Maaş və pensiyalar artır, bəs qiymətlər? – İnflyasiya sosial paketə necə təsir edəcək?

Maaş və pensiyalar artır, bəs qiymətlər? – İnflyasiya sosial paketə necə təsir edəcək?

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib ki, artıq göstəriş verilib, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq.

“Bu siyasəti biz müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın”, – deyə dövlət başçısı vurğulayıb.

Bəs nəzərdə tutulan sosial artımlar əhalinin real alıcılıq qabiliyyətini qorumağa kifayət edəcəkmi, yoxsa inflyasiya bu artımları üstələyəcək?

Rəsmi məlumatlara nəzər salaq:

Asiya İnkişaf Bankı (ADB) 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanı 5,9 %, 2027-ci ildə isə 5 % səviyyəsində proqnozlaşdırır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 5,6 %, 2026-cı ilin yanvar-avqustu ərzində isə 5,7 % təşkil edib.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 5,7 %, 2027-ci ildə isə 5,3 % təşkil edəcək.

Mərkəzi Bankın hesablamalarına görə isə (iyul 2026), cari ildə illik inflyasiya 6,1 %, 2027-ci ildə isə 5,8 % olacaq.

BMT bu il Azərbaycanda inflyasiyanın 3,1 % olacağını proqnozlaşdırır. Dünya Bankı 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % həddində olacağını gözləyir.

“Moody’s” beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda orta illik inflyasiyanın 3 %, “Fitch Ratings” 4,6 %, “Fitch Solutions” isə 5,5 %, 2027-ci ildə 4,8 % səviyyəsində olacağını proqnozlaşdırır.

Niderlandın ən böyük maliyyə və bank qrupu olan “ING Group”, Azərbaycanda illik inflyasiyanın 2026-cı ildə 5,8 %, 2027-ci ildə isə 5,6 % olacağını gözləyir. (Report)

İqtisadçı Eyyub Kərimli Musavat.com-a şərhində vurğulayıb ki, indeksləşdirmə hər ilin əvvəlində aparılır. İqtisadçının sözlərinə görə, növbəti il üçün müxtəlif maliyyə qurumları və Mərkəzi Bank inflyasiya həddini birrəqəmli həddə nəzərdə tutub:

“Düşünürəm ki, hər il olduğu kimi, bu il də təqaüdlər və müavinətlər inflyasiya göstəricilərinə uyğun olaraq indeksləşdiriləcək. Əlbəttə ki, bəzən inflyasiya real mənzərəni əhatə etmir. Müxtəlif seqmentlərdə müxtəlif qiymət artımı müşahidə olunur. Bu, növbəti illər inflyasiyanın və qiymət artımının səviyyəsindən asılı olacaq. Əgər inflyasiya birrəqəmli həddə qalsa, hesab edirəm ki, artım inflyasiyanın təsirlərini neytrallaşdıracaq. Lakin əgər real inflyasiya daha çox olsa, bu, artımın təsirlərini azalda bilər”.

Nigar Həsənli
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir