Bu barədə Ölkə.az-a qurumdan məlumat verilib.
Bildirilib ki. səhiyyə nazirinin “2026–2027-ci ilin payız-qış mövsümündə respublikada kəskin respirator xəstəliklərə qarşı əksepidemik tədbirlərin gücləndirilməsi və qripə qarşı vaksinasiya kampaniyasının keçirilməsi barədə” əmrinə əsasən, mövsümi qripə qarşı vaksinasiyaya 2026-cı il oktyabrın 21-dən başlanılması nəzərdə tutulur.
“Qrip infeksiyasının ağırlaşmaları baxımından daha yüksək risk qrupuna daxil olan şəxslərə, xüsusilə səhiyyə işçilərinə, hamilə qadınlara, eləcə də 6 aylıqdan yuxarı, xroniki tənəffüs sistemi xəstəlikləri olan şəxslərə qripə qarşı peyvənd olunmaq tövsiyə edilir”, – Səhiyyə Nazirliyindən vurğulanıb.
Qeyd olunub ki, mövsümi qripə qarşı vaksinasiya xəstəlikdən qorunmanın və onun mümkün ağırlaşmalarının qarşısının alınmasının əsas profilaktik vasitələrindən biridir:
“Səhiyyə Nazirliyi əhalini mövsümi qripə qarşı profilaktik tədbirlərə əməl etməyə, o cümlədən vaksinasiya prosesində fəal iştirak etməyə çağırır.
Qripə qarşı vaksinasiya ödənişsiz həyata keçirilir və vətəndaşların yaşayış və ya iş yeri üzrə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır”.

