Paşinyanın “Qarabağ Ermənistandır” şüarını “Dəmir Yumruq” susdurdu

Paşinyanın “Qarabağ Ermənistandır” şüarını “Dəmir Yumruq” susdurdu

“AQEM-in VII Zirvə Görüşündə Prezident İlham Əliyev çıxışında qlobal hüquq sisteminin əsas zəifliyinə işarə etdi və protokol xarakterli xoş sözlərlə kifayətlənmədi. Dövlət başçısı iki sədrlik ilinin yekunlarından danışmaqla yanaşı, beynəlxalq münasibətlərin ən ağrılı sualını gündəmə gətirdi. Qərarlar qəbul olunur, amma icra olunmursa, hüququn mənası nədir?”

Bu fikirlərlə Milli Məclisin deputatı Naqif Həmzəyev Musavat.com-da çıxış edib.

NAQİF.jpg (102 KB)

Parlament təmsilçisi ölkə başçısının növbəti tarixi mesajlar verdiyinə də diqqət çəkib:

“BMT Təhlükəsizlik Şurası 1993-cü ildə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Bu qətnamələr 30 il kağız üzərində qaldı. Bu müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi işğal altında idi, bir milyona yaxın insan isə yurd-yuvasından didərgin düşmüşdü. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu isə imitasiya ilə məşğul oldu. Suala buradan başlamaq lazımdır. 1993-cü ildən 2020-ci ilə qədər hansı beynəlxalq mexanizm bu qətnamələrin icrasını təmin etdi? Eyni zamanda Ermənistanın əvvəlki rəhbərliyinin cavabdehliyini və məsuliyyətini də unutmaq olmaz. 2018-ci ildən sonrakı dövrü də bu çərçivədən kənarda saxlamamalıyıq. Misal olaraq, 2019-cu ildə Xankəndidə səslənən “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını Paşinyan səsləndirmişdi. O zaman bu işğal şəraitində verilmiş siyasi mesaj kimi dəyərləndirilmədi və bu bəyanatın beynəlxalq birlik tərəfindən ciddi qınaq doğurmadığı unudulmamalıdır. Bu gün sülh göyərçini kimi görünən Paşinyan əslində “Dəmir Yumruq”dan sonra, zamanla ağıllanmağa başladı. Bu gün isə sülh prosesinin yekunlaşmasını uzadır, məsuliyyətindən qaçmağa çalışır. Vaxtında sanksiyalar və təzyiq mexanizmləri işləsəydi, güc yolu ilə bərpa zərurəti yaranmazdı. Diplomatik yol otuz il sınaqdan keçdi, nəticə vermədi, 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ilin sentyabrında isə qısamüddətli əməliyyat suverenliyin bərpası ilə nəticələndi. Azərbaycan məğlub olana zərbə endirmədi, sülh təklif etdi və bir ildən çoxdur ki, sülh şəraitində yaşayır. BMT TŞ-nin və digər beynəlxalq təşkilatların qərarlarının icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr davam edəcək və yeniləri meydana çıxacaq. Bu, yalnız Cənubi Qafqaza aid deyil. Hər yerdə qərarlara məhəl qoymayan tərəf cəzasız qalırsa, güc yolu ilə həll cazibədar görünür”.

Naqif Həmzəyev vurğulayıb ki, Azərbaycan AQEM-ə sədrlik müddətində qurumun institusional və hüquqi baxımdan gücləndirilməsinə, nəqliyyat, rəqəmsallaşma, ətraf mühit, təhsil və elm sahələrində əməkdaşlığın genişlənməsinə nail olub:

“Bu, Bakının beynəlxalq arenada yalnız tələbkar yox, həm də konstruktiv tərəf kimi çıxış etdiyini göstərir. Dünya bu məsələyə nə vaxtadək susacaq? Cavab beynəlxalq birliyin özündən asılıdır”.

Cavanşir Abbaslı
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir