“Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin Ceyhan limanından İsrailə çatdırılması ətrafında yaradılan siyasi ritorika və gərginliyin səbəblərini hüquqi, mənəvi, strateji tərəfdaşlıq və Fələstin xalqının faciəsi baxımından izah etməyə çalışmaq üçün heç bir əsas yoxdur”.
Bunu Musavat.com-a açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib. Onun sözlərinə görə, xam neft beynəlxalq hüquqi və kommersiya müqavilələri əsasında Ceyhan limanına ötürülür və oradan təkcə İsrailə deyil, bir sıra Avropa ölkələrinə, Hindistana və Çinə də satılır.
Siyasi şərhçi bildirib ki, ixracatçı Azərbaycan, tranzit ölkələr Gürcüstan və Türkiyə, eləcə də alıcı İsrail və digər dövlətlər beynəlxalq müqavilələr çərçivəsində fəaliyyət göstərirlər. Buna görə də ayrı-ayrı şəxslərin və ya qrupların istəyinə uyğun olaraq tranzit boru xəttinə və xam neft satışına istənilən vaxt müdaxilə etmək mümkün deyil.
Qulamhüseyn Əlibəyli qeyd edib ki, tranzit ölkəsi ilə neft hasilatçısı və ixracatçısının funksiyaları fərqlidir. Lakin bu fərq həmin dövlətlərə münasibətdə seçici yanaşmaya və ikili standartlara haqq qazandırmır.
“Əlbəttə, tranzit ölkəsi ilə neft hasilatçısı və satışçısının funksiyaları eyni deyil. Bu fərq onların məsuliyyətinin də avtomatik olaraq eyniləşdirilməsinə imkan vermir. Ancaq fərqli funksiyalar bu dövlətlərə seçici, bu zaman birinə hüquqi, digərinə guya “mənəvi” meyarlarla yanaşmağa haqq qazandıra bilməz”, – deyə o vurğulayıb.
Siyasi şərhçinin fikrincə, Türkiyənin tranzit operatoru kimi beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri nəzərə alınırsa, Azərbaycanın hasilatçı və ixracatçı kimi iqtisadi maraqları, müqavilə öhdəlikləri və xarici siyasət seçimləri də eyni yanaşma ilə qiymətləndirilməlidir.

“Türkiyənin iştirakının beynəlxalq müqavilələrlə izah edilib, Azərbaycanın iştirakının ‘qardaşlığa xəyanət’ kimi təqdim edilməsi yolverilməzdir. Türkiyənin tranzit operatoru kimi müqavilə öhdəlikləri nəzərə alınırsa, Azərbaycanın hasilatçı və ixracatçı kimi iqtisadi maraqları, müqavilə öhdəlikləri və xarici siyasət seçimlərinin nəzərə alınmaması məsələyə açıq-aydın ikili standartlarla, qərəzli yanaşmanın nəticəsidir”, – deyə Q.Əlibəyli bildirib. O hesab edir ki, eyni ticarət prosesində iştirak edən dövlətlərə münasibətdə fərqli meyarların tətbiqi mübahisənin obyektiv təhlilinə mane olur.
Qulamhüseyn Əlibəyli Fələstin xalqının yaşadığı faciənin də siyasi mübahisələrdə seçici ittihamlar üçün vasitəyə çevrilməsinin düzgün olmadığını bildirib. Onun sözlərinə görə, insanların əzablarını əsas gətirərək yalnız müəyyən bir ölkəni hədəfə almaq, eyni prosesdə digər iştirakçıların rolunu isə hüquqi arqumentlərin arxasında gizlətmək iddiaların mənəvi əsaslarını zəiflədir.
Siyasi şərhçi Azərbaycanın həm İsraillə, həm də Fələstinlə diplomatik münasibətlərinin olduğunu xatırladıb. O qeyd edib ki, İsrail Azərbaycanın dövlət müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə 7 aprel 1992-ci ildə qurulub. İsrailin Azərbaycandakı səfirliyi 1993-cü ilin avqustunda, Azərbaycanın İsraildəki səfirliyi isə 2023-cü ilin martında fəaliyyətə başlayıb. Bundan başqa, Bakıda Fələstin Dövlətinin səfirliyi 2010-cu ildən, Azərbaycanın Fələstindəki nümayəndəliyi isə 2023-cü ildən fəaliyyət göstərir.
“Yəni Azərbaycanın İsraillə və Fələstinlə münasibətləri açıq diplomatik fəaliyyətdir. Bu diplomatik fəaliyyətdə Türkiyə dövləti və cəmiyyəti əleyhinə heç nə yoxdur”, – deyə o vurğulayıb. Q.Əlibəyli bildirib ki, Azərbaycan Fələstin dövlətinin tam hüquqlu şəkildə yaradılmasını müdafiə edir və Fələstinə humanitar yardım göstərir.
Siyasi şərhçi, həmçinin İsraildə qondarma “erməni soyqırımı”nın tanınması məsələsi gündəmə gələndə Azərbaycanın diplomatik fəallığının həmin məsələnin parlament müzakirəsinə çıxarılmasının qarşısının alınmasında rol oynadığını qeyd edib.

Qulamhüseyn Əlibəylinin sözlərinə görə, hər hansı dövlətlə diplomatik münasibətlərin, iqtisadi və ticarət əməkdaşlığının mövcudluğu həmin ölkənin hökumətinin bütün qərarlarını və fəaliyyətini bəyənmək anlamına gəlmir.
“Bu baxımdan Azərbaycanın İsraillə münasibətlərini qabardıb Fələstinlə əlaqələrinin üstündən sükutla keçmək, Azərbaycanın İsraillə iqtisadi və ticarət əməkdaşlığını İsrailin Fələstində törətdiklərinə haqq qazandıran fəaliyyət kimi qələmə vermək məsələyə primitiv, qərəzli yanaşma və siyasi riyakarlıqdır”, – deyə siyasi şərhçi bildirib.
O əlavə edib ki, Azərbaycanın suveren dövlət kimi müstəqil xarici siyasət yürütməsi onu tənqiddən, o cümlədən Türkiyədə yaşayan insanların tənqidindən kənarda saxlamır. Eyni prinsip Türkiyəyə və digər dövlətlərə də aiddir.
Bununla belə, şərhçinin fikrincə, tənqid əsaslı olmalı və hamıya tətbiq edilə bilən meyarlar üzərində qurulmalıdır: “Əgər iddia neft ticarətinin mənəvi nəticələri haqqındadırsa, həmin sual istehsalçıya, satıcıya, daşıyıcıya və tranzit iştirakçılarına münasibətdə ardıcıl qoyulmalıdır”, – deyə o vurğulayıb.
Siyasi şərhçi Türkiyədə Azərbaycana, Azərbaycanda isə Türkiyəyə qarşı sosial şəbəkələrdə və mediada səsləndirilən qarşılıqlı ittihamları da təəssüfləndirici hal kimi qiymətləndirib. Onun sözlərinə görə, hər iki qardaş dövləti az qala bütün problemlərin səbəbkarı kimi təqdim etmək cəhdləri münasibətlərə zərər vura bilər.
Q.Əlibəyli hesab edir ki, medianın və sosial şəbəkələrin dövlətlərarası məsələlərə münasibətdə vahid mövqedən çıxış etməsi praktiki baxımdan mümkün olmasa da, ayrı-ayrı şəxslərin və siyasi çevrələrin fikirlərini bütövlükdə cəmiyyətin və ya dövlətin mövqeyi kimi təqdim etmək düzgün deyil.
“İsraillə diplomatik, iqtisadi və ticarət əlaqələrinə görə ayrı-ayrı şəxslər və ya siyasi çevrələr tərəfindən Azərbaycanın hədəfə alınmasını bütövlükdə Türkiyə cəmiyyətinə, yaxud dövlətinə aid etmək düzgün olmaz. Eləcə də həmin iddialara və ittihamlara münasibətdə Azərbaycandan səsləndirilən kəskin fikirləri bütövlükdə Azərbaycan cəmiyyətinin və dövlətinin ümumiləşdirilmiş mövqeyi kimi qiymətləndirmək olmaz”, – deyə o bildirib.
Siyasi şərhçinin fikrincə, Azərbaycan və Türkiyə arasında qarşılıqlı ittihamların genişləndirilməsi əvəzinə, mübahisəli məsələlər konkret arqumentlər əsasında müzakirə olunmalıdır.
Şahanə Rəhimli
Musavat.com

