Ölkədə neçə təhsil naziri dəyişib, bəs DİM sədrini 22 ildir əvəzolunmaz edən nədir?
Azərbaycanda varlının da, kasıbın da balası test üsulunun hesabına ali təhsil müəssisələrinə qəbul olunur. Mərhum eks-prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə qəbul edilən və Türkiyə təcrübəsindən götürülən test sistemi sonrakı illərdə də ləğv olunmadı.
Test və demokratiya
Məşhur deyim var – demokratiya ideal quruluş deyil, amma ondan yaxşısı da yoxdur. Test üsulu barəsində də eyni fikirləri söyləmək olar. Bu gün hətta 150 bal toplayaraq tələbə adını qazanmaq mümkündürsə, deməli, test sistemi ideal sayılmaz, amma ondan daha yaxşı alternativ də hələ ki yoxdur.
Artıq ötən həftədən yeni tədris ili başlayıb və tələbə adını qazananlar universitet auditoriyalarına ilk qədəmlərini qoyub. Və bu, 1992-ci ildən belə davam edir. Lakin təxminən 1994-cü ildən imtahanların “naziri” Məleykə Abbaszadədir.
O, əvvəllər adı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, indi Dövlət İmtahan Mərkəzi olan qurumun İdarə Heyətinin sədridir. Azərbaycanda bu illər ərzində neçə təhsil naziri dəyişib, amma Məleykə Abbaszadə “imtahan naziri” olaraq dəyişməyib. Bunun səbəbini dövlət daha yaxşı bilir. Belə görünür ki, Məleykə xanım ömrünün sonuna qədər bu vəzifədə qala bilər. Bu da hər məmura nəsib olmur – kimisi vəzifəsini itirib, kimisi həbs olunub…
Bəs hər dəfə imtahan balları, təhsil sistemi, abituriyentlərin və dərsliklərin səviyyəsi haqda çıxışlarını eşitməyə vərdiş etdiyimiz Məleykə Abbaszadəni nə dərəcədə tanıyırıq?
O zaman, gəlin, “Yeni Müsavat”ın “Persona” rubrikasında DİM sədrini bir də belə tanıyaq…

4 il gecikən əmr
Məleykə Mehdi qızı Abbaszadə 1953-cü ildə Bakı şəhərində dünyaya gəlib. Atası dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı Mehdi Mustafayevdir. Məleykə xanım 1970-ci ildə Bakı şəhərində orta məktəbi bitirib M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılmış hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub. 1975-ci ildə universiteti bitirib və Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant vəzifəsinə təyin edilib. 1975-1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N.N.Moiseyevin şöbəsində tədqiqatçı-stajor işləyib, 1977-1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyası V. M. Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1987-1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatika tədrisi metodikası şöbəsinin müdiri vəzifəsində, 1989-cu ildən M. Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan “İstedad” assosiasiyası sədrinin birinci müavini seçilərək 1994-cü ilin avqust ayına qədər bu vəzifədə işləyib.
1994-cü ilin avqustunda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini təyin edilib. 1995-ci ilin yanvar-iyun aylarında və 1996-cı ilin iyun ayından 2000-ci ilin oktyabrınadək sədr vəzifəsini müvəqqəti icra edib. Nəhayət, 2000-ci ilin oktyabrında TQDK-nın sədri vəzifəsinə təyin olunub. Yəni bu vəzifəyə təsdiq olunmasını 4 il gözləməli olub. 2016-cı ildə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının, 23 iyul 2024-cü ildə isə İdarə Heyətinin sədri təyin edilib. 2013-cü ildə “Şöhrət”, 2023-cü ildə isə “Şərəf” ordeni alıb.
Ər ABŞ-də, bir qızı Danimarkada, digəri isə…
Abbaszadənin iki övladı, dörd nəvəsi var. O, Xalq yazıçısı, məşhur “General” romanının müəllifi Hüseyn Abbaszadənin gəlinidir. Məleykə Abbaszadə yazıçının oğlu İlqar Abbaszadə ilə evli olub. Onlar Moskvada birgə təhsil alıblar. İlqar Abbaszadə biologiya elmləri namizədidir, hazırda ABŞ-də yaşayır, pedaqoji fəaliyyətlə məşğuldur. Onların birgə nikahdan iki qız övladı dünyaya gəlib. Böyük qızları Nigar Abbaszadə Azərbaycan Turizm Universitetində və Azərbaycan Müəllimlər İnstitutunda prorektor vəzifəsində çalışıb, 2020-ci il iyulun 18-də ürək tutmasından vəfat edib.
Digər qızı Nərgiz Abbaszadə hələ 16 yaşında Xəzər Universitetində təhsil alarkən təhsil ocağının kanalında ingiliscə yayımlanan xəbər proqramında müxbir kimi fəaliyyət göstərib. Sonra hüquq təhsili almaq üçün ABŞ-yə gedib. Burada hüquq təhsili almaqla yanaşı model kimi çalışıb. Universitetdə təhsilini başa vurduqdan sonra Rusiya və ABŞ-də vəkillik edib. Azərbaycanca, danimarkca, ingiliscə və rusca danışa bilən Nərgiz Birk-Petersen müğənni Eldar Qasımov və aparıcı Leyla Əliyeva ilə birlikdə Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olub.
Nərgiz Birk-Petersen öz həyat yoldaşı Ulrik və iki övladı ilə Kopenhagen şəhərində yaşayır, Danimarka vətəndaşıdır. Onu da deyək ki, Məleykə Abbaszadə ilə İlqar Abbaszadə ayrılıb. Sonuncu ABŞ-də ailə həyatı qurub, qızı Lina, oğlu Mikayıl da elə ikinci nikahdandır. Onun həyat yoldaşı Oksana Abbaszadə məşhur “Paul Mitchell” kosmetika şirkətində kurslar keçib, hazırda özəl biznesi var.
2012-ci ildə isə mətbuat xəbər yaymışdı ki, Məleykə Abbaszadə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş direktoru Adil Baxşəliyevlə ailə həyatı qurub. Lakin o zaman TQDK mətbuat xidməti yayılan informasiyanı təkzib etmişdi. Bundan sonra onun ikinci dəfə ailə qurması haqda heç bir məlumat olmayıb. Fakt budur ki, Məleykə xanım İlqarla ayrılsa da, onun soyadını daşıyır. Yəni DİM sədri postunda olduğu kimi, şəxsi həyatında da kifayət qədər prinsipial bir qadındır, övladlarının üzərində də ciddi intizam qurub.
Qalmaqallar, cinayətlər, “süd məsələsi”
Yeri gəlmişkən, M.Abbaszadə vəzifədə olduğu bu müddət ərzində qalmaqallarla da gündəmə gəlib. Xüsusən də ekspertlər məktəb proqramlarının tələbləri ilə qəbul imtahanları arasında yaranan fərqləri həmişə qabardıblar. Mərkəz sədri isə “özünü “təhsil eksperti” adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir”, – onları ittiham edib.
Bundan əlavə, DİM rəhbəri qadınları sağmal inəklə müqayisə etməsi ilə müzakirələrə səbəb olmuşdu. Belə ki, o, ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələri ilə bağlı keçirilən tədbirdə jurnalistin replikasını cavablandırıb. Bildirib ki, bəzi dövlət sifarişli ixtisaslara kim gəlirsə, dövlət öz hesabına mütəxəssis olmaq üçün onlara pul xərcləməyə hazırdır. Bu, kənd təsərrüfatına aid ixtisaslar, o cümlədən baytarlıq ixtisasıdır.
Bu zaman zalda əyləşənlərdən biri “O balla inəyi öldürəcəklər?” – deyə bildirib. Abbaszadə isə cavab verib: “Adamı öldürməsin, heç olmasa. İnəyin taleyi elədir ki, gec-tez onu öldürəcəklər. Bəlkə də sağılan inəyin taleyi öldürüləndən daha ağırdır. Gündə sağılmaq ondan ağırdır. Qadınlar məni başa düşdü…”
Məleykə xanımın adı hallanan bəzi cinayət işləri də olub. Onun adından sui-istifadə edən dələduzların vətəndaşları aldatması, pul alması kimi faktlar qeydə alınıb və həbs olunublar. Onlardan biri Xəyal Abdıyevdir. Özünü Məleykə Abbaszadənin xalası oğlu kimi təqdim edib və bir neçə nəfərə qarşı dələduzluğa yol verib.
DİM sədri isə deyib ki, heç bir qohumu həbs olunmayıb: “Hər halda, onun yalan danışması sübut olunub ki, məhkəmə ona cəza təyin edib. Təəssüf ki, qohumlarımın çoxu ölüb”.
Həmçinin onun keçmiş mətbuat katibi Elnur Nağızadə dələduzluq hərəkətlərinə görə axtarışdadır, amma ölkədən qaçıb.
Məleykə xanımın azadlıq sevdası
Ümumiyyətlə, Məleykə xanım az danışır. O, tez-tez müsahibə verməyi xoşlamaz. Əgər çıxış edirsə, təbii ki, öz sahəsinə aid sualları cavablandırır. Lakin Abbaszadənin tələbəlik illəri ilə bağlı xatirələri maraqlıdır. Deyir ki, məktəbdə ən yaxşı şagirdlərdən biri olmağa öyrəşmişdi, Moskvada isə ətrafında ciddi seçimlərdən keçmiş gənclər var idi: “İlk düşüncələrimdən biri belə idi: birdən burada ən güclülərdən biri mən olmasam? Birdən hər şey əvvəlki kimi əla alınmasa? Bunun üzərinə tamamilə yeni həyat şəraiti də əlavə olunurdu. Yataqxana, tanımadığım şəhər, məişət qayğıları, pulumu və vaxtımı bölüşdürmək, evdə demək olar ki, hiss etmədiyim ən adi işləri özümün görmək məcburiyyəti və s. Ailəm və dostlarım üçün də darıxırdım. Eyni zamanda ilk gündən bizə çoxlu kitab, məqalə və material oxumaq tapşırılırdı. Artıq heç kim dərslərimi edib-etmədiyimi yoxlamırdı, heç kim nə vaxt oturub çalışmağın vaxtı olduğunu xatırlatmırdı. O zaman öyrəndiyim vacib həqiqətlərdən biri bu idi: azadlıq məsuliyyətdən ayrılmazdır”.
Bəli, DİM sədri də azadlıqla məsuliyyətin çulğalaşdığını düşünür. Elə məqaləmizin əvvəlində dediklərimizi təsdiqləyir – demokratiyadan və test üsulundan hələ ki yaxşısı yoxdur. Bəs Məleykə xanımdan sonra daha yaxşı “imtahan naziri” olacaqmı…
Emil SALAMOĞLU,
“Yeni Müsavat”ın redaktoru

