Qarabağda böyük TƏLİM başladı – 3 türk dövləti…

Qarabağda böyük TƏLİM başladı – 3 türk dövləti…

Sentyabrın 22-də Qarabağda Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Birliyin Gücü – 2026″ birgə hərbi təliminin açılış mərasimi keçirilib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, Xocavənd rayonunda yerləşən “Qızılqaya” Təlim Mərkəzində keçirilən tədbirin rəsmi hissəsində Azərbaycan, Türkiyə və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edənlər bu cür təlimlərin ölkələrimizin orduları arasında əməkdaşlığın genişləndirilməsi, bölmələrin praktiki vərdişlərinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi, şəxsi heyət arasında dostluq əlaqələrinin gücləndirilməsi və tapşırıqların birgə icrası zamanı qarşılıqlı uzlaşmanın təmin edilməsi baxımından vacibliyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar. Sonra təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.

Bu, Qarabağda 3 türk dövlətinin ilk birgə təlimidir.

Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a qeyd edib ki, azad olunan ərazilərdə birgə hərbi təlimlər Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirməklə yanaşı, müttəfiqlərimizin gücünü, sədaqətini göstərməkdir. Onun sözlərinə görə, Azərbaycan Türkiyə və Özbəkistanla müttəfiq ölkələrdir, növbəti qardaşlıq təlimləri bu dəfə Qarabağda davam etdirilir: “Nəzərə alaq ki, keçmiş münaqişəni həllinə baxmayaraq, Ermənistanda revanşist meyllər müşahidə olunur və güclənir. Bu qüvvələr hələ də inanırlar ki, Qarabağa yenidən işğalçı kimi sahiblənə bilərlər. Halbuki bunun üçün şərait yoxdur. Amma erməni xisləti real düşünməyə imkan vermir. Azərbaycan isə öz siyasətində təmkinli və ardıcıldır. Biz həm də müttəfiqlərlə Qarabağda keçirdiyimiz təlimlərlə ermənilərə göstərmək istəyirik ki, onlar yenə xam xəyallara qapılmasınlar”.

Ramil Məmmədli hesab edir ki, təlimlərin digər əsas obyektiv səbəblərindən biri isə təcrübənin artırılmasıdır: “Çox maraqlıdır ki, Türkiyə NATO ölkəsi, Azərbaycan və Özbəkistan isə heç bir hərbi blokun üzvü olmasa da, türk dövlətlərinin birgə təlimlərinin keçirilməsində hər hansı əngəl yoxdur. Buna kənar güclər və region dövlətləri də qarışa bilməz. Odur ki, birgə təlimlərin Qarabağda keçirilməsi həm siyasi mahiyyət daşıyır, həm də təcrübə toplanması baxımdan təəccüb doğurmayan növbəti addımdır”.

Azərbaycan Ordusunun postmünaqişə dövründə daha da gücləndiyini, peşəkarlaşdığını deyən hərbi analitikin fikrincə, ümumiyyətlə, təlimlər çoxtərəflidir: “Azərbaycan ordusu Çin, İran, Rusiya ilə dənizlərdə hərbi təlimlər keçirib, türkdilli ölkələrlə, həmçinin Qətər, Səudiyyə Ərəbistanı və digər ərəb dövlətlər ilə təlimlərə qoşulub, Türkiyə və Gürcüstanla da ayrıca təlimlərdə iştirak edib. Bu mənada, məsələyə birtərəfli baxmağın tərəfdarı deyiləm”.

Emil Salamoğlu
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir