“Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər Azərbaycanın təbii sərvətlərinə münasibətin dəyişməsi, keçmişdə itirilmiş iqtisadi imkanların müəyyənləşdirilməsi və yeraltı sərvətlərin müasir dövlət siyasətinin resursuna çevrilməsi baxımından mühüm strateji önəm daşıyır”.
Bu fikirləri Musavat.com-da Azərbaycan parlamentinin üzvü Elçin Mirzəbəyli səsləndirib.
O bildirib ki, işğalın nəticələrindən danışarkən adətən dağıdılmış şəhərlər, kəndlər, yollar, məktəblər, tarixi abidələr, məcburi köçkünlük və digər sosial-humanitar nəticələr ön plana çıxır: “Halbuki Prezidentin çıxışında diqqət çəkilən məsələ işğalın daha az görünən, lakin uzunmüddətli iqtisadi nəticələrindən birini-təbii kapitalın itirilməsini gündəmə gətirir. Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondunun məhv edilməsi, kəsilməsi və talan edilməsi barədə səsləndirilən fikir məhz bu kontekstdə qiymətləndirilməlidir. Bu rəqəm Prezidentin əvvəlki çıxışlarında da işlədilib və hazırkı müşavirədə yenidən həmin resurs itkisini dağ-mədən sənayesinin inkişafı məsələsi ilə eyni müstəvidə gündəmə gətirib. Burada məsələ yalnız meşələrin məhv edilməsindən ibarət deyil. Meşə torpağın qorunmasında, su ehtiyatlarının tənzimlənməsində, dağ ekosistemlərinin sabitliyində və biomüxtəlifliyin saxlanılmasında mühüm rol oynayır. Deməli, meşə fondunun məhvi gələcək nəsillərin istifadə edə biləcəyi təbii kapitalın azalması deməkdir. Meşənin məhv edilməsi ilə qızıl, mis və molibden yataqlarının talan edilməsi eyni problemin müxtəlif formaları kimi təqdim olunur. Birincidə təbii sərvət fiziki olaraq məhv edilir, ikincidə isə iqtisadi dəyərə çevrilərək ərazinin qanuni sahibinin iqtisadi sistemindən kənarda istifadə olunur”.

Deputatın fikrincə, çıxışdakı ən diqqətçəkən fikirlərdən biri də “perspektivli qızıl, mis, molibden yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir” tezisidir: “Bu fikir ilk baxışda sadəcə geoloji vəziyyət haqqında məlumat təsiri bağışlaya bilər. Əslində isə onun iqtisadi və strateji məzmunu daha böyükdür. Bu, çıxışın ən mühüm iqtisadi mesajlarından biridir. Çünki yerin altında qalan sərvət bu gün müstəqil Azərbaycanın öz geoloji imkanları, texnologiyaları, investisiya potensialı və sənaye siyasəti əsasında qiymətləndirə biləcəyi gələcək iqtisadi resursdur. Bu baxımdan işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası yalnız dağıdılmış şəhərlərin yenidən qurulması ilə tamamlanmır. Ərazinin real iqtisadi potensialının üzə çıxarılması da bu prosesin tərkib hissəsidir”.
E.Mirzəbəyli daha bir vacib məqamı da önə çəkdi: “Prezidentin sovet dövrü ilə bağlı səsləndirdiyi fikir də ayrıca diqqət tələb edir. Çıxışda qeyd edilir ki, sovet dövründə müəyyən geoloji kəşfiyyat işləri aparılsa da, Azərbaycanın dağ-mədən potensialı həmin dövrün iqtisadi prioritetləri baxımından lazımi səviyyədə inkişaf etdirilməyib, əsas diqqət neft sənayesinə yönəlib. Burada sovet geoloji irsinə sadəcə keçmişdən qalmış məlumatlar toplusu kimi yanaşmaq kifayət deyil. Sovet dövründə müəyyən edilmiş yataq haqqında məlumatın mövcudluğu həmin yatağın bugünkü iqtisadi dəyərinin dəqiq müəyyənləşdirilməsi demək deyil. Geoloji məlumatın köhnəlməsi, yeni texnologiyaların meydana çıxması, filizin emalı imkanlarının dəyişməsi və dünya bazarında metalların iqtisadi əhəmiyyətinin artması əvvəlki qiymətləndirmələrin yenilənməsini zəruri edir.
Prezidentin “o vaxt heç kim bu texnologiyalar haqqında fikirləşə də bilməzdi” fikrinin əhəmiyyəti də məhz bundadır. Bu, əslində, köhnə geoloji xəritədən yeni iqtisadi xəritəyə keçid məsələsidir.
Dörd onillik əvvəl iqtisadi baxımdan rentabelli olmayan yataq bu gün yeni hasilat və emal texnologiyaları hesabına əhəmiyyətli layihəyə çevrilə bilər. Əksinə, əvvəlki dövr üçün perspektivli görünən yatağın müasir iqtisadi və ekoloji tələblər baxımından cəlbediciliyi aşağı ola bilər. Deməli, yeni geoloji kəşfiyyat sadəcə yeni yataqlar axtarmaq deyil. Bu, mövcud milli resurs bazasının yenidən inventarlaşdırılmasıdır. Prezidentin “Bunun, əlbəttə ki, bu tərəfi müsbətdir. Çünki bu ehtiyatlar bu gün yerin altındadır” fikri ayrıca fəlsəfi və iqtisadi məna daşıyır.
Burada söhbət çox mühüm bir fərqdən gedir. Resursun mövcudluğu ilə resursdan istifadə arasında zaman fərqi var. Keçmişdə texnologiyanın, kapitalın, idarəetmə imkanlarının və siyasi şəraitin məhdudluğu səbəbindən istifadə edilməyən yataq bu gün ölkənin qarşısında yeni seçim imkanları yaradır. Əslində, burada gecikmiş inkişaf müəyyən mənada gecikmiş imkana çevrilir. Azərbaycan həmin ehtiyatları indi daha müasir texnologiyalarla, daha dəqiq geoloji məlumatlarla, daha yüksək ekoloji standartlarla və daha geniş sənaye imkanları ilə qiymətləndirə bilər. Bu, xüsusilə qızıl, mis və molibden kimi metalların qlobal sənaye sistemində əhəmiyyətinin artdığı bir vaxtda diqqətəlayiqdir”.
Parlament təmsilçisi fikirlərinə bu cür yekun vurdu: “Müşavirədə səslənən fikirlərin ən mühüm nəticələrindən biri də budur ki, mineral sərvətlərin mövcudluğu özü-özlüyündə iqtisadi üstünlük yaratmır. Azərbaycanın məqsədi yalnız yataqları istismara verməkdən ibarət deyil. 2026-cı il 1 aprel tarixli Prezident Sərəncamında da məqsəd açıq şəkildə “xammaldan son məhsula qədər dəyər zənciri”nin inkişaf etdirilməsi və yüksək əlavə dəyər yaradan metal emalının genişləndirilməsi kimi müəyyənləşdirilib. Bu, Prezidentin çıxışındakı fikirlərin iqtisadi məntiqini tamamlayır. Əgər qızıl, mis, molibden və digər filizlər yalnız çıxarılaraq xammal şəklində satılırsa, ölkənin əldə etdiyi iqtisadi gəlir məhdudlaşır. Əgər həmin filiz ölkə daxilində zənginləşdirilir, emal edilir və daha yüksək mərhələdə sənaye məhsuluna çevrilirsə, onun yaratdığı əlavə dəyər də artır. Bu səbəbdən dağ-mədən sənayesinin inkişafını yalnız “mədənçilik” kimi qəbul etmək düzgün deyil. Əslində söhbət yeni sənaye zəncirinin qurulmasından gedir. Prezidentin xüsusilə Kəlbəcər, Ağdərə və Zəngilanı qeyd etməsi də təsadüfi deyil. Burada artıq söhbət abstrakt mineral potensialdan yox, konkret ərazilərdə konkret yataqların iqtisadi dövriyyəyə qaytarılmasından gedir. Çıxışda Ağdərədə işlərin başladığı, yaxın gələcəkdə Kəlbəcər və Zəngilanda da işlərin başlanmasının gözlənildiyi bildirilir. Bu faktın daha geniş mənası var. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qurulan yeni iqtisadi model yalnız kənd təsərrüfatı, turizm və yaşayış məskənlərinin bərpası ilə məhdudlaşmır. Mineral resurslar da həmin ərazilərin iqtisadi strukturunun bir hissəsinə çevrilir. Dağ-mədən layihəsi ətrafında yol, enerji, logistika, rabitə, xidmət, kadr hazırlığı və digər infrastrukturların yaranması regionun iqtisadi fəallığını artıra bilər. Dövlət Proqramının dağ-mədən sektorunun logistika, yerli podratçılar, təchizatçı şirkətlər, kadr hazırlığı və regional məşğulluqla əlaqəsini ayrıca nəzərdə tutması bunun institusional ifadəsidir. İşğaldan azad edilmiş ərazilərin təbii sərvətləri məsələsi keçmişin ağrılı səhifəsi ilə gələcəyin iqtisadi strategiyasını birləşdirən mövzuya çevrilir. Torpağın üzərində şəhərlər, kəndlər və həyat yenidən qurulur; torpağın altında isə Azərbaycanın yeni sənaye imkanları yenidən kəşf edilir. Məhz bu iki prosesin paralel getməsi işğaldan azad edilmiş ərazilərin bərpasını yalnız fiziki yenidənqurma deyil, həm də iqtisadi və resurs suverenliyinin bərpası prosesinə çevirir”.
Cavanşir Abbaslı
Musavat.com

