Gecə saat 3-də xəmir yoğurur, gündüz “3-ü 1 manat”a deyir: Ən böyük arzusu…

Gecə saat 3-də xəmir yoğurur, gündüz “3-ü 1 manat”a deyir: Ən böyük arzusu…

Başında şlyapa, əynində nimdaş köynək… Üzündə illərin yorğunluğunu gizlətməyən, qarayanız, yaşlı bir kişi küçənin kənarında qurduğu balaca səyyar köşkün arxasında müştərilərini gözləyir. Köşkdən isti xəmir qoxusu gəlir. Bir tərəfdə pirojkilər, digər tərəfdə xaçapuri…

Yoldan ötənlərdən bəziləri dayanıb bir-iki ədəd alır, bəziləri isə satıcı ilə hal-əhval tutur. Burada onu artıq tanıyırlar. O da müştərilərini üzdən tanıyır.

Fəttah Allahverdiyevin 63 yaşı var. 2011-ci ildən 8-ci kilometr bazarına gedən yolda küçə ticarəti ilə məşğuldur.

“Buna qədər də ticarətlə məşğul olmuşam. Bazarda ərzaq satırdım. Sonra küçə ticarətinə başladım. Balaca səyyar köşküm var. Burada pirojki, smit, xaçapuri satıram”, – deyir.
Amma Fəttah kişinin bu küçəyə çıxmasının arxasında sadəcə qazanc dalınca getmək dayanmayıb. Onun həyatında ağır bir itki olub.

“2006-cı ildə həyat yoldaşım və oğlum avtoqəzada vəfat etdi. Tək qaldım. Ondan sonra küçə ticarətinə başladım. Nə edim, darıxıram…”.

Fəxi.jpg (266 KB)

İndi “Neftçilər”də kirayədə yaşayır. Hər ay 150 manat kirayə haqqı verir. Səhəri isə gün doğmamış başlayır. Hələ şəhər yuxuda olanda o, xəmir yoğurur.
“Pirojkiləri özüm bişirirəm. Gecə saat 3-də dururam, xəmir yoğururam, bişirirəm. Evimin yaxınlığında 150 manata balaca obyekt götürmüşəm. Gecələr orada hazırlayıram”.

Hazırladığı məhsulların qiyməti isə cibə uyğun hesablanıb. Xaçapurini 70 qəpiyə alıb 1 manata satır. Pirojkinin isə üçünü 1 manata verir. “Gün ərzində 30-40 pirojki satıram. Günə 5-10 manat qazancım olur. Axşam saat 9-a, adamlar azalıncaya qədər burada dayanıb satıram”.

Satılmayan məhsulların aqibəti isə onu düşündürür. Bəzən qonşuluqda yaşayan kasıb bir adama verir, bəzən də satılmayan pirojkiləri atmalı olur.

Fəttah kişi satdığı yerə görə yer pulu ödəmədiyini də deyir: “Müharibə veteranı olmuşam, mənə dəymirlər. Daimi müştərilərim var. Hamısı mənim malımı tərifləyirlər. Əsasən bazarın satıcıları və bazara gələn adamlardır”.

Fəxi 2.jpg (241 KB)

Pirojki bişirməyi isə özü öyrənib: “Pirojki bişirməyi özüm öyrənmişəm. Həyat insana hər şeyi öyrədir”. Bu cümlədən sonra bir anlıq susur. Ardınca həyatın ona daha bir şey öyrətdiyini deyir – tənhalığı – “Həyat mənə tənhalığı da öyrədib. Tənhalıq pis deyil əslində. Allah da təkdir, tənhadır”.

Amma deyəsən, Fəttah kişi tamamilə tək deyil. Bazarda dostları var. Samirin, Niyaməddinin adını çəkir. Maraqlıdır ki, dostlarının hamısı özündən xeyli cavandır.
“Hamısı cavanlardır. Mən də cavan qalmaq istəyirəm”, – deyib gülür.

Onun köşkündə təkcə pirojki satılmır. Pizza, hot-doq da hazırlayır. Hətta özünün də hazırladıqlarından yediyini deyir. Sanki bu balaca köşk həm qazanc yeri, həm də onun üçün həyatın içində qalmaq vasitəsidir.

Qışda isə iş bir qədər çətinləşir: “Qar, yağış yağanda gəlmirəm. Amma tezdən axşama kimi burada oluram. Tək adamam. Dörd divara baxmaq nə qədər olar? Elə bil həbsxanadayam. Burada isə onunla, bununla danışıb günümü keçirirəm”.

Qardaşının olduğunu da deyir. Amma həyat yoldaşını və oğlunu itirdikdən sonra yaranan boşluğun yerini heç nə tam doldurmayıb.

fəxi 3.jpg (274 KB)

Söhbətin sonunda Fəttah kişinin səsi bir qədər dəyişir. Həyatda arzusunun nə olduğunu soruşanda cavabı adamı susdurur: “Həyatda bir arzum var – tez ölüm. Tək yaşamaq olmur”.

Pensiya yaşına çatmasına iki il yarım qaldığını deyir. Amma sabahın necə olacağını özü də bilmir: “Bəlkə də heç çatmadım. Amma pensiya alsam da işləyəcəyəm”.
Küçədə həyat davam edir. Kimisi tələsə-tələsə yanından keçir, kimisi dayanıb isti pirojki alır. Fəttah kişi isə yenə köşkünün arxasındadır.

Başındakı şlyapa, nimdaş koftası, isti pirojkilərin qoxusu və arada eşidilən gülüşü ilə…

63 yaşında olsa da, hələ də həyatın içində qalmağa çalışır. Çünki onun üçün küçə təkcə çörəkpulu qazandığı yer deyil – dörd divarın arasındakı səssizlikdən qaçdığı məkandır.

Şahanə Rəhimli
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir