Cəbrayıl – Zəfər tariximizin şanlı səhifəsi

Cəbrayıl – Zəfər tariximizin şanlı səhifəsi

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində, xüsusilə də müasir Azərbaycanın Zəfər salnaməsində mühüm yer tutan əlamətdar tarixlərdəndir. Bu gün 30 ilə yaxın davam edən işğala son qoyulmasının, Azərbaycanın ərazi bütövlüyünün bərpasının və tarixi ədalətin öz gücümüz hesabına təmin edilməsinin rəmzlərindən biridir.

2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi mühüm qələbələrdən biri oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həmin gün xalqa müraciət edərək Cəbrayıl şəhərinin və rayonun bir sıra kəndlərinin azad olunmasını elan etməsi Azərbaycan xalqına illərlə gözlədiyi qələbə müjdəsini yaşatdı. Dövlət başçısının səsləndirdiyi “Cəbrayıl bizimdir!” ifadəsi həmin tarixi günün rəmzinə çevrildi. Cəbrayılın azad edilməsi illər ərzində həyata keçirilən məqsədyönlü və ardıcıl dövlət siyasətinin məntiqi nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan güclü iqtisadi, siyasi və hərbi potensiala malik dövlətə çevrildi. Ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, milli ordunun müasir tələblər əsasında formalaşdırılması və müdafiə qabiliyyətinin davamlı şəkildə gücləndirilməsi Azərbaycanın qarşısında dayanan tarixi məqsədlərin reallaşdırılması üçün möhkəm zəmin yaratdı. Vətən müharibəsi Azərbaycan xalqının və dövlətinin sarsılmaz birliyini, milli iradəsini və haqq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusunun şəxsi heyətinin göstərdiyi misilsiz qəhrəmanlıq, şəhidlərimizin müqəddəs qanı və qazilərimizin fədakarlığı hesabına torpaqlarımız işğaldan azad edildi. Cəbrayılın azadlığı da bu möhtəşəm Zəfərin mühüm səhifələrindən biri kimi tariximizə əbədi həkk olundu.

Cəbrayılın azad olunması ilə yalnız bir şəhər və rayon üzərində Azərbaycanın suverenliyi bərpa edilmədi. Eyni zamanda, uzun illər doğma yurd həsrəti ilə yaşayan yüz minlərlə insanın qayıdış arzusu üçün real imkan yarandı. İşğal dövründə doğma torpaqlarından məcburi köçkün düşmüş cəbrayıllıların illərlə ürəklərində yaşatdıqları qayıdış ümidi artıq gerçəkliyə çevrildi.

Bu gün Cəbrayıl şəhəri Böyük Qayıdış strategiyasının mühüm ünvanlarından biridir. İşğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın yalnız torpaqlarını azad etmədiyini, həmin ərazilərdə yeni və müasir həyat qurduğunu nümayiş etdirir. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, müasir yol və kommunikasiya infrastrukturunun yaradılması, sosial obyektlərin inşası, insanların doğma yurdlarına mərhələli şəkildə qayıdışı Zəfərin real nəticələridir.

Cəbrayılın bugünkü simasında Azərbaycanın gücü, dövlət iradəsi və gələcəyə baxışı aydın görünür. Bir vaxtlar işğal nəticəsində xarabalığa çevrilmiş torpaqlarda bu gün yeni yaşayış məhəllələri, sosial obyektlər və müasir infrastruktur yaradılır. Bu, Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, azad edilmiş ərazilərin davamlı inkişafını təmin etmək əzmində olduğunu göstərir.

4 Oktyabrın Cəbrayıl Şəhəri Günü kimi təsis edilməsi də bu tarixi Qələbəyə verilən yüksək dövlət qiymətinin göstəricisidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən şəhər günləri Zəfər tariximizin mühüm hadisələrinin gələcək nəsillərə çatdırılması, milli yaddaşımızın qorunması və dövlətçilik ənənələrimizin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Cəbrayıl həm də şəhidlərimizin əziz xatirəsinin, qazilərimizin qəhrəmanlığının və Azərbaycan əsgərinin şücaətinin yaşadığı müqəddəs məkandır. Bu torpaqlarda dalğalanan üçrəngli Azərbaycan bayrağı xalqımızın milli iradəsinin və dövlətimizin suverenliyinin rəmzidir.

Bu gün Cəbrayılın azadlığı Azərbaycan dövlətinin gücünü, xalqımızın həmrəyliyini və milli məqsədlər ətrafında birliyini nümayiş etdirən tarixi reallıqdır. Vətən müharibəsində əldə edilmiş Zəfər göstərdi ki, güclü dövlət, qüdrətli ordu və milli birlik Azərbaycanın ən böyük strateji məqsədlərinin gerçəkləşdirilməsinin əsas dayaqlarıdır. Cəbrayıl artıq yalnız Zəfər tariximizin şanlı səhifəsi deyil, həm də Azərbaycanın yeni inkişaf və quruculuq mərhələsinin simvollarından biridir. Bu qədim şəhərin yenidən dirçəlişi Böyük Qayıdışın təntənəsini, xalqımızın doğma torpaqları ilə qırılmaz bağını və Azərbaycan dövlətinin qüdrətini nümayiş etdirir.

Emin Əliyev,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir