Azərbaycanda süni mayalanma sığorta hesabına həyata keçirilə bilər. Bu barədə modern.az-a açıqlamasınsa Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva deyib.
Millət vəkili hesab edir ki, bahalı süni mayalanma proseduru müəyyən məhdudiyyətlər daxilində icbari tibbi sığorta hesabına qarşılana bilər:
“Süni mayalanma proseduru bir və ya iki dəfə icra olunmaq şərtilə icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilə bilər. İlkin mərhələdə bu xidmət müştərək maliyyələşdirmə mexanizmi ilə də tətbiq oluna bilər. Təbii ki, burada icbari tibbi sığortanın mövcud resurs və imkanları nəzərə alınmalıdır. Belə bir mexanizmin tətbiqi sonsuzluğun müayinə və müalicəsini daha çox ailə üçün əlçatan edə bilər”.
Bəs süni mayalanmanın icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsinə ehtiyac varmı?
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Musavat.com-a danışıb. Professor reproduktiv sağlamlıqla bağlı məsələlərin dövlət səviyyəsində nəzarətdə saxlanılmasının vacib olduğunu bildirib:
“Əslində, söhbət yalnız süni mayalanmadan getməməlidir. Reproduktiv sağlamlıqla bağlı bütün məsələlər dövlətin müəyyən strukturlarının nəzarətində olmalıdır. Təbii ki, bu nəzarət anonimlik prinsipi əsasında həyata keçirilməlidir. Çünki söhbət xəstə sirrindən və pasiyentin hüquqlarının qorunmasından gedir. Bu məlumatların ictimailəşdirilməsi yolverilməzdir. Lakin prosesin dövlət səviyyəsində statistik və institusional nəzarətdə saxlanılması vacibdir. Çünki bu, eyni zamanda ölkədə demoqrafik vəziyyətin, əhalinin artım dinamikasının və digər mühüm göstəricilərin izlənilməsi baxımından əhəmiyyətlidir.
Digər tərəfdən, süni mayalanma dünyanın hər yerində kifayət qədər bahalı tibbi prosedur hesab olunur. Nəzərə almaq lazımdır ki, reproduktiv sağlamlıq sahəsində zaman-zaman yeni problemlər də ortaya çıxır. Məsələn, autoimmun mənşəli yumurtalıqların vaxtından əvvəl qocalması və bununla bağlı digər problemlər meydana çıxa bilər. Belə halların araşdırılması, diaqnostikası və müalicəsi özü müəyyən maliyyə vəsaiti tələb edir.
Süni mayalanma elə bir prosedurdur ki, burada ilk növbədə tibbi baxımdan real nəticə əldə etmək imkanları qiymətləndirilməlidir. Yəni pasiyentlərə bu üsul tətbiq olunarkən konkret tibbi göstərişlər və real uğur ehtimalı nəzərə alınmalıdır.
Bundan başqa, süni mayalanmanın müxtəlif mexanizmləri mövcuddur. Burada ata və ananın bioloji olaraq prosesdə iştirak etmək imkanının olub-olmaması, hansı hallarda hansı üsulun tətbiq ediləcəyi və digər məsələlər müəyyən edilir. Bunların hamısı tibbi və hüquqi baxımdan tənzimlənən məsələlərdir və konkret vəziyyətə uyğun olaraq valideynlərlə razılaşdırılır”.
Adil Qeybulla süni mayalanmanın icbari tibbi sığorta paketinə daxil edilməsi məsələsində isə mövcud maliyyə imkanlarının nəzərə alınmasının vacibliyini vurğulayıb:
“Süni mayalanmanın icbari tibbi sığorta paketinə daxil edilməsi məsələsinə gəldikdə isə burada daha geniş yanaşmaya ehtiyac var. Çünki icbari tibbi sığorta sisteminə bütün tibbi xidmətləri eyni vaxtda daxil etmək mümkün deyil. Əsas məsələ bu məqsədlə ayrılan maliyyə vəsaitinin real imkanları və mövcud ehtiyacları nə dərəcədə qarşılaya bilməsidir.
Bu baxımdan, ilk növbədə insan həyatı üçün daha ciddi təhlükə yaradan və təxirəsalınmaz müdaxilə tələb edən xəstəliklər və tibbi xidmətlər diqqətdə saxlanılmalıdır. Ürək-damar xəstəlikləri, həyati əhəmiyyət daşıyan əməliyyatlar, təxirəsalınmaz tibbi yardım, doğuş və digər bu kimi xidmətlər icbari tibbi sığorta sistemində prioritet istiqamətlər olmalıdır. Daha sonra isə imkanlar nəzərə alınmaqla digər tibbi xidmətlərin mərhələli şəkildə sığorta paketinə daxil edilməsi mümkündür”.
Adil Qeybulla bildirib ki, hazırda onkoloji xəstəliklərlə bağlı tibbi ehtiyacların tam şəkildə qarşılanması da ciddi maliyyə tələb edir:
“Bu gün hətta onkoloji xəstəliklərlə bağlı bütün tibbi ehtiyacları tam şəkildə qarşılamaq imkanımız məhduddur. Halbuki onkoloji xəstəliklərin müalicəsi kifayət qədər böyük maliyyə vəsaiti tələb edir. Eyni zamanda, vərəm xəstəliyi ilə bağlı problemlər də mövcuddur. Dünyada vərəmin dərmanlara davamlı, rezistent formalarının yayılması ciddi problemlər yaradır.
Ona görə də bu məsələlərlə bağlı müxtəlif təkliflərin irəli sürülməsi mümkündür. Lakin hər bir təklifin real imkanlar və mövcud vəziyyət nəzərə alınmaqla qiymətləndirilməsi vacibdir. Yəni hər hansı tibbi xidmətin icbari tibbi sığorta paketinə daxil edilməsi barədə qərar verməkdən əvvəl həmin xidmətin maliyyələşdirilməsinin nə dərəcədə mümkün olduğu, sistemin buna hazır olub-olmaması və digər prioritet ehtiyacların hansı səviyyədə qarşılandığı nəzərə alınmalıdır.
Milli Məclisin digər bir üzvü də çıxış edərək Gəncədə icbari tibbi sığorta çərçivəsində ürək-damar xəstəlikləri üzrə xidmətlər göstərən şöbədə real problemlərin olduğunu bildirib və bununla bağlı konkret faktları ortaya qoyub. Mən həmin fikirlərlə razıyam, çünki səhiyyə sistemində həqiqətən də həllini gözləyən problemlər var.
Ona görə də düşünürəm ki, ilk növbədə mövcud problemlərin həlli istiqamətində konkret addımlar atılmalıdır. Bundan sonra isə yeni tibbi xidmətlərin icbari tibbi sığorta paketinə daxil edilməsi ilə bağlı təkliflərə baxmaq daha məqsədəuyğun olar. Çünki hər hansı təklifi irəli sürmək asandır, əsas məsələ isə həmin təklifin real şəkildə həyata keçirilməsinin mümkün olub-olmamasıdır”.
Xalidə Gəray
Musavat.com

