“Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir davam edir. Təəssüf ki, bu proses son vaxtlar nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir. Dəniz akvatoriyasının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadratkilometrdən çox azalıb”.

Bu sözləri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edərkən söyləyib.
Dövlət başçısı mövcud tendensiyanın davam edəcəyi təqdirdə, nəticələrin fəlakətli ola biləcəyini vurğulayıb. O qeyd edib ki, dayazlaşma problemi yalnız ekoloji meyarla ölçülmür. “Dəniz səviyyəsinin azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil ərazilərində insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir. Sahil xəttinin gerilədiyini, ekosistemin dəyişdiyini, limanlar və digər sahil infrastrukturu ilə bağlı problemlərin olduğunu görürük. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi səbəbindən təkcə Xəzərin Azərbaycan hissəsində təxminən 30 min hektar torpaq sahəsi əmələ gəlib”, – deyə Prezident bildirib.
Eyni problemi Rusiya lideri də dilə gətirib və həyəcan təbili çalıb. “Son 20 ildə təkcə Rusiyada Xəzər dənizinin dayazlaşması təxminən 20 min kvadrat kilometr təşkil edib”, – deyə Xəzər Ekoloji Sammitində çıxış edən Rusiya prezidenti Vladimir Putin söyləyib. Onun sözlərinə görə, Xəzər dənizinin dayazlaşması investisiya cəlbediciliyinin azalmasına, iş yerlərinin itirilməsinə və Xəzəryanı regionlarda sakinlərin həyat keyfiyyətinin pisləşməsinə səbəb olur. O, Rusiyanın süni intellekt vasitəsilə həyata keçirilə biləcək Xəzər dənizinin rəqəmsal əkizini yaratmaq təklifini xatırladıb və həmkarlarını bu təşəbbüsə qoşulmağa çağırıb.
Qeyd edək ki, Xəzərdə dayazlaşma problemini mütəxəssislər də dəfələrlə vurğulayıblar. İndi isə Xəzəryanı ölkələrin rəhbərləri bu məsələni gündəmə gətirir. Bəs hansı tədbirlər görülməlidir?

Ekoloq, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov Musavat.com-a şərhində prosesin səbəbləri barədə danışıb:
“Xəzərin sahəsi sürətlə azalır və bu proses artıq 30 ildir ki, davam edir. Prosesin səbəbləri haqqında müxtəlif hipotezlər irəli sürülür. Əlbəttə ki, iqlim dəyişikliyi də Xəzərin səviyyəsinin azalmasına çox ciddi təsir etməkdədir. Havanın temperaturunun çoxillik qalxmaları Xəzər hövzəsindən gedən buxarlanmanı artırıb və bu da əhəmiyyətli su itkilərinə, paralel olaraq, Xəzərə su gətirən çayların sululuğunun azalmasına səbəb olub. Başqa bir səbəb isə əlbəttə ki, Xəzər hövzəsində gedən çox aktiv su götürmələridir. Xüsusilə, su götürmələri Volqa hövzəsində baş verir. İqlim dəyişikliyi nəticəsində istiləşmə həm də ona gətirib çıxarır ki, Volqa, Kür və Ural hövzələrində bitkilərin, xüsusilə kənd təsərrüfatı bitkilərinin suya tələbatı artır. Üstəlik, ərazilərdə əkin sahələri genişləndirilir. Kür hövzəsində əkin sahələrinin çox genişləndirilməsi də su götürmələrinin artmasına səbəb olub. Bu da nəticə etibarilə Xəzərin səviyyəsinin azalmasına təsir edir”.
Prezidentin artıq ikinci dəfədir Xəzərlə bağlı çıxış etdiyini vurğulayan ekspert qeyd edib ki, ölkələr təcili fəaliyyətlə həyata keçirməlidirlər: “İlk növbədə Xəzərə gələn sular artırılmalıdır. Buna müxtəlif yollarla nail oluna bilər. Kənd təsərrüfatında istifadə olunan suların azalması, iqlimə dayanıqlı bitkilərin, yəni suya az tələbatı olan bitkilərin becərilməsi, kənd təsərrüfatında müasir suvarma üsullarına keçid və s. Moskva, Volqoqrad, Saratov kimi böyük Rusiya şəhərləri, o cümlədən Bakı, Tiflis. İrəvan Kür hövzəsində yerləşir və bu şəhərlərdə su itkiləri böyükdür. Bu itkilər azaldılmalıdır. Bunun üçün həm də iradə lazımdır. Ermənistan ərazisində götürülən suların həcmi getdikcə artır. Onları Xəzər dənizi düşündürmür. Ölkələr bu mövzuda qarşılıqlı razılaşmalara getməlidirlər, çünki Azərbaycana gələn sular azalır. Bütün bu məsələlər çoxillik fəaliyyətləri əhatə edə bilər. Mütəxəssislər Xəzərin xilasolma ssenarilərini işləməlidirlər. Sözdə asan görünür, amma konkret fəaliyyət planları işlənməlidir. Zamana dayanıqlı fəaliyyət planları işlənməlidir. Bunun üçün ölkələr arasında çox ciddi razılaşmalar olmalıdır”.
Nigar Həsənli
Musavat.com

