“Müasir texnologiyaların və yeni imkanların terrorçuluğun fəaliyyət dairəsinin genişləndirilməsi üçün istifadə olunması ciddi narahatlıq doğurur”.
Bu fikirlər Prezident İlham Əliyevin IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində qeyd olunub.
“Rəqəmsal imkanlardan, o cümlədən süni intellektin bədniyyətli istifadəsi radikal ideyaların yayılmasına, terrorçu şəbəkələrin maliyyə mənbələrinin genişlənməsinə və yeni tərəfdarların cəlb edilməsinətəkan verərək terrorçuluğa qarşı mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır. Bu şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalmalıdır”, – deyə dövlət başçısı qeyd edib.
Sahə mütəxəssisi ilə mövzuya davam. Hazırda belə təhlükələrə qarşı Azərbaycan dövlətinin “immuniteti” nə dərəcədə etibarlıdır, bundan sonra nələrə və hansı sahələrə xüsusi diqqət edilməlidir və s. Ayrıca bir qurumun yaradılmasına gərək varmı?
Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, süni intellekt, rəqəmsallaşma bəşəriyyət üçün ən böyük töhfələrdən biridir, lakin təəssüf ki, informasiya mühitində mənfi tendensiyalar da müşahidə olunur:
“Sosial şəbəkələrdə terrorçuluğun və insanlığa zidd ideyaların təbliği, cəlbedici reklamlarla aldatma geniş yayılıb. Bu məsələdə hər bir ölkə öz mübarizə mexanizmini ortaya qoyur. Cənab Prezidentin müraciətində bu problemin ağırlığı bütün açıqlığı ilə şərh edildi. Bu məsələdə milli sərhədlər daxilində rəqəmsallığın fəsadlarından qorunmaq mümkün olmayacaq. Birgə mübarizə, əməkdaşlıq olduqca zəruridir. Həm təhlükəsizlik orqanları, həm də informasiya texnologiyaları ilə məşğul olan strukturların əməkdaşlığı, təcrübə mübadiləsi aparması olduqca vacibdir. Azərbaycan bu sahədə müəyyən təcrübəyə malikdir. Kibertəhlükəsizlik istiqamətində xüsusi agentlik fəaliyyət göstərir. Eyni zamanda hüquq-mühafizə orqanlarının tərkibində bu istiqamətdə işləyən strukturlar mövcuddur. Bu məsələdə insanların hüquqları tam qorunur. Cinayətkarlar püxtələşsə də, dövlət də mübarizə üsullarını daim təkmilləşdirir. Vətəndaşların sayıqlıq göstərməsi də önəmlidir”.
Nigar Həsənli
Musavat.com

