İnternetdən saat aldı, karton çıxdı – İstehlakçılar belə aldadılır

İnternetdən saat aldı, karton çıxdı – İstehlakçılar belə aldadılır

Onlayn alış-veriş zamanı ödəniş qaydalarının təkmilləşdirilməsi və istehlakçıların hüquqlarının daha etibarlı qorunması məsələsi yenidən gündəmə gəlib. Milli Məclisdə “Elektron ticarət haqqında” Qanuna təklif olunan dəyişikliklər elektron ticarət sahəsində nağdsız ödəniş imkanlarının təkmilləşdirilməsini və istehlakçıların ödəniş şərtləri barədə daha ətraflı məlumatlandırılmasını nəzərdə tutur. Bu dəyişikliklər onlayn alış-veriş prosesinin daha şəffaf və rahat təşkilinə, alıcıların ödəniş zamanı qarşılaşdıqları çətinliklərin azaldılmasına təsir göstərə bilər. Bununla belə, yeni qaydaların istehlakçıların gündəlik alış-verişinə necə təsir edəcəyi, onların hüquqlarının qorunması baxımından hansı nəticələr doğuracağı və elektron ticarət zamanı yaranan problemlərin həllinə nə dərəcədə kömək edəcəyi suallar doğurur.

Bəs “Elektron ticarət haqqında” Qanuna təklif olunan dəyişikliklər vətəndaşların onlayn alış-veriş zamanı qarşılaşdıqları əsas problemlərin həllinə nə dərəcədə kömək edə bilər? Yeni qaydalar alıcılar üçün konkret hansı üstünlükləri yaradacaq?

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a danışıb:

“Elektron ticarətlə bağlı istehlakçılardan qurumumuza çoxsaylı şikayətlər daxil olur. Bu şikayətlər illərdir davam edir və getdikcə artır. Ümumiyyətlə, ənənəvi ticarətlə elektron ticarət arasında ciddi rəqabət var. Müasir dövrdə rəqəmsal istehlakçılar elektron ticarət xidmətlərindən daha çox istifadə etməyə çalışırlar. Lakin təəssüf ki, saxta malların əhəmiyyətli hissəsi məhz elektron ticarət vasitəsilə satılır. Satışa çıxarılan saxta dərmanların da böyük hissəsinin, təxminən 70 faizinin elektron ticarət üzərindən satıldığı bildirilir. İstehlakçı hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən təşkilatlara bu istiqamətdə çoxsaylı şikayətlər daxil olur. Şikayətlərin xarakteri isə əsasən belədir: vətəndaş sifariş verir, kuryer malı gətirərək metro çıxışında, bəzən axşam saatlarında, qaranlıqda istehlakçıya təhvil verir, pulunu alır, lakin kassa çeki təqdim etmir və gedir. İstehlakçı isə sonradan görür ki, gətirilən mal onun sifariş etdiyi məhsul deyil. Əlində kuryerin telefon nömrəsindən başqa heç nə qalmır.

eyyub son.PNG (353 KB)

Digər hallarda vətəndaş xarici elektron ticarət subyektlərindən sifariş verir, lakin gətirilən məhsul onun tələbatına uyğun olmur. Bu zaman malın dəyişdirilməsi və ya pulun geri qaytarılması ilə bağlı problemlər yaranır. Mürəkkəb texniki vasitələr sifariş edilir, məhsul xarab vəziyyətdə gəlir və məsuliyyət istehlakçının üzərinə qoyulur. Bir sözlə, elektron ticarətdə istehlakçı hüquqlarının pozulması geniş yayılmış problemdir. Təəssüf ki, istehlakçılar elektron ticarət subyektlərinə bəzən həddindən artıq etibar edirlər. Biz həmişə vurğulayırıq ki, yalnız Azərbaycanda ofisi, fəaliyyət göstərdiyi ünvanı və məsul şəxsləri olan elektron ticarət subyektlərinə güvənmək lazımdır. Məsələn, bizə daxil olan şikayətlərdən birində vətəndaşın saat sifariş etdiyi, pulunu ödədiyi, lakin ona kartondan hazırlanmış saat göndərildiyi bildirilir. Başqa bir vətəndaş hamam dəsmalı sifariş edib, lakin ona uzunluğu cəmi 20 santimetr olan dəsmal göndərilib. Bu kimi halların nümunələri bizim ofisimizdə mövcuddur”.

Eyyub Hüseynovun sözlərinə görə, elektron cihazların və məişət mallarının alınması zamanı qarşılaşılan digər mühüm problem servis xidmətinin göstərilməməsidir:

“Həmçinin elektron cihazların və məişət mallarının bir çox hallarda servis xidməti göstərilmir. Servis xidməti olmadıqda isə həmin məhsul istehlakçının əlində qalır və yararsız mala çevrilir. Buna görə də qanunvericilikdə bu kimi hallar mütləq nəzərə alınmalı, istehlakçının tələbatını ödəməyən və ya qüsurlu olan malların dəyişdirilməsi və geri qaytarılması məsələsi daha sərt və birmənalı şəkildə tənzimlənməlidir”.

Qurum sədri elektron ticarətlə bağlı qanunvericiliyə təklif edilən dəyişiklikləri müsbət qiymətləndirsə də, bu sahədə qərarların qəbulundan əvvəl ictimai müzakirələrin keçirilməsinin vacibliyini vurğulayıb:

“Təəssüf edirəm ki, Milli Məclisdə hər kəsin maraqlarına toxunan belə məsələlər müzakirə edilərkən ictimai müzakirələr təşkil olunmur. Çox təəssüf ki, 30 il ərzində ticarətlə bağlı istehlakçı hüquqlarının müdafiəsi sahəsində toplanmış çoxsaylı məlumatlar və təcrübə nəzərə alınmır. Bizim istehlakçılar adından deyəcəyimiz çox söz var. Ümumiyyətlə, Milli Məclisdə istehlakçı hüquqları barədə cəmi 10 gün əvvəl bir dəfə danışılıb. Halbuki 30 il ərzində, 1995-ci ildə qəbul edilmiş qanunun yenilənməsi məsələsi də daxil olmaqla, istehlakçı hüquqları ilə bağlı problemlər yetərincə müzakirə edilməyib. Hətta Ombudsmanın 2025-ci il və əvvəlki illər üzrə illik hesabatlarında da istehlakçı hüquqları məsələsinə bir kəlmə belə yer verilməyib. Bununla belə, elektron ticarətlə bağlı qanunvericiliyə təklif edilən dəyişiklikləri alqışlayıram. Lakin qanunvericilik istehlakçıların hüquqlarının etibarlı qorunması ilə bağlı müasir tələblərə cavab verməli, eyni zamanda istehlakçı maarifçiliyi də ön plana çəkilməlidir. Arzu edirəm ki, müzakirələrə ictimai təşkilatların və medianın nümayəndələri də dəvət olunsun, məsələ geniş ictimai müzakirəyə çıxarılsın. Çünki bu sahədə hər kəsin deyəcəyi söz var. Elektron ticarət və istehlakçı hüquqlarının müdafiəsi hamıya aid olan məsələlərdir”.

Xalidə Gəray
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir