Əhali üçün kredit şərtləri ağırlaşır – Sələmçilər at oynadacaq?

Əhali üçün kredit şərtləri ağırlaşır – Sələmçilər at oynadacaq?

Azərbaycan Mərkəzi Bankı fiziki şəxslərin banklardan götürdüyü kreditlərlə bağlı daha bir addım atmağa hazırlaşır. Musavat.com xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) baş direktoru Şahin Mahmudzadə 2026-cı ilin birinci yarısının yekunlarına dair Maliyyə Sabitliyi Hesabatının təqdimatında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

Söhbət istehlak krediti götürən fiziki şəxslərin işsizlikdən sığortalanması üçün mexanizmin hazırlanmasından gedir. Mərkəzi Bank bununla bağlı hüquqi-normativ bazanın hazırlanmasını ilin sonunadək başa çatdırmaq niyyətindədir. Ş.Mahmudzadənin dediyinə görə, mexanizm dövlət xətti ilə İşsislikdən Sığorta Fonduna ödənən sığortanı deyil, özəl xətlə və könüllü xarakter daşıyacaq sığortanı nəzərdə tutur. Banklar kredit götürən şəxslərə işsizlikdən sığortanı mütləq təklif edəcəklər. Təklifi qəbul edib-etməmək isə müştərinin seçimi olacaq.

AMB rəsmisi qeyd edir ki, burada əsas məqsəd iş yerini itirən borcalanların kredit öhdəliklərini yerinə yetirməsinə dəstək göstərmək və bankların kredit risklərini azaltmaqdır.

Yeni mexanizm çərçivəsində işsizliyin müxtəlif səbəbləri ilə bağlı sığorta təminatı nəzərdə tutulur.
Müştəriləri yeni sığorta məhsulunu almağa stimullaşdırmaq üçün müəyyən addımlar da nəzərdə tutulur. Bura ilk növbədə işsizlikdən sığortalanmış şəxslərə kreditlərin daha aşağı faizlə verilməsi aiddir.
İşsizlikdən sığorta haqqının məbləği isə bazarın tələbi əsasında müəyyənləşəcək. Onun sözlərinə görə, bu, risk amili ilə bağlıdır: “Necə ki, həyat sığortasında yaşlı insanların ölüm ehtimalı daha yüksək olduğundan sığorta haqqı da fərqlənir, eyni yanaşma burada da tətbiq oluna bilər. Yəni müəyyən seqmentlərdə işsiz qalma ehtimalı daha yüksəkdirsə, həmin sahələr üzrə sığorta haqqı da daha yüksək ola bilər. Lakin qiymətlərin formalaşmasında bazar mexanizmləri əsas rol oynayır”.

Baş direktor qeyd edib ki, hazırda Azərbaycanda məsələn, hansı sektorda işsizlik riskinin daha yüksək olduğunu müəyyənləşdirmək üçün dəqiq məlumatlar yoxdur: “Burada əsas məsələ təkcə işsizliyin ümumi səviyyəsi deyil, həm də işçi axınının sürətidir. Məsələn, bir müəssisədən 10 nəfər işdən çıxır, digər müəssisəyə isə 10 nəfər işə qəbul olunur. Belə olduqda, ümumi məşğulluq səviyyəsi dəyişməsə də, faktiki olaraq 10 nəfər işini itirmiş olur.

Onun sözlərinə görə, kredit üzrə işsizlik riski sığorta şirkətinə ötürüldükdə bankın üzləşdiyi risk azalacaq. Bu isə banklar üçün kapital tələblərinin yüngülləşdirilməsinə və kreditləşmə imkanlarının genişlənməsinə şərait yarada bilər: “Bəzi seqmentlərdə sığorta haqqı da daxil olmaqla kreditin ümumi dəyəri əvvəlkindən aşağı ola bilər”.

Ş. Mahmudzadə əlavə edib ki, kreditlərin yekun dəyərinə bankların kapital mövqeyi, ehtiyat tələbləri və digər amillər də təsir göstərəcək. Bununla belə, yeni mexanizmin ümumilikdə kreditlərin orta dəyərinin azalmasına şərait yaradacağı gözlənilir.
Bu tədbirin həmçinin bank sektorunda problemli kreditlərin artım riskinin azaldılmasına xidmət edəcəyi gözlənilir.

Xatırladaq ki, bu il iyulun 1-nə Azərbaycanda problemloi kreditlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz, yaxud 191 milyon manat artaraq 954 milyon manata çatıb.
AMB rəsmisinin fikrincə, bank sektorunda vaxtı keçmiş kreditlərin həcmində müəyyən artım müşahidə olunsa da, bu, sistem xarakterli risk kimi qiymətləndirilməməlidir.
Ş.Mustafayev qeyd edir ki, bank sektorunda qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı təxminən 3faiz təşkil edir. Bu göstərici tarixi minimuma yaxındır, eyni zamanda qlobal orta göstərici ilə müqayisədə iki dəfəyə yaxın aşağı səviyyədir.

Eyni zamanda vaxtı keçmiş kreditlərin məbləğində artım bütün bankları əhatə etmir və ayrı-ayrı banklarda qeydə alınır.

Baş direktorun dediyinə görə, hazırda bütün banklarda məcburi ehtiyatların həcmi problemli kreditlərdən yaranan itkiləri qarşılamaq üçün yetərli səviyyədədir. Buna baxmayaraq, Mərkəzi Bank bankların kredit portfellərindəki riskləri və həmin risklərin qarşılanması üçün ehtiyatların adekvatlığını izləməyə davam edir.
Onu da qeyd edək ki, Maliyyə Sabitliyi hesabatına əsasən cari il iyulun 1-nə Azərbaycan əhalisinin borc yükünün sərəncamında qalmış gəlirlərinə nisbəti ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz bəndi artaraq 18,7 faiz olub: “Əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır. Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir”.
Son beş ildə əhalinin borc yükü ümumilikdə 4,8 faiz bəndi yüksələrək son illərin ən yüksək səviyyələrindən birinə çatıb.

AMB borclanmanın azalması, daha dəqiq desək, sağlamlaşması üçün son iki ildə ardıcıl addımlar atıb: kredit kartlarına məhdudiyyətlər, borcalan və zamin duranlara münasibətdə tələblərin sərtləşdirilməsi və sair. İlin sonunadək isə borcalanlar üçün işsizlikdən sığortalanma mexanizmi tətbiq olunacaq. Doğrudur, Mərkəzi Bank bu sığorta növündən istifadənin kredit götürmək istəyənlər üçün könüllü xarakter daşıyacağını bildirir. Lakin mexanizmin tətbiqi zamanı bu prinsipin qorunacağı, bankların məcburiyyətə keçməyəcəyi ciddi sual altındadır.

Bütün bu tədbirlər kredit götürmək istəyənlərin banklardan daha ağır şərtlər təklif edən lombard və qeyri-rəsmi sələmçilərə üz tutmasınıp sürətləndirə bilər. Son vaxtlar böyük faizlərlə sələm verənlərdən pul götürənlərin sayı artır. Bu, yaxın gələcəkdə borclu şəxslərin və qaytarılması mümkün olmayan qeyri-rəsmi borcların həcminin artmasına gətirib çıxara bilərəmi?

Ş.Mahmudzadə bildirir ki, Azərbaycanda bank kreditlərinə tətbiq edilən məhdudiyyətlərin qeyri-rəsmi borclanmanın artmasına səbəb olduğunu təsdiqləyən rəsmi statistika yoxdur.
Onun sözlərinə görə, Mərkəzi Bankın kreditləşmə ilə bağlı tətbiq etdiyi tələblərin əsas məqsədi əhalinin izafi borclanmasının qarşısını almaqdır.
Ş. Mahmudzadə qeyd edib ki, istehlak kreditləri üzrə borcalanların ödəmə qabiliyyətinə dair tələblər, kredit kartları ilə bağlı məhdudiyyətlər və onlayn kreditlərin verilməsində tətbiq edilən gözləmə müddəti bu məqsədə xidmət edir.

AMB rəsmisi bildirib ki, bank kreditləşməsinin sərtləşdirilməsi müəyyən müştərilərin digər maliyyələşmə mənbələrinə yönəlməsinə səbəb ola bilər. Lakin bunun birbaşa qeyri-rəsmi borclanmanın artması ilə nəticələndiyini söyləmək düzgün deyil.

Onun sözlərinə görə, banklardan kredit əldə edə bilməyən şəxslər əvvəlcə bank olmayan kredit təşkilatlarına, daha sonra lombardlara müraciət edə bilərlər.
Ş. Mahmudzadə vətəndaşları lazımsız xərclər üçün borclanmaqdan çəkinməyə çağırıb. O vurğulayıb ki, borc hesabına əlavə dəyər yaratmayan xərclərin maliyyələşdirilməsi əhalinin borc yükünü artırır və maliyyə vəziyyətinə mənfi təsir göstərir. AÇB rəsmisi medianın bu sahədə böyük maarifləndirici rol oynaya biləcəyini vurğulayıb.

Yeri gəlmişkən, Mərkəzi Bank lombardların fəaliyyətinin tənzimlənməsi və onlara nəzarət mexanizmlərinin yaradılması ilə bağlı qanunvericilik üzərində iş aparır. Artıq lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanun layihəsi hazırlanıb. Sənəddə bu sahədə nəzarət mexanizmlərinin yaradılması, lombardların fəaliyyətinə dair tələblər və müştərilərin hüquqlarının qorunması məsələləri əksini tapıb.

Ş. Mahmudzadə qeyd edib ki, yeni tənzimləmənin əsas məqsədlərindən biri vətəndaşların lombardlara girov qoyduqları əmlakın qorunmasını təmin etməkdir.

AMB rəsmisinin sözlərinə görə, qanunvericilikdə lombardların fəaliyyətinin elə tənzimlənməsi nəzərdə tutulur ki, müştərilərin girov qoyduqları əmlakla bağlı hüquqları və maraqları pozulmasın.
O bildirib ki, qanun qəbul edildikdən sonra hazırda fəaliyyət göstərən lombardlara öz fəaliyyətlərini yeni qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq üçün müəyyən keçid müddətinin verilməsi planlaşdırılır.
Ş. Mahmudzadə əlavə edib ki, lombardların tənzimlənməsi ilə bağlı işlər davam etdirilir. Bununla belə, yeni qaydaların nə vaxt tətbiq olunacağına dair konkret tarix açıqlamaq hələ mümkün deyil.

Dünya,
Musavat.com

 

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir