İşğaldan azad edilən ərazilərdə ucuz qiymətə məhsul satışı: Növbəti dayanacaq hara olacaq?

İşğaldan azad edilən ərazilərdə ucuz qiymətə məhsul satışı: Növbəti dayanacaq hara olacaq?

İşğaldan azad edilən ərazilərdə məskunlaşan əhalinin sayı artdıqca vətəndaşlar üçün bir çox istiqamətdə əlverişli şəraitin yaradılması zərurəti yaranır.

Məlum olduğu kimi, son illərdə paytaxt Bakı da daxil olmaqla, bir sıra bölgələrimizdə Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunur. Son zamanlar redaksiyamıza daxil olan müraciətlərdən biri də işğaldan azad edilən ərazilərdə belə yarmarkaların təşkil olunması ilə bağlıdır. Çünki bu yarmarkalarda satış qiymətləri normal bazar qiymətlərindən nisbətən ucuz olur.

Aqrar Tədarük və Təchizat ASC-nin şöbə müdiri Nilufər Mustafaqızı Musavat.com-un sorğusuna cavab olaraq bildirib ki, indiyədək işğaldan azad olunmuş ərazilərdə yerli istehsalçıların məhsullarının satışının təşviqi, fermerlər üçün satış imkanlarının genişləndirilməsi və regionlarda yarmarka ənənəsinin formalaşdırılması məqsədilə müxtəlif formatlı yarmarkalar təşkil edilib:

“Xankəndi şəhərində həftəsonu, Novruz və Yeni il yarmarkaları, Zəngilan rayonu, Ağalı kəndində həftəsonu və Novruz yarmarkaları, Cəbrayıl rayonu, Horovlu kəndində isə Novruz yarmarkası keçirilib. Qeyd olunan yarmarkalarda ümumilikdə 50-yə yaxın fermer iştirak edib, yerli istehsalçılar tərəfindən təxminən 70 çeşiddə kənd təsərrüfatı və digər yerli istehsal məhsulları satışa çıxarılıb. Yarmarkalar fermerlərin məhsullarını birbaşa istehlakçılara təqdim etməsinə, yerli istehsalın təşviqinə və istehsalçılarla alıcılar arasında əlaqələrin genişləndirilməsinə şərait yaradıb. Növbəti mərhələdə yarmarkaların coğrafiyasının genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur. Bu çərçivədə Ağdam rayonu, Şuşa şəhəri və Xankəndi şəhərində yarmarkaların təşkili imkanları nəzərdən keçirilir. Yarmarkaların keçirilmə tarixləri, məkanları və təşkilati məsələləri müvafiq şərait və aidiyyəti məsələlər nəzərə alınmaqla dəqiqləşdiriləcək”, -deyə qurumun rəsmisi qeyd edib.

Nigar Həsənli
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir