Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair dövlət proqramı”na həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın iqtisadi inkişafında yeni prioritetlərin müəyyənləşdirildiyini göstərir. Ölkə rəhbəri xüsusilə dağ-mədən və metallurgiya sənayesinin inkişafını qeyri-neft sektorunun genişləndirilməsi, regionların iqtisadi potensialının artırılması və yeni məşğulluq imkanlarının yaradılması baxımından mühüm istiqamət kimi təqdim edib.
Bu baxımdan qəbul edilən Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair dövlət proqramı xüsusi əhəmiyyət daşıyır. Cəmi dörd il ərzində icrası nəzərdə tutulan proqram çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılması, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun artırılması, dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması və güclü ixrac potensialının formalaşdırılması gözlənilir. Dövlət başçısının vurğuladığı kimi, layihələrin ölkəyə illik maliyyə təsiri 1 milyard manatdan çox ola bilər.
Prezident regionların inkişafı ilə bağlı əvvəlki dövlət proqramlarının nəticələrinə də diqqət çəkib. Son 20 ildə ölkənin bölgələrində yollar, məktəblər, xəstəxanalar, dəmir yolları və hava limanları daxil olmaqla genişmiqyaslı infrastruktur qurulub. Bir vaxtlar enerji idxal edən Azərbaycan bu gün qazlaşma səviyyəsini 96 faizə çatdırıb, 25 milyard kubmetrdən çox qaz ixrac edir və enerji təhlükəsizliyini təmin edən ölkədən beynəlxalq enerji tərəfdaşına çevrilib.
İlham Əliyev iqtisadi göstəricilərdən danışarkən ÜDM-də 1,2 faizlik artımın əsasən neft hasilatının azalması ilə bağlı olduğunu, bununla yanaşı, qeyri-neft sektorunda son səkkiz ayda 5,4 faizlik artım qeydə alındığını bildirib. Bu rəqəmlər iqtisadi artımın qeyri-neft istiqamətində sürətləndirilməsinin əsas prioritetlərdən biri olduğunu göstərir. Dövlət başçısının çıxışında Azərbaycanın dağ-mədən potensialından uzun illər tam istifadə edilməməsinin səbəbləri də diqqət mərkəzində olub. İşğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda təbii sərvətlərin talan edilməsi, yataqların istismarının mümkünsüz hala gətirilməsi bu sahənin inkişafına ciddi maneələr yaradıb. Hazırda isə azad edilmiş ərazilərdə yeni mərhələ başlayır. Kəlbəcər, Ağdərə və Zəngilanda qızıl, mis və molibden yataqlarının müasir üsullarla tədqiqi və istismara hazırlanması nəzərdə tutulur.
Prezidentin mühüm mesajlarından biri də xammalın sadəcə xaricə satılmaması, Azərbaycanda tam istehsal zəncirinin yaradılması ilə bağlı olub. Yeni yataqlar aşkarlandığı halda zənginləşdirmə və emal müəssisələrinin qurulması, beləliklə, daha yüksək əlavə dəyərin ölkə daxilində formalaşdırılması qarşıya məqsəd qoyulur. Bu baxımdan Balakəndəki “Filizçay” polimetal yatağı xüsusi əhəmiyyət daşıyır. “AzerGold”un yatağın istismara hazırlanması ilə bağlı işləri sürətləndirməsi, texniki-iqtisadi əsaslandırmanın hazırlanması və investisiya qərarının qəbul edilməsi nəzərdə tutulur. Prezident bu prosesdə dövlətin aparıcı rolunun qorunmasını, sonrakı mərhələdə isə xarici investorların cəlb edilməsini mümkün sayıb.
Digər mühüm istiqamət isə Qərb Sənaye Parkının yaradılmasıdır. Daşkəsən filiz yataqları və ətraf layihələr əsasında burada hasilat, zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalının qurulması planlaşdırılır. Bununla yanaşı, dövlət başçısı ekoloji tələblərin ciddi şəkildə qorunmasını xüsusi vurğulayıb. Alüminium istehsalının da 2030-cu ilin sonuna qədər 100 min tona çatdırılması hədəfi qarşıya qoyulub.
Beləliklə, Prezidentin çıxışında əsas xətt aydındır: Azərbaycan iqtisadiyyatının növbəti mərhələsində məqsəd yalnız yeni yataqları istismar etmək deyil, təbii sərvətləri ölkə daxilində emal edən, əlavə dəyər yaradan, ixracı və məşğulluğu artıran bütöv sənaye zənciri formalaşdırmaqdır.
Cavanşir Abbaslı
Musavat.com

