Rusiya Dövlət Dumasının yeməkxanasının menyusunda diqqətçəkən və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bir dəyişiklik baş verib. İllərdir menyuda “Kiyev üsulu kotlet” (котлета по-киевски) kimi tanınan məşhur xörəyin adı rəsmi olaraq “Kərə yağlı kotlet” (котлета со сливочным маслом) ilə əvəzlənib.
Cəbhədə və siyasi meydanda davam edən gərginlik fonunda parlament binası daxilində atılan bu addım bir çox ekspertlər və sosial şəbəkə istifadəçiləri tərəfindən ironiya ilə qarşılanıb.
Rusiya parlamentinin aşağı palatasının deputatları və əməkdaşları üçün nəzərdə tutulmuş yeməkxanada həyata keçirilən bu qastronomik de-ukraynalaşdırma faktiki olaraq mədəni və kulinariya kəsişməsində siyasi konyukturanın növbəti təzahiridir.
Sosial şəbəkələrdə yayılan fotolardan görünür ki, yeməyin tərkibi və hazırlanma qaydası eyni qalsa da, yalnız “Kiyev” sözünün çıxarılması kifayət hesab edilib. Bu hal daha əvvəl Rusiyada müxtəlif biznes subyektlərinin, kafelərin və restoranların Ukrayna ilə bağlı adları dəyişdirmək tendensiyasının dövlət səviyyəsindəki davamı kimi dəyərləndirilir.
Hadisə sürətlə beynəlxalq mətbuatın və sosial media istifadəçilərinin gündəminə çevrilib. Bir çox şərhçilər bunu “Moskvanın Kiyev üzərindəki ən sürətli və fəsadsız qələbəsi” kimi adlandıraraq satirik şərhlər paylaşıblar.
Ekspertlərin fikrincə, real siyasi və hərbi müstəvidə nəticə əldə etməyin çətinləşdiyi bir şəraitdə, bu cür simvolik və konyuktur addımlar daxili auditoriyaya yönəlmiş vizual mesaj xarakteri daşıyır. Bununla belə, bu növ yanaşmalar parlamentin fəaliyyətinin ciddiliyini sorğu-sual altına qoyur.
Kulinariya tarixi neytrallaşdırıla bilərmi?
Tarixən “Kiyev üsulu kotlet” XIX əsrin sonu – XX əsrin əvvəllərində Şərqi Avropa kulinariya ənənəsində formalaşmış və dünya miqyasında məhz bu adla tanınmış bir yeməkdir. Mütəxəssislər qeyd edirlər ki, kulinariya irsinin siyasi motivlərlə rebrendinq edilməsi onun tarixi mənşəyini və beynəlxalq tanınmasını dəyişdirmir.
Dövlət Dumasındakı bu ad dəyişikliyi Rusiyanın mövcud geosiyasi qarşıdurmanı yalnız cəbhə xəttində deyil, gündəlik həyatın, mədəniyyətin və hətta yemək menyularının hər bir detalında yaşatmağa çalışdığını bir daha sübut edir.
E.Məmmədəliyev,
Musavat.com

