Allahsızlığın rəsmi ideologiya olduğu SSRİ-də ilklərə imza atmış Allahşükür Paşazadənin görünən və görünməyən tərəfləri
Bu günlərdə hamının gözü Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin nə deyəcəyində idi. Çünki məktəblərdə vahid məktəbli geyimi ilə bağlı tətbiq olunan qərara verilən reaksiyalar fonunda ilk növbədə bütün Qafqazın şeyxinin münasibətinə əşhədü-ehtiyac görünürdü.
Nəhayət, şeyx danışdı və hicabla bağlı öz rəyini ictimaiyyətə açıqladı. Paşazadə məsələnin həllində ağsaqqallığın vacib olduğunu vurğuladı. Dedi ki, heç kim zor tətbiq etməklə məqsədinə çata bilməz; problem sülh və danışıqlar yolu ilə həllini tapmalıdır.
Bütün bu məsələlərin – din, hicab, məktəb mövzularının aktual vaxtında bu həftənin “Persona” rubrikasına QMİ sədrinin həyat və fəaliyyətini yazmağı qərara aldıq. Kəsəsi, bütün Qafqazın şeyxi kimdir – bu haqda bir qədər sonra “Yeni Müsavat”da…

46 ildir dəyişməyən məqam
Şeyxülislam Allahşükür Hümmət oğlu Paşazadə 1949-cu il avqustun 26-da Lənkəranın Cil kəndində anadan olub. O, orta məktəbdə oxumaqla yanaşı yerli ruhanilərdən dini təhsil almağa müvəffəq olub. 1968-1970-ci illərdə Özbəkistanın Buxara şəhərində “Mir-Ərəb” mədrəsəsində təhsilini başa vuran Allahşükür Paşazadə 1971-ci ildə İmam əl-Buxari adına Daşkənd İslam İnstitutunun ilahiyyat fakültəsinə daxil olub və 1975-ci ildə bu ali ruhani təhsil ocağını müvəffəqiyyətlə bitirərək tam ali dini təhsilə yiyələnib.
Allahşükür Paşazadə 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsində məsul katib vəzifəsində çalışıb, 1978-ci ildə isə Təzəpir məscidinin axundu və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini seçilib. 1980-ci ildə isə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilərək Şeyxülislam rütbəsi alıb, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədridir. Beləliklə, 46 ildir ki, Paşazadə Qafqazın şeyxidir. O, bu illər ərzində Meydan hərəkatı, 20 Yanvar hadisələrinin şahidi olub, prezidentlərlə işləyib və hər zaman nüfuz sahibi olub. Yəni prezidentlər dəyişsə də, onların şeyxə münasibəti dəyişməyib.
Ümumiyyətlə, şeyxülislamlıq dönəminin ilk çağları sovet rejiminin gərgin illərinə təsadüf etdiyindən, Allahşükür Paşazadə müxtəlif siyasi hadisələrin real şahidi və aktiv iştirakçısı olub. SSRİ dönəmində ölkədə cəmi dörd müsəlman ruhani idarəsi mövcud idi: Orta Asiya və Qazaxıstan müsəlmanlarının Ruhani İdarəsi (Daşkənd), Şimali Qafqaz və Dağıstan müsəlmanları Ruhani İdarəsi (Mahaçqala), SSRİ-nin Avropa hissəsi və Sibir müsəlmanları Ruhani İdarəsi (Ufa) və Bakıda yerləşən Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi (ZMRİ).
Bu dörd idarədən üçü sovetin dağılmasından sonra baş verən hadisə və dəyişikliklərə davam gətirməyərək dağılmaq və ya forma dəyişdirmək zərurətində qaldı. Yalnız ZMRİ Paşazadənin bölgədəki nüfuzu və şəxsi məziyyətləri sayəsində nəinki özünün mahiyyətini dəyişmədi, hətta daha da genişlənərək, möhkəmlənərək regionun ən güclü dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinə çevrildi.

Şeyxülislam haqda donos
30 yaşında onun Şeyxülislam seçilməsi böyük uğur idi. O zaman bu postu tutmaq üçün respublika rəhbərliyinin razılığı vacib idi. Təqdim olunmuş namizədlərin anketi ilə tanış olan Azərbaycan Kommunist Partiyasının Birinci katibi Heydər Əliyevin diqqətini Paşazadənin sənədləri çəkir və rəhbər onun QMRİ-yə sədr olmasını təklif edir. Bu qərar o zaman üçün mühüm jest sayılırdı.
Aktiv fəaliyyətə başlayan Paşazadə bir ildən sonra partiya elitasını heyrətləndirən müraciətə imza atır. Şeyxülislam dağıdılmış Bibiheybət məscidinin bərpasına torpaq ayrılması üçün sovet rəhbərliyinə müraciət edir. Bu, o zaman üçün cəsarətli demarş idi. 30-cu illərdə vəhşicəsinə dağıdılmış məscid həm də sovet ideoloji siyasətinin göstəricisi sayılırdı. QMİ sədrinə heç bir cavab verilməsə də, bu jest yaddaqalan olur.
Bir neçə ildən sonra Allahşükür Paşazadənin adı yenə siyasi rəhbərliyin gündəminə çıxır. Yerli kommunistlərin donosu əsasında Moskva Gəncə İmamzadəsinin dağıdılması barədə qərar qəbul edir. Şeyxülislam bu qərarın qarşısını almaq üçün çox çətinliklə birinci katib Heydər Əliyevə çıxa bilir. Mərhum Zərifə Əliyevanın vasitəsilə bu xəbəri Heydər Əliyevə çatdıra bilir və Kremlin addımının qarşısı alınır.
Müsəlman əsirlərin xilaskarı
Yeri gəlmişkən, Paşazadə SSRİ-nin bir sıra beynəlxalq və ümumittifaq miqyaslı təşkilatlarında Rəyasət Heyətinin üzvü olan yeganə din xadimi kimi təmsil olunurdu. Sovet ordusunun Əfqanıstana qoşun yeritdiyi illərdə o, dəfələrlə bu ölkəyə gedib, siyasi və ruhani liderlərlə şəxsən danışıqlar aparıb, nəticədə 200 nəfərdən çox müsəlman sovet əsgərinin əsirlikdən azad edilməsinə nail olub. Şeyxülislam 1987-ci ildə Moskvada “Nüvə silahsız dünya, bəşəriyyətin xilası uğrunda” beynəlxalq forumun başçısı və həmsədri seçilib.

1988-ci ildə artıq SSRİ-nin “Xalqlar dostluğu” ordeni ilə təltif olunub. 1989-cu ildə isə BMT-nin Cenevrədəki Millətlər Sarayında keçirilən 45-ci sessiyasında çıxış edib.
Gənc Şeyxülislamın aktiv fəaliyyəti Qərbdə də diqqəti çəkir. ABŞ Dövlət Departamentinin 1987-ci ildə QMİ sədri haqqında hazırladığı təhlil xarakterli hesabatında qeyd olunurdu ki, Allahşükür Paşazadə digər sovet din xadimlərinə xas olmayan bir sıra qeyri-adi cəhətləri ilə fərqlənir.
“Paşazadə öz fikirlərini fars, türk, rus, ərəb və ingilis dilində ifadə etməyi bacaran bacarıqlı dini şəxsdir. Onun SSRİ-nin 4 müsəlman idarəsinin birinə rəhbər seçilməsi Sovet İttifaqının xaricdə yaşayan müsəlmanlarla əlaqədə gənc və bacarıqlı şəxslərə üstünlük verməsini göstərir”, – deyə hesabatda vurğulanırdı.
Bundan əlavə, Paşazadə 1989-cu ildə SSRİ Ali Sovetinə xalq deputatı seçilən ilk müsəlman din xadimidir. 1990-cı ilin mart ayında isə Paşazadə Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz edərək, SSRİ xalq deputatı mandatından imtina edib. Həmçinin 1990-1995-ci illərdə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının ilk Milli Məclisində Naxçıvan seçki dairəsindən XII çağırış deputat olub. QMİ sədri həmçinin elmi dərəcəsi olan ilk Şeyxülislamdır.

Erməni katolikoslarla görüş və…
Şeyxülislamın fəaliyyəti həm də torpaqlarımızın işğalından sonra bir çox mühüm və spesifik təmaslarla yadda qalmaqdadır. Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün rus, gürcü, erməni dini liderləri və beynəlxalq dini təşkilatların rəhbərləri ilə dəfələrlə görüşlər keçirib, erməni kilsəsinin rəhbərlərini Qarabağ məsələsi ilə bağlı konstruktiv dialoqa dəvət edib. Münaqişənin dini müstəviyə keçməməsi üçün əlindən gələni əsirgəməyən Paşazadə Ümumdünya Kilsələr Şurasının vasitəçiliyi ilə Montre (İsveçrə) şəhərində, Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə Rostov, Moskva, Bakı, Tiflis şəhərlərində çoxsaylı görüşlərdə iştirak edib. Həmçinin Eçmiədzin erməni patriarxiyasının rəhbərləri katolikos I Vazgen və katolikos I Qareginlə keçirilən görüşlər, 1995-ci ildə Moskva və bütün Rusiya patriarxı II Aleksi, katolikos I Qaregin və Şeyxülislam Paşazadə tərəfindən imzalanan üçtərəfli Moskva bəyannaməsi sayəsində münaqişə bölgəsində əsirlərin, yaralıların və meyitlərin verilməsi barədə müəyyən razılaşma əldə edilib.
Eyni zamanda Qafqaz bölgəsinin ən nüfuzlu din xadimi kimi 1992-ci ildə Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilən Allahşükür Paşazadə Çeçenistan və İnquşetiyada dini təfriqə salan radikal təmayüllü qüvvələrin xalqa zidd əməllərinin qarşısının alınmasında əməli tədbirlər görüb. 1999-cu ildə Rusiya prezidenti Boris Yeltsinə çeçen xalqının məhvinə yönəldilən siyasətini tənqid edən etiraz müraciəti göndərərək, İslam ekstremizmi və terrorizmi ilə mübarizə şüarından sui-istifadə edərək, bütöv xalqın terrorçu, ekstremist, cinayətkar adlandırılmasını qətiyyətlə pisləyib. Təbii ki, Şeyxülislam müsəlman həmrəyliyi prinsipindən çıxış edərək Yaxın Şərqdə baş verən kütləvi qırğınlarla bağlı da öz etiraz səsini ucaldıb. Elə buna görədir ki, müsəlman din xadimləri içərisində ilk dəfə Allahşükür Paşazadəni Vatikana dəvət edərək, fəaliyyətini “Müqəddəs Qreqori” ordeni ilə yüksək qiymətləndiriblər. Roma papası II İohann Pavel onun barəsində yüksək fikirlər səsləndirib.

6 uşaq atası – kim nə ilə məşğuldur…
Onun şəxsi həyatına gəlincə, Paşazadənin xanımı haqda mediada məlumata rast gəlinmir. Şeyxin 6 övladı – 5 qızı və 1 oğlu var. Böyük qızı Əmanət Paşazadə fəlsəfə üzrə doktordur, “Şərq və Qərb qadınlarının həyat tərzi” mövzusunda dissertasiya müdafiə edib. Bir müddət QMİ-nin İctimaiyyətlə əlaqələr və Ailə məsələləri şöbəsində çalışıb. Həyat yoldaşı Adış Məmmədov diplomatdır. Oğlu Məhəmməd Paşazadə hüquqşünasdır.
O, tanınmış iş adamı Əli Evsenin qızı ilə ailə həyatı qurub. Digər övladlarına gəldikdə, qızlarından Vəfa Paşazadə də zaman-zaman mətbuatda və sosial media layihələrində görünüb. O, cərrahdır. Digər qızı Xatirə Salahzadə deputat Əliabbas Salahzadənin həyat yoldaşıdır. Şeyxülislamın çoxlu sayda nəvəsi var. Onun oğlundan olan nəvələrindən biri babasının adını daşıyır. Böyük qızı Əmanət xanımın oğlu Xanlar isə 2019-cu ildə Türkiyə vətəndaşı olan bir xanımla ailə həyatı qurub.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”

