Müstəqilliyin bərpasından 35 il ötür: Azərbaycan bu tarixi yolu keçib

Müstəqilliyin bərpasından 35 il ötür: Azərbaycan bu tarixi yolu keçib

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 35 il ötür. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı xalqımızın azadlıq iradəsinin hüquqi ifadəsi, müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm tarixi mərhələ oldu. Bu sənədlə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək dövlət müstəqilliyini bərpa etdi və yeni tarixi inkişaf yoluna qədəm qoydu.

Müstəqilliyin bərpası Azərbaycan xalqının uzun illər ərzində qoruduğu azadlıq arzusunun gerçəkləşməsi idi. Ötən 35 il ərzində ölkəmiz mürəkkəb siyasi, iqtisadi və hərbi sınaqlardan keçib, dövlət institutlarının formalaşdırılması, milli suverenliyin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələləri geridə qoyub.

28 Maydan 18 Oktyabra uzanan müstəqillik yolu

Azərbaycanın müasir dövlətçilik tarixinin kökləri 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinə gedib çıxır. Həmin gün qəbul edilən İstiqlal Bəyannaməsi xalqımızın müstəqil dövlət qurmaq iradəsini dünyaya bəyan etdi. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin inkişafında, parlamentçilik təcrübəsinin formalaşmasında və demokratik idarəçilik prinsiplərinin təşəkkülündə mühüm rol oynadı.

CUMHUR.jpg (71 KB)

1920-ci il aprelin 28-də Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsi ilə Xalq Cümhuriyyətinin mövcudluğuna son qoyuldu. Bununla belə, müstəqil dövlətçilik ideyası xalqın yaddaşından silinmədi. Sonrakı onilliklər ərzində milli kimliyin, dilin, mədəniyyətin və dövlətçilik ənənələrinin qorunması müstəqilliyin yenidən bərpası üçün mənəvi zəmin yaratdı.

XX əsrin sonlarında Sovet İttifaqında baş verən siyasi proseslər, mərkəzi hakimiyyətin zəifləməsi və müttəfiq respublikalarda milli azadlıq hərəkatlarının güclənməsi Azərbaycanın da müstəqilliyə qayıdışı üçün tarixi şərait yaratdı. Xalqın azadlıq və suverenlik tələbləri getdikcə gücləndi, milli dövlətçilik ideyası ictimai-siyasi həyatın əsas istiqamətlərindən birinə çevrildi.

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Soveti dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul etdi. Bu sənəd müstəqil dövlət quruculuğu yolunda mühüm siyasi addım oldu və sonrakı hüquqi qərarlar üçün əsas yaratdı. 1991-ci il oktyabrın 8-də Ali Sovetin növbədənkənar sessiyası işə başladı. Bir neçə gün davam edən müzakirələrdən sonra oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Beləliklə, Azərbaycan dövlət müstəqilliyini hüquqi cəhətdən bərpa etdi.

b2431ae3-3972-38bf-865e-6e394a4abe77_1200.jpg (83 KB)

Konstitusiya Aktında 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsinə və 1991-ci il avqustun 30-da qəbul olunmuş Bəyannaməyə istinad edilir, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit olunurdu. Altı fəsil və 32 maddədən ibarət olan sənəd müstəqil dövlətin hüquqi əsaslarını müəyyənləşdirən fundamental akt kimi tarixə düşdü.

Müstəqilliyin bərpası yalnız parlamentin qəbul etdiyi tarixi sənədlə məhdudlaşmadı. 1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq referendumu keçirildi. Səsverməyə çıxarılan əsas məsələ xalqın dövlət müstəqilliyinə münasibətinin müəyyənləşdirilməsi idi.
Referendumda iştirak edən seçicilər Azərbaycanın dövlət müstəqilliyinə və suverenliyinə dəstək verdilər. Beləliklə, müstəqilliyin bərpası xalqın iradəsi ilə də təsdiqləndi və yeni dövlətçilik mərhələsinin legitim əsasları möhkəmləndi.

Müstəqil dövlətin atributlarının təsdiqi də bu prosesin mühüm tərkib hissəsi idi. Üçrəngli Dövlət Bayrağı, Dövlət Himni və Dövlət Gerbi Azərbaycanın milli kimliyini, tarixi irsini və suverenliyini təcəssüm etdirən rəmzlər kimi dövlətçilik sistemində öz yerini aldı. Bu atributlar müstəqil Azərbaycanın dünyada tanınmasının və milli birliyin möhkəmlənməsinin simvollarına çevrildi.

Müstəqilliyin ilk illəri: ağır sınaqlar və dövlətçilik uğrunda mübarizə

Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə ciddi siyasi, iqtisadi və hərbi problemlərlə üzləşdi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqların işğalı, qaçqın və məcburi köçkünlərin yaranması, iqtisadi əlaqələrin pozulması və daxili siyasi qarşıdurmalar dövlətin inkişafını çətinləşdirirdi. Ölkədə siyasi qeyri-sabitlik və idarəçilik böhranı müstəqilliyin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaradırdı. Dövlət qurumlarının möhkəmləndirilməsi, iqtisadiyyatın bərpası, ordunun formalaşdırılması və ölkənin ərazi bütövlüyünün qorunması qarşıda duran əsas vəzifələr idi.

1993-cü ildə Azərbaycanda yaranmış ağır siyasi böhran dövlətçiliyin taleyini təhlükə altına qoymuşdu. Həmin ilin iyununda xalqın tələbi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın sonrakı inkişafında mühüm dönüş nöqtəsi oldu. Siyasi sabitliyin bərpası, dövlət institutlarının möhkəmləndirilməsi və idarəçilik sisteminin formalaşdırılması istiqamətində addımlar atıldı. Müstəqilliyin qorunması və möhkəmləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.

HEYDER SON.jpg (33 KB)

Müstəqilliyin bərpasından sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi yerini möhkəmləndirmək idi. Xarici əlaqələrin qurulması, diplomatik nümayəndəliklərin fəaliyyəti, beynəlxalq təşkilatlarla əməkdaşlıq və milli maraqların beynəlxalq platformalarda müdafiəsi dövlət quruculuğunun mühüm istiqamətlərinə çevrildi.

Azərbaycanın 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilməsi ölkənin beynəlxalq hüququn subyekti kimi mövqeyinin möhkəmlənməsində mühüm hadisə oldu. Sonrakı illərdə Azərbaycan müxtəlif beynəlxalq və regional təşkilatlarla əlaqələrini genişləndirdi, enerji təhlükəsizliyi, nəqliyyat, ticarət və humanitar əməkdaşlıq sahələrində tərəfdaşlıqlar qurdu.

Xarici siyasətdə əsas məqsədlərdən biri ölkənin suverenliyinin və ərazi bütövlüyünün qorunması, milli maraqların təmin edilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi idi. Azərbaycanın geostrateji mövqeyi, enerji resursları və nəqliyyat dəhlizləri ölkənin regional proseslərdə rolunu artıran amillərdən oldu.

Ərazi bütövlüyünün bərpası: müstəqillik tarixinin yeni mərhələsi

Azərbaycanın dövlət müstəqilliyinin 35 illik tarixində ən mühüm hadisələrdən biri ərazi bütövlüyünün bərpası ilə bağlı proseslərdir. Müstəqilliyin ilk illərindən ölkənin qarşılaşdığı əsas problemlərdən biri Ermənistanın hərbi təcavüzü və Azərbaycan ərazilərinin işğalı idi. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni mərhələnin əsasını qoydu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun hərbi əməliyyatları nəticəsində işğal altında olan bir sıra ərazilər azad edildi, noyabrın 8-də Şuşa şəhəri üzərində nəzarət bərpa olundu.

İLHAM ESGER.jpg (246 KB)

Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı və bir sıra ərazilərin Azərbaycana qaytarılması təmin edildi.

Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə başlanıldı. İnfrastrukturun qurulması, yolların çəkilməsi, hava limanlarının tikilməsi, yaşayış məntəqələrinin yenidən salınması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təşkili dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.

ANTİTERROR SON.jpg (60 KB)

2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazilərində suverenliyi bərpa olundu. Bu hadisə ölkənin müasir dövlətçilik tarixində mühüm mərhələ kimi qiymətləndirilir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində yaşayış məntəqələri bərpa olunur, məktəblər, sosial obyektlər və infrastruktur layihələri istifadəyə verilir. Doğma torpaqlarından uzun illər ayrı düşmüş ailələrin geri qayıtması müstəqilliyin yalnız siyasi-hüquqi anlayış deyil, həm də insanların təhlükəsiz və öz torpaqlarında yaşamaq hüququ ilə bağlı olduğunu göstərir.

18 Oktyabr niyə Müstəqilliyin Bərpası Günüdür?

Azərbaycanın dövlətçilik tarixində 28 May və 18 Oktyabr fərqli, lakin bir-birini tamamlayan məna daşıyır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə müstəqil dövlətçilik tarixinin yeni mərhələsi başlandı. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdi. 2021-ci il oktyabrın 15-də qəbul edilmiş “Müstəqillik Günü haqqında” qanunla bu tarixlərin rəsmi adları dəqiqləşdirildi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. Bu dəyişiklik Azərbaycanın dövlətçilik tarixinin iki mühüm mərhələsini – ilk müstəqil respublikanın yaradılmasını və müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpasını – ayrı-ayrılıqda, tarixi mahiyyətinə uyğun şəkildə ifadə edir.

Xalidə Gəray
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir