Tarixin gedişatını kökündən dəyişən, bir xalqın taleyini öz qanı ilə yenidən yazan, əsrlər boyu silinməyəcək izlər qoyan və milli şüurun təşəkkülündə müstəsna rol oynayan elə müqəddəs, elə ağrılı anlar var ki, onlar zamanın və fəzanın fövqündə duraraq xalqların əbədi qürur və göynərti mənbəyinə çevrilir. 27 sentyabr 2020-ci il Azərbaycan xalqının müasir tarixində məhz həmin dönüş nöqtəsi, milli mənliyin, tapdanmış ədalətin, tapdanmış qürurun və sarsılmaz iradənin dirçəliş günüdür. Otuz ilə yaxın bir müddətdə köksümüzdə daşıdığımız işğal acısı, torpaq həsrəti, soydaşlarımızın məcburi köçkünlük taleyi və qəlbimizi göynədən nisgil həmin gün başlayan müqəddəs haqq savaşı ilə yerini möhtəşəm bir qürura, Zəfər inamına və sarsılmaz milli birliyə verdi. Hər qarış torpağı şəhid qanı ilə suvarılmış, hər daşı bir dastan olan Vətənin azadlığı və suverenliyi uğrunda atılan o ilk addım – bu gün ölkəmizin hər bir guşəsində, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının qəlbində dərin minnətdarlıq, sonsuz ehtiram və yanğılı bir qubarla Anım Günü kimi qeyd edilir.
Anım Günü təqvimin adi bir səhifəsi, sadəcə hüznlü bir xatırlama, təqvimdə qeyd olunan rəsmi bir mərasim və ya adi bir anım tədbiri değildir. Bu gün – torpağın altında əbədi yuxuya gedən, lakin ruhları göylərdə xalqımızın gələcəyinə, müstəqilliyinə və dinc səmasına keçik çəkən minlərlə cəsur, mərd, fədakar övladımızın əbədiyyətə ucaldıqları müqəddəs andır. Bu gün – sinəmizdə qanayan o böyük dağın, hər bir evin ocağına düşən o sönməz odun, göz yaşımızın içində boğulan nisgilin və eyni zamanda milli iradənin, fədakarlığın, dövlət-xalq birliyinin əbədiləşdiyi zirvədir. Hər bir şəhidin ömür yolu bizə nümayiş etdirir ki, Vətən təkcə üzərində yaşadığımız coğrafiya deyil, uğrunda can verilməyə layiq olan mənəvi müqəddəslikdir, babalarımızın mirası, gələcək nəsillərimizin sığınacağıdır. Hər bir ananın bağrı yarılan, hər bir atanın belini bükən, lakin qürurundan başını dik tutduran o dəhşətli ağrı bu torpağın hər zərrəsinə hopub. Biz o ağrının önündə baş əyirik, çünki o ağrı bizim azadlığımızın, milli mənliyimizin və dirçəlişimizin müqəddəs qiymətidir.
Şəhidlik – ölümün insan iradəsi qarşısında aciz qaldığı, fani ömrün əbədiyyətə qovuşduğu ən ali mənəvi zirvədir. Onlar cəbhəyə yola düşəndə arxada yalnız doğmalarını, ailələrini deyil, həm də gənclik xəyallarını, yarımçıq qalmış sevdalarını, hələ qucaqlamağa macal tapmadıqları körpələrinin qoxusunu qoyub getdilər. Soyuq səngərlərdə, alovun və güllələrin altında Vətən torpağına sarılaraq can verən hər bir igidin son nəfəsi bizim bu gün azad nəfəs almağımızın təminatına çevrildi. O qəhrəmanlar bilirdilər ki, gedişlərinin dönüşü olmaya bilər; lakin torpağın şərəfini, millətin namusunu öz şirin canlarından qat-qat üstün tutdular. Torpaq üzərində gəzən canlı insanlarla deyil, onun uğrunda gözünü qırpmadan canından keçən cəsur övladları ilə Vətən olur. Biz bu gün azad Şuşada, azad Xankəndidə, azad Qarabağda nəfəs alırıqsa, bu, həmin oğulların qırıb torpağa gömdükləri gənclik arzularının, yarımçıq qalmış dastanlarının hesabınadır.
Bir məktəb rəhbəri, bir pedaqoq, gələcək nəsillərin tərbiyəçisi və hər şeydən əvvəl bu müqəddəs Vətənin bir övladı kimi hər bir şəhidimizin əziz xatirəsi qarşısında dərin ehtiramla baş əyərkən yalnız bir hərbi qəhrəmanlıq dastanı, bir döyüş salnaməsi görmürəm. Mən burada köksümüzü yandıran ən böyük mənəviyyat dərsini, ən ali tərbiyə modelini, vərdişlərdən üstün olan mənəvi ucalığı və əvəzolunmaz bir Vətən məktəbini görürəm. Bizim bu gün idarə etdiyimiz təhsil ocaqlarında, dərs dediyimiz siniflərdə, elm və bilik işığında böyüyən şagirdlərimiz məhz həmin fədakarların al qanı, qırıb torpağa gömdükləri gənclik arzuları və canları hesabına bərpa olunmuş azad torpaqlarda addımlayır, başıdik və qalib bir dövlətin vətəndaşı kimi nəfəs alırlar. Hər bir məktəblinin addımladığı məktəb həyəti, oxuduğu sinif otağı həmin fədakar oğulların bəxş etdiyi dinc səmanın altında mövcuddur. Hər dəfə zəng çalınanda, hər dəfə bir şagird gülümsəyəndə bilirik ki, bu gülüşün arxasında gəncliyini, xəyallarını, yarımçıq qalmış sevdalarını bu torpağa qurban vermiş igidlərin qanı durur.
Məktəb yalnız kitab səhifələrindən ibarət bilik ocağı deyil; məktəb – şəhidlərimizin al qanı ilə yazılmış tarixi, vətənpərvərlik ruhunu nəsillərin qanına, təfəkkürünə həkk edən mənəviyyat qatından ibarət müqəddəs bir məkandır. Biz pedaqoqlar hər gün sinifdə qarşımızda oturan hər bir şagirdə anlatmalıyıq ki, onların masa arxasında sakitcə öyrəndikləri hər bir hərf, yazdıqları hər bir cümlə, azad səma altında qazandıqları hər bir uğur bir şəhidin son baxışının, bir ananın bitməyən göz yaşının, bir atanın içinə axıtdığı hıçqırıqların mənəvi əmanətidir. Əgər biz gənclərimizə Vətəni şəhidlərimizin sevdiyi kimi sevməyi aşılayırıqsa, deməli, gələcəyimizi sarsılmaz bünövrələr üzərində qururuq. Biz yalnız bilik verən müəllim değil, həm də şəhidlərin müqəddəs əmanətini qoruyan vicdan keşikçiləriyik.
Şəhidlərimiz bizə yalnız azad olunmuş Qarabağı, Şuşanı, Xankəndini, Laçını, Kəlbəcəri, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını, Suqovuşanı, Hadrutu deyil, həm də köksümüzdə heç vaxt sönməyəcək bir fəxarət odunu, böyük bir mənəvi irsi və cəmiyyət qarşısında ağır, şərəfli bir pedaqoji məsuliyyət miras qoyublar. Onlar Vətəni pafoslu sözlərlə deyil, canla, qanla, ömürlərini yarımçıq qoyaraq sevməyin ən ali zirvəsini göstərdilər. Onların hər biri bir şücaət məktəbi, bir vətənpərvərlik dərsliyidir. Hər bir şəhidimizin yarımçıq qalmış sevdası, gözü yolda qalan anası, yetim qalan övladı bizim üçün ömürlük bir vicdan borcudur. O körpələrin gözlərindəki dərin sükut, o anaların ağarmış saçlarındakı hər tel bizə hər gün pedaqoq kimi, insan kimi hansı ağır mənəvi yükü daşıdığımızı xatırladır. Biz o qanla suvarılmış torpaqda böyüyən hər bir uşağa şəhidlərin kim olduğunu anlatmağa məhkumuq.
Təhsil işçilərinin, pedaqoji kollektivlərin və tərbiyəçilərin üzərinə düşən ən müqəddəs və zəruri vəzifə isə bu ruhu sonsuzadək yaşatmaq, onu gələcək nəsillərin qanına, ruhuna, təfəkkürünə həkk etməkdir. Biz yalnız elm, texniki biliklər, akademik bacarıqlar verən bir təhsil müəssisəsi deyilik; biz gələcəyin qurucularını, Vətəninə, bayrağına, dövlətinə, torpağına və milli-mənəvi dəyərlərinə son nəfəsinədək dürüst, sədaqətli və ləyaqətli olan şüurlu şəxsiyyətlər yetişdirməyə borcluyuq. Hər bir şagirdimiz, hər bir gəncimiz dərk etməlidir ki, bu gün sinifdə oturduğu hər bir sakit dəqiqə, azad səma altında oxuduğu hər bir kitab, qazandığı hər bir akademik uğur şəhidlərimizin bizə öz canları bahasına bəxş etdiyi ən qiymətli, ən müqəddəs əmanətdir. Pedaqoji kollektivimizin hər bir üzvü bu şüurla çalışmalı, şagirdlərimizə Vətən sevgisini sadəcə nəzəriyyə kimi deyil, həyati bir dəyər, qanla ödənilmiş bir borc kimi aşılamalıdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz siyasi iradəsi, uzaqgörən sərkərdəlik məharəti, dəmir kimi möhkəm diplomatiyası, şanlı Azərbaycan Ordusunun, qəhrəman əsgər və zabitlərimizin misilsiz rəşadəti və xalqımızın “Dəmir Yumruq” kimi bir nöqtəyə vurması 44 günlük Vətən müharibəsini tariximizin ən parlaq, ən şərəfli səhifəsinə çevirdi. Həmin müqəddəs yürüşlə başlayan Zəfər marşı bu gün Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə və Qarabağla Şərqi Zəngəzurun hər bir guşəsində əzəmətlə, qürurla dalğalanan üçrəngli dövlət bayrağımızla öz tarixi təntənəsini yaşayır. O bayrağın hər bir qatında, küləklə dalğalanan hər bir rəngində şəhidlərimizin al qanı, qazilərimizin fədakarlığı, anaların göz yaşları, müqəddəs duaları, ataların mətanəti və gələcək nəsillərin azad, xoşbəxt sabahlarının işığı var. Bu Zəfər yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də tarixi ədalətin, milli ləyaqətimizin və xalqımızın sınmaz ruhunun bütün dünyaya təsdiqidir. Lakin bu Zəfərin hər bir addımı bir ananın fəryadı, bir gəlinin göz yaşı, bir atanın içində boğduğu hıçqırıqla yazılıb.
Biz bu gün şəhidlərimizi anarkən köksümüzdə iki böyük, əzəmətli hissi eyni anda, bütün dərinliyi və yanğısı ilə yaşayırıq: qəlbimizi göynədən dərin, sonsuz kədər və tükənməz qürur. Kədərlənirik, çünki Vətənin ən mərd, ən parlaq, ən işıqlı, gözəl arzularla yaşayan cəsur övladlarını, gəncliyinin baharında olan qəhrəmanlarını torpağa tapşırdıq. O oğullar ki, hər birinin ayrı bir dünyası, yarımçıq qalmış bir toyu, tikilməmiş bir evi, qucaqlanmamış körpəsi vardı. Qürur duyuruq, çünki onlar bizə illərlə bükülmüş qamətimizi dikəltmək, alnıaçıq, başıdik, məğrur və qalib bir xalq kimi yaşamaq şərəfini bəxş etdilər. Onlar öz gəncliklərini fəda edərək bir millətin gələcəyini xilas etdilər.
Övladını “Vətən sağ olsun!” deyərək son mənzilə yola salan, göz yaşını qürurunun, mətanətinin arxasında gizlədən, bağrı yanar şəhid analarının, başıdik, dağ kimi dayanan, amma daxilən çökmüş şəhid atalarının qarşısında sonsuz ehtiramla baş əyirik. Onların yetişdirdiyi mərd övladlar bu millətin əbədi pasportu, tükənməz qürur mənbəyi və tariximizin qızıl hərflərlə yazılmış səhifələridir. O anaların fəryadı dağları yerindən oynatdı, o ataların sükutu kainatın ən ağır fəryadına çevrildi. Şəhid ailələrinə ehtiram göstərmək, onların göz yaşını silmək, qayğıları ilə maraqlanmaq və övladlarının xatirəsini hər zaman uca tutmaq hər birimizin həm vətəndaşlıq, həm insanlıq, həm də vicdan borcudur. Məktəbimiz, pedaqoji kollektivimiz, valideynlərimiz və şagirdlərimiz hər zaman şəhid ailələrinin və qazilərimizin yanındadır, onların qayğısını, problemlərini və mənəvi ehtiyaclarını özümüzə ən ali mənəvi borc və müqəddəs vəzifə bilirik.
Zaman keçəcək, fəsillər dəyişəcək, nəsillər bir-birini əvəz edəcək, lakin şəhidlərimizin bizə bəxş etdiyi bu azadlığın, bu Zəfərin qiyməti heç vaxt unudulmayacaq. Onlar zamanın fövqünə ucalaraq tarixin sönməz məşəlinə çevrildilər. Biz hər dəfə üçrəngli bayrağımızın əzəmətlə dalğalandığını görəndə, hər dəfə azad torpaqlarımızda addımlayanda o bayraqda şəhidlərimizin al qanını, o torpaqda onların müqəddəs izlərini görürük. Bizim bu gün borcumuz sadəcə onları xatırlamaq deyil, onların uğrunda can verdikləri idealları yaşatmaq, Azərbaycanı daha güclü, daha qüdrətli və daha sarsılmaz etməkdir.
Şəhidlər ölməzlər. Onlar cismən aramızdan getsələr də, hər bir azərbaycanlının qəlbində, təlim-tərbiyə verdiyimiz hər bir şagirdin yaddaşında, azad Vətənin hər bir daşında, hər bir qarış torpağında və dalğalanan bayrağında əbədi yaşayırlar. Onlar tarixin yaddaşına, xalqın mənəviyyatına və əbədiyyətin zirvəsinə həkk olunmuş sönməz məşəllərdir. Bizim üzərimizə düşən müqəddəs və dəyişməz borc – onların bizə əmanət etdiyi bu Vətəni göz bəbəyimiz kimi qorumaq, onu elmimizlə, zəhmətimizlə, birliyimizlə, yüksək mənəviyyatımızla və fasiləsiz inkişafımızla daha da ucaltmaq, adlarını, xatirələrini və qəhrəmanlıq dastanlarını nəsillərdən-nəsillərə, əsrlərdən-əsrlərə qürurla, dəqiqliklə və yanğılı ehtiramla ötürməkdir. Biz hər bir addımımızda, hər bir nəfəsimizdə, hər bir uğurumuzda şəhidlərimizin müqəddəs xatirəsinə, onların tökülən qanına layiq olmağa çalışmalıyıq. O qan bizə azadlıq bəxş etdi, biz isə o azadlığı ləyaqətlə qorumalıyıq.
Vətən uğrunda, torpaqlarımızın azadlığı və suverenliyi yolunda canını fəda etmiş bütün şəhidlərimizin əziz, unudulmaz xatirəsini dərin rəhmət, sonsuz minnətdarlıq və yanğılı ehtiramla anırıq. Ruhları şad, məkanları cənnət, xatirələri əbədi olsun!
Şəhidlər ölməz, Vətən bölünməz!
Jalə Mustafayeva,Bərdə rayon Ə.Dadaşov adına Xanağalı kənd tam orta ümumtəhsil məktəbin direktoru

Posted inRegion Xəbərləri
