Ermənilər Xankəndidəki 51 məzar üçün hərəkətə keçdilər – “Türklər görməsin deyə üzərinə torpaq tökdük”

Ermənilər Xankəndidəki 51 məzar üçün hərəkətə keçdilər – “Türklər görməsin deyə üzərinə torpaq tökdük”

Ermənistanda 2023-cü ilin sentyabrında Qarabağda baş vermiş hadisələr zamanı ölən və Xankəndidəki yanacaq anbarında baş vermiş partlayış nəticəsində həyatını itirən şəxslərin qohumları yenidən etirazlarını bildiriblər.

ARANTV.AZ  xəbər verir ki, onlar Qarabağda dəfn edilmiş 51 nəfərin qalıqlarının çıxarılaraq Ermənistana aparılmasını tələb edirlər.

Ölənlərin yaxınları bu gün Ermənistan parlamentində müxalifətdəki “Güclü Ermənistan” fraksiyasının nümayəndələri ilə görüşüblər.

Görüş zamanı ailə üzvləri məsələnin yalnız Ermənistan daxilində deyil, beynəlxalq səviyyədə də qaldırılmasını tələb ediblər. Onlar müxalif deputatları bu istiqamətdə fəal addımlar atmağa çağırıblar.

Görüşdə iştirak edən qarabağlı erməni qadınlardan biri jurnalistlərə açıqlamasında yaxınlarının dəfn olunduğu şəraitdən danışıb.

O bildirib: “Biz doğmalarımızı xristian qaydalarına uyğun dəfn edə bilmədik. Onları türklərdən (azərbaycanlılardan – red.) gizlədərək üzərlərinə sadəcə bir qədər torpaq tökdük. Bizə şəxsən bildirilmişdi ki, dövlət məsuliyyəti öz üzərinə götürür və sonuncu ölənlərin də cəsədləri Ermənistana aparılacaq. Çünki onların abadlaşdırılmış məzarları yoxdur”.

Qadının sözlərinə görə, Ermənistan rəsmiləri ailələrə müstəqil şəkildə hərəkət etməməyi tövsiyə ediblər.

“Bizə dedilər ki, özünüz heç nə etməyin. Ola bilər, Həkəri sərhəd-buraxılış məntəqəsindən keçirməyə icazə verməsinlər. Hətta gözlərinizin qarşısında yaxınınızın cəsədini təhqir edə bilərlər və sair”, – deyə o iddia edib.

Məlumata görə, ölənlərin qohumları indiyədək Ermənistanın müxtəlif dövlət qurumlarına, beynəlxalq təşkilatlara, ölkədə fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərə, eləcə də şəxsən baş nazir Nikol Paşinyana dəfələrlə məktub göndəriblər.

Ailə üzvlərinin sözlərinə görə, 2023–2024-cü illərdə qalıqların mümkün ekshumasiyası və Ermənistana aparılması istiqamətində müəyyən işlər görülüb. Lakin sonradan proses dayanıb və indiyədək heç bir irəliləyiş əldə edilməyib.

Hazırda məsələ 51 nəfərin qalıqları ilə bağlıdır. Onların təxminən yarısı Xankəndidəki qardaşlıq qəbiristanlığında, digər yarısı isə Qarabağın müxtəlif ərazilərində dəfn olunub.

Xatırladaq ki, 2023-cü il sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaq anbarında güclü partlayış baş vermiş, nəticədə çoxsaylı insan həyatını itirmişdi. Hadisə Azərbaycanın sentyabrın 19–20-də keçirdiyi və ölkənin suverenliyinin tam bərpası ilə nəticələnən lokal antiterror tədbirlərindən bir neçə gün sonra qeydə alınmışdı.

Ölənlərin yaxınları Ermənistan hakimiyyətindən məsələ ilə bağlı konkret addımlar atılmasını və illərdir davam edən qeyri-müəyyənliyə son qoyulmasını istəyirlər.

Xatırladaq ki, Azərbaycan xalqı olaraq bizim heç vaxt ölülərlə, məzarlarla işimiz olmayıb. Əksinə, 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan erməni silahlı birləşmələrinin və separatçıların həmin ərazilərdəki azərbaycanlı qəbiristanlıqlarına qarşı törətdikləri vandalizm aktları xalqımızın yaddaşından silinməyib.

Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra soydaşlarımızın ilk ziyarət etdikləri yerlərdən biri doğmalarının məzarları olub. Qarşılaşdıqları mənzərə isə dəhşətli idi. Ermənilər 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan torpaqlarında qəbiristanlıqları kütləvi şəkildə dağıdıb, məzarları qazıb, başdaşlarını sındırıb, qəbir daşlarından tikinti materialı kimi istifadə ediblər. Hətta qəbiristanlıqlarda səngərlər qazıb, hərbi mövqelər qurublar.

Ermənilər bununla da kifayətlənməyiblər. Dəfn olunmuş azərbaycanlıların qəbirlərini qazaraq onların qızıl dişlərini çıxarıb, qiymətli əşyalarını talan ediblər. İnsan qalıqlarını məzarlardan çıxararaq ətrafa səpələyiblər. Bu vandalizm faktları işğaldan azad edilmiş ərazilərdə sənədləşdirilib. Qəbiristanlıqların dağıdılması və məzarların təhqir olunması ilə bağlı faktlar beynəlxalq hesabatlarda da əksini tapıb.

Azərbaycan xalqının ölülərə və məzarlara münasibəti isə tamamilə fərqlidir. Bakıda ermənilərə məxsus tarixi məzarların qorunub saxlanılması da bunun nümunələrindəndir.

Biz Azərbaycan xalqı olaraq heç vaxt ölülərlə, məzarlarla mübarizə aparmamışıq. Bizim üçün məzara hörmət insanlıq, şərəf və ləyaqət məsələsidir. Bizim ölülərlə işimiz yoxdur, məzarlarla işimiz yoxdur. Azərbaycan xalqının mövqeyi də məhz bu dəyərlərə əsaslanır.

 

Rüfət Hacıbəyli
Musavat.com

 

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir