Rusiyanın Sankt-Peterburq şəhərində beş nəfərdə meymunçiçəyi virusunun aşkarlanması xəstəliklə bağlı narahatlığı yenidən gündəmə gətirib.
Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Modern.az-a ölkədə 2026-cı il ərzində meymunçiçəyi (mpox) virusuna yoluxma faktı qeydə alınmayıb.
Bildirilib ki, hazırda Azərbaycanda infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət sabitdir və tam nəzarət altındadır.
Meymunçiçəyi xəstəliyinin ölkəyə daxil olmasının qarşısının alınması məqsədilə sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri davam etdirilir. Eyni zamanda, tibb işçiləri arasında maarifləndirmə işləri aparılır, əhaliyə isə profilaktik tövsiyələr verilir.
Vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək, xüsusilə xarici səfərlər zamanı sağlamlıqlarına diqqətlə yanaşmaq tövsiyə olunur.
Mərkəzdən qeyd edilib ki, hazırda Azərbaycanda meymunçiçəyi ilə bağlı real epidemioloji təhlükə mövcud deyil.
Xatırladaq ki, Rusiyada yoluxan beş xəstənin vəziyyətinin stabil olduğu, xəstəliyin yüngül və orta ağırlıqda keçdiyi bildirilib. Meymunçiçəyi (mpox) virusu əsasən yaxın fiziki təmas yolu ilə yayılan infeksion xəstəlikdir. Xəstəliyin əsas əlamətlərinə qızdırma, baş və əzələ ağrıları, limfa düyünlərinin böyüməsi və dəri səpgiləri daxildir.

