“Məni bütün müharibələrdən sağ çıxarıb özün öldürdün” – Şəhid hərbi həkimin xanımı

“Məni bütün müharibələrdən sağ çıxarıb özün öldürdün” – Şəhid hərbi həkimin xanımı

Vətən müharibəsində şəhid olan ilk hərbi həkim, tibb xidməti baş leytenantı Şöhrət Qasımovun həyat yoldaşı Türkan Qasımzadə şəhidin vəfatının 6-cı ildönümü ilə bağlı xatirələrini bölüşüb.

ARANTV.AZ  xəbər verir ki, Türkan Qasımzadə həyat yoldaşının ölümündən sonra keçirdiyi hissləri və Şöhrət Qasımovla bağlı xatirələrini feysbuk hesabında paylaşdığı duyğusal yazıda ifadə edib:

“”6-cı ilin xatirəsi”

“6 il əvvəl bir evdən 2 cənazə çıxmışdı. Dünyanın ən müqəddəs yerinə. Birinin qatili bəlli deyildi. O biri isə öz qatilinin cənazəsini qucaqlayıb son mənzilə yola salırdı.

O gün batımında iki nəfərin səsi, gülüşü, təbəssümü sönmüşdü.

İnsan da qatilini sevərmi? Bəli, sevərmiş.

Mən səni hamıdan çox sevdim. Mən səninlə yandım o gün. Küllərimdən doğa bilmədim bir daha.

Məni bütün müharibələrdən sağ çıxarıb özün öldürdün. Sən öz müharibəndən də qalib çıxdın. Sənin cəbhəndə bir tək mən məğlub oldum.

Bu dəfə səsim çatmayacaq sənə. Heç səsləməyəcəm də. Çox yorğunam. Elə yorğunam ki…

Yüz illik ömrümdə belə yorulmamışdım. Yüz illik ömrümdə canım belə yanmamışdı heç. İçindən sağ çıxdığım bütün döyüşlərin yarası indi qanayır.

Məni bir tək sən anlayırdın. Bəzən bir sözlə, bəzən də bir baxışla… İndi anlaşılmaq kimi bir dərdim də yoxdu daha..

Yoxsan. Bu şəhərin ən sərt payızını görürəm, bu şəhərin ən pis zamanını yaşayıram. Axı bir tanış görsə, tanımaz artıq məni…

Mən səni hər ilin bu ayın bu günündə yenidən itirirəm. Sanki bir neçə saniyə əvvəl var olan bir adam birdən-birə yox olur.

Ən ağır hiss də elə o andır. Səssizlikdir hər yer…

WhatsApp Image 2026-09-27 at 16.15.22 (1).jpeg (24 KB)

İndi unudulmuş bir cənazədir ruhum, düşüncəm… Tanımadığım, mən olmayan bir bədənə sıxışıb qalıb…

Bir gün bir yerdə demişdim sənə:

— Mən dəniz olmaq istəyirəm.

Hava çox günəşli idi, amma çox üşüyürdüm.

Sən də demişdin ki:

— Mən səni Allahdan da qorxa-qorxa istəyirəm. O qədər ucsuz-bucaqsız olma.

Mən daha dəniz olmaq istəmirəm.

Mən daha güclü olmaq istəmirəm.

Mən heç nə istəmirəm. Sənə ehtiyacım var..

Mən indi çox yorğun bir sahildən yazıram sənə…Qalsaydın, bütün şeirlərim sənə yazılacaqdı.

Getdin… İndi özün şeirə çevrilmisən…
Yazmaq…Artıq qovuşmaq ümidin olmasa da, içimdə hələ də bir yerin səni gözləməsidir. Çünki insan ümid etməyi birdən-birə dayandıra bilmir…

Mən yazmağa davam edirəm, çünki hər yazdıqlarım sənə bir məktubdur, bir səsdir, bir izdir.

Və mən hər bu gün bunu yazmaqla yoxluğunla barışmağa çalışıram…

Tanrının qismətimə yazmadığını sətirlərə yazaraq”.

Şahanə Rəhimli
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir