inkişafında təhsilin və insan kapitalının rolunu daha da artırdı. Universitetin əsas binasının və tələbə yataqxanasının təmir edilməsi, yeni təhsil və tibb infrastrukturlarının yaradılması Xankəndidə yeni həyat mərhələsinin formalaşmasın təkan verdi. Eyni zamanda, 8 noyabr 2023-cü ildə Xankəndidə Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi paradın keçirilməsi də şəhərin Azərbaycanın dövlətçilik tarixindəki yeni mərhələsinin mühüm hadisələrindən birinə çevrildi.

Vəhşi və terrorçu erməni terrorçularınının  1992-ci ilin fevrılın 26-da Xocalıda  törətdikləri soyqırımı bu gün də xalqımızda onlara qarşı dərin nifrətlər oyadır. Məhz 2023-cü ilin sentyabrında Azərbaycanın dövlət suverenliyi Xocalı şəhərində də bərpa edildi.  2024-cü il mayın 28-dən etibarən keçmiş məcburi köçkünlərin Xocalıya qayıdışı başladı. Hazırda şəhərdə yaşayış binalarının, sosial obyektlərin və digər infrastrukturun bərpası Böyük Qayıdışın mühüm istiqamətlərindən birini təşkil edir. Xocalı Soyqırımı Memorialının təməlinin 2024-cü il fevralın 26-da qoyulması isə soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi baxımından mühüm hadisədir. Artıq Xocalı yalnız faciə ilə xatırlanan şəhər deyil, həm də dirçəlişin, yenidənqurmanın və insanların öz doğma yurdlarına qayıdışının ünvanıdır.

Xocavənd rayonu zəngin tarixi-mədəni irsi, qədim yaşayış məskənləri və təbii sərvətləri ilə Qarabağın mühüm bölgələrindən biridir. 2020-ci il Vətən müharibəsindən sonra Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir sıra kəndləri azad edilmiş, 2023-cü ilin sentyabrında isə rayonun şəhər mərkəzi də daxil olmaqla ərazidə Azərbaycanın dövlət suverenliyi tam bərpa edilmişdir. Buna görə 20 sentyabr Xocavənd Şəhəri Günü kimi müəyyən olunmuşdur.

Bu gün keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı Böyük Qayıdış siyasətinin əsas istiqamətlərindən biri kimi həyata keçirilir. Qeyd edək ki,  2026-cı il avqust ayının 17-nə qədər Xankəndi şəhərində 76, Kərkicahan qəsəbəsində 43 ailə  olmaqla cəmi 119 ailə, Xocalı şəhərində 144,  Ballıca kəndində 246,  Xanyurdu kəndində 140,  Təzəbinə kəndində 180,  Şuşakənd kəndində 116,  Badara kəndində 109,  Seyidbəyli kəndində 77,  Daşbulaq kəndində 44,  Xanabad kəndində 111 ailə olmaqla cəmi 1.167 ailə məskunlaşıb. Həmçinin  Xocavənd şəhərində 413,  Xocavənd kəndində 78,  Xanoba kəndində 39,  Qırmızı Bazar qəsəbəsində 213, Sos kəndində 85, Güneyxırman kəndində 39,  Quzeyxırman kəndində 39,  Hadrut qəsəbəsində 82 ailə  olmaqla cəmi 988 ailə, Ağdərə rayonunun  Talış kəndində 20,  Həsənriz kəndində 292,  Suqovuşan kəndində 180,  Kolatağ kəndində 36,  Vəngli kəndində 151,  Heyvalı kəndində 46,  Çapar kəndində 40,  Aşağı Oratağ kəndində 111,  Çıldıran kəndində 41 ailə  olmaqla cəmi 917 ailə məskunlaşıb. Ümumilikdə tarixi Zəfərimizdən bu günədək doğma yurd-yuvalarına qayıdan  keçmiş məcburi köçkünlərin, həmçinin Böyük Qayıdış ünvanlarının sayı bu torpaqlarda geniş miqyas alan bərpa-quruculuq işlərinin göstəricisidir. Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Hazırda 48 şəhər və kənddə 90 mindən artıq insan yaşayır, işləyir, təhsil alır.  Təbii ki, bu, son rəqəm  deyil. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin qayıdışı mərhələ-mərhələ davam edir.

Elçin Zaman, «İki sahil»

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir