İlham Əliyevdən dünyaya sərt mesaj – Ermənistanın keçmişi də, bu günü də cavab verməlidir!

İlham Əliyevdən dünyaya sərt mesaj – Ermənistanın keçmişi də, bu günü də cavab verməlidir!

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə səsləndirdiyi fikirlər Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə siyasi qiymət verməklə yanaşı, beynəlxalq hüququn işləkliyi, müharibə cinayətlərinə görə məsuliyyət və qlobal təhlükəsizlik sisteminin problemləri barədə mühüm mesajlar idi. Dövlət başçısının çıxışında Ermənistanın keçmiş və indiki rəhbərliyinin məsuliyyəti, Bakıda keçirilən məhkəmə prosesinin tarixi əhəmiyyəti, Avropa institutlarının ikili standartları və BMT qərarlarının icrasını təmin edən mexanizmlərin zəruriliyi vahid məntiqdə birləşir. Bu mesajların əsasını Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiəsi, tarixi ədalətin qorunması və dayanıqlı sülhün hüquqi prinsiplər üzərində qurulması təşkil edir.

Prezidentin mövqeyinə görə, müharibənin başa çatması və siyasi reallıqların dəyişməsi keçmişdə törədilmiş əməllərə görə məsuliyyət məsələsini aradan qaldırmır. Ermənistanın üç keçmiş prezidentinin və onların tərəfdarlarının fəaliyyəti, uzun illər davam edən işğal siyasəti, dağıdılmış şəhər və kəndlər, doğma yurdlarından didərgin düşmüş yüz minlərlə azərbaycanlının faciəsi tarixi yaddaşımızın ayrılmaz hissəsidir. Azərbaycan xalqının yaşadığı iztirablar unudulmamalı, münaqişənin yaranmasına və davam etməsinə səbəb olmuş qərarların siyasi və hüquqi nəticələri diqqətdən kənarda qalmamalıdır.

Bu baxımdan, İlham Əliyevin çıxışı mühüm prinsipə əsaslanır. Sülh keçmişin üstündən xətt çəkmək və məsuliyyət məsələsindən yayınmaq demək deyil. Əksinə, dayanıqlı münasibətlər üçün tarixi həqiqətlərin qorunması, hüquqi qiymətləndirmənin aparılması və gələcəkdə oxşar faciələrin təkrarlanmaması vacibdir. Azərbaycanın mövqeyi göstərir ki, milli maraqların müdafiəsi ilə beynəlxalq hüquqa hörmət bir-birini tamamlayan prinsiplərdir.

Prezidentin diqqət çəkdiyi digər mühüm məsələ Ermənistanın indiki rəhbərliyinin də sələflərinin siyasətindən tamamilə fərqli mövqe ortaya qoymamasıdır. 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan hökumətinin fəaliyyəti, Qarabağla bağlı səsləndirilən iddialar və qarşıdurmanı dərinləşdirən bəyanatlar münaqişənin həllinə təsirsiz qalmayıb. Hakimiyyətin dəyişməsi öz-özlüyündə siyasi yanaşmanın dəyişməsi demək deyil. Ermənistanın gələcəyi üçün əsas məsələ keçmişin səhvlərindən nəticə çıxarmaq, qarşıdurma ritorikasından uzaqlaşmaq və Azərbaycanla münasibətləri suverenlik, ərazi bütövlüyü və qarşılıqlı hörmət prinsipləri əsasında qurmaqdır.

İlham Əliyevin bu məsələyə münasibəti Azərbaycanın mövqeyinin ardıcıllığını nümayiş etdirir. Bakı regional sülhün və əməkdaşlığın tərəfdarıdır, lakin bunun üçün Ermənistanın da konkret siyasi davranışla sülhə sadiqliyini göstərməsi vacibdir. Keçmişin məsuliyyətindən yayınmaq və əvvəlki siyasətin nəticələrini nəzərə almamaq gələcək üçün etibarlı zəmin yarada bilməz.

Dövlət başçısının çıxışında xüsusi yer tutan digər tezis Bakıda hərbi cinayətlərdə ittiham olunan şəxslər üzərində keçirilən məhkəmə prosesinin mahiyyət və formasına görə Nürnberq tribunalının analoqu kimi qiymətləndirilməsidir. Bu müqayisə məsuliyyət prinsipinin tarixi əhəmiyyətini önə çəkir. Nürnberq tribunalının əsas dərslərindən biri siyasi və hərbi rəhbərlərin də törədilmiş cinayətlərə görə qanun qarşısında cavab verməli olmasıdır. Heç bir siyasi status və ya iddia insanı hüquqi məsuliyyətdən üstün edə bilməz. Azərbaycanın suverenliyini bərpa etməsindən sonra separatçı qurumun rəhbərlərinin məhkəmə qarşısına çıxarılması dövlətin hüquqi iradəsinin təzahürüdür. Burada söhbət qisasçılıqdan deyil, ittihamların məhkəmə qaydasında araşdırılmasından və məsuliyyətin hüquqi prosedurlar çərçivəsində müəyyənləşdirilməsindən gedir. Bakıda keçirilən prosesin tarixi əhəmiyyəti də bundan ibarətdir: dövlətin ərazi bütövlüyünə qarşı yönəlmiş əməllər siyasi bəyanatlarla ört-basdır edilə bilməz.

İlham Əliyevin çıxışında xalqımızın mənəvi üstünlüyünü ifadə edən fikirlər də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan xalqı Xocalı faciəsinin, işğalın, dağıntıların və məcburi köçkünlük ağrısının ağır nəticələrini yaşayıb. Bununla belə, Azərbaycan öz davranışını qarşı tərəfin qanunsuz əməlləri ilə eyniləşdirməyib, məsuliyyət məsələsinin hüquqi müstəvidə həllinə üstünlük verib. Bu yanaşma qalib dövlətin siyasi yetkinliyini və hüquqa münasibətini göstərir. Hərbi qələbə dövlətin gücünü nümayiş etdirirsə, qələbədən sonrakı davranış onun siyasi mədəniyyətini ortaya qoyur. İlham Əliyevin mövqeyində qətiyyətlə hüquqa hörmət bir araya gəlir. Tarixi faciələr unudulmamalı, lakin onlar yeni düşmənçilik dalğasına çevrilməməlidir. Ədalətin təmin olunması qisasçılıq deyil, gələcəkdə oxşar cinayətlərin qarşısını almağa yönəlmiş hüquqi və mənəvi məsuliyyətdir.

Avropa Şurası və Avropa Parlamenti ilə bağlı səsləndirilən fikirlər isə beynəlxalq münasibətlərdə ikili standartlar problemini yenidən gündəmə gətirir. Dövlət Başçısının tənqidinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyünün pozulduğu, beynəlxalq qərarların icra olunmadığı dövrdə lazımi prinsipiallıq göstərməyən bəzi Avropa institutları ölkəm öz suverenliyini bərpa etdikdən sonra ona qarşı daha sərt mövqe nümayiş etdirirlər.

Burada əsas məsələ tənqidin mövcudluğu deyil, beynəlxalq hüququn hansı meyarlarla tətbiq olunmasıdır. Ərazi bütövlüyü, suverenlik və dövlətlərin hüquq bərabərliyi universal prinsiplərdirsə, onlar siyasi maraqlardan asılı olmayaraq bütün ölkələrə eyni qaydada şamil edilməlidir. Bir dövlətin hüquqları pozularkən susmaq, həmin dövlət öz hüquqlarını bərpa etdikdə isə onu hədəfə almaq ciddi ziddiyyət yaradır.

Dövlət başçısının Avropa Şurası və Avropa Parlamentini beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin nümunələri kimi səciyyələndirməsi də məhz bu siyasi ziddiyyətlərə yönəlmiş sərt mesajdır. Beynəlxalq institutların nüfuzu onların adları və tarixi statusları ilə deyil, elan etdikləri prinsiplərə nə dərəcədə sadiq qalmaları ilə ölçülür. Azərbaycanla münasibətlərdə obyektivlik, qarşılıqlı hörmət və hüquqi bərabərlik əsas götürülməlidir.

Ölkə başçısının çıxışındakı ən fundamental tezislərdən biri BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən real mexanizmlərin yaradılması zərurətidir. Azərbaycanın təcrübəsi bu problemin miqyasını açıq göstərir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi dörd qətnamə uzun illər ərzində lazımi səviyyədə icra olunmadı. Nəticədə münaqişə onilliklər boyu davam etdi, yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü, şəhər və kəndlər dağıdıldı.

Bu təcrübə beynəlxalq sistem qarşısında prinsipial sual qoyur.

Qərarların icrasını təmin edən mexanizmlər yoxdursa, onların qəbul edilməsi münaqişələrin həlli üçün nə dərəcədə təsirli ola bilər? Hüquqi sənədlər yalnız icra olunduqda real nəticə verir. Bunun üçün siyasi iradə, institusional məsuliyyət və bütün dövlətlərə eyni hüquqi meyarların tətbiqi vacibdir.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə bu məsələnin yalnız bəyanatlarla həll olunmadığını göstərdi. Lakin beynəlxalq hüququn işləkliyi ayrı-ayrı dövlətlərin öz imkanları hesabına hüquqlarını bərpa etməsindən asılı qalmamalıdır. Qətnamələrin icrasını təmin edən mexanizmlər münaqişələrin uzanmasının və yeni qarşıdurmaların yaranmasının qarşısını almağa xidmət etməlidir. İlham Əliyevin çağırışı təkcə Azərbaycanın təcrübəsindən doğan tələb deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminin səmərəliliyinə dair mühüm mesajdır.

Prezidentin çıxışındakı bütün tezisləri birləşdirən əsas xətt Azərbaycanın tarixi ədalətə, suverenliyə və hüququn aliliyinə söykənən siyasi mövqeyidir. İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün bərpa olunması milli iradənin, dövlət quruculuğunun və uzunmüddətli siyasi mübarizənin nəticəsi kimi müasir tariximizdə dönüş nöqtəsi oldu. Bu gün həmin nailiyyətin siyasi və hüquqi nəticələrinin qorunması, gələcək nəsillərin təhlükəsizliyinin təmin edilməsi və regionda dayanıqlı sülhün qurulması qarşıda duran əsas vəzifələrdəndir.

Azərbaycan keçmişin faciələrini unutmadan gələcəyə baxır. Ermənistanla münasibətlərin normallaşması və Cənubi Qafqazda əməkdaşlığın genişlənməsi üçün qarşıdurma siyasətindən uzaqlaşmaq, tarixi reallıqları qəbul etmək və dövlətlərin suverenliyinə hörmət etmək zəruridir. Eyni zamanda, beynəlxalq institutlar da öz qərarlarının icrasına və elan etdikləri prinsiplərin ardıcıl tətbiqinə görə məsuliyyət daşımalıdırlar.

Göründüyü kimi, İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündə səsləndirdiyi mesajlar yalnız keçmiş münaqişəyə siyasi qiymət vermir, həm də beynəlxalq münasibətlərin gələcəyi üçün prinsipial mövqe ortaya qoyur. Tarixi həqiqətlər unudulmamalı, müharibə cinayətlərinə görə məsuliyyət təmin edilməli, ikili standartlara son qoyulmalı və beynəlxalq hüququn qərarları real icra mexanizmləri ilə dəstəklənməlidir. Çünki ədalət təmin edilmədən dayanıqlı sülh qurmaq mümkün deyil.

Cavanşir Abbaslı
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir