Azərbaycanda dərmanların yerli istehsalının genişləndirilməsi idxaldan asılılığın azaldılması ilə yanaşı, əhalinin ən çox maraq göstərdiyi başqa bir sualı da gündəmə gətirir: yerli istehsal dərmanların qiymətinə necə təsir edəcək?
Oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsi istifadəyə verilib. Müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman təşkil edir, qarşıdakı 5 il ərzində isə 500-dən çox preparatın lokallaşdırılması planlaşdırılır.
Dərmanların ölkə daxilində istehsalının artması idxal xərclərini və xarici bazarlardan asılılığı azaltmaqla yanaşı, vətəndaşın aptekdə ödədiyi məbləğə də təsir göstərə bilərmi? Yerli istehsal dərman bazarında rəqabəti artıracaqmı? Bəs yerli dərmanlarla idxal olunan analoqlar arasında qiymət fərqi yaranacaqmı?
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:”Əlbəttə, ilk növbədə yerli istehsalın olması, yaranması, artması və yerli istehsal sahələrinin qurulması çox müsbət xəbərdir. Lakin bu o demək deyil ki, Azərbaycanın ehtiyacı olan bütün dərman preparatlarını bir və ya iki zavodda istehsal etmək mümkündür.
Əvvəlcə hansı çeşiddə və hansı molekullu dərmanların istehsal olunacağı ilə bağlı məlumatlarımız olmalıdır. Həmçinin həmin molekulların bazarda neçə faiz tələb gördüyünü və daxili tələbatın neçə faizini yerli istehsalla qarşılaya biləcəyimizi bilməliyik. Bundan başqa, molekulların da yerli imkanlarla istehsal ediləcəyi, yoxsa xaricdən gətirilib burada sadəcə qablaşdırılacağı məsələsi də yerli pazar üçün böyük əhəmiyyət kəsb edir”.
Bununla belə, iqtisadçı hesab edir ki, faktın özü çox müsbətdir: “Yeni iş yerləri yaradılır, ölkəyə yeni texnologiyalar gəlir və müəyyən istiqamətdə olan dərman təminatının yerli istehsal hesabına ödənilməsi ölkədən valyuta axınının qarşısını alır. Çünki hazırda bu sahədə xaricdən ciddi asılılığımız var — dərman preparatlarında təxminən 90-92% nisbətində kənardan asılıyıq. Yerli istehsalın artırılması isə bu asılılığın tədricən azalmasına gətirib çıxaracaq”.
Afaq Mirayiq,
Musavat.com

