Şuşanın qızılı xəzanı: 200 illik “Xan qızı bağı”ndan möhtəşəm mənzərələr – FOTOLAR

Şuşanın qızılı xəzanı: 200 illik “Xan qızı bağı”ndan möhtəşəm mənzərələr – FOTOLAR

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixi məkanları arasında xüsusi yeri olan “Xan qızı bağı” payız fəslində əsrarəngiz mənzərəsi ilə diqqət çəkir. Qızılı rəngə boyanan ağaclar, xəzan yarpaqları və təbiətin yaratdığı rəng çalarları bu məkanı sanki canlı bir tablonu xatırladan mənzərəyə çevirir.

ARANTV.AZ  xəbər verir ki, vaxtilə “Xan bağı” və “Xan qızı Natəvanın bağı” adları ilə tanınan bu ərazi Şuşaya gələn turistlərin maraq göstərdiyi məkanlardan biridir. Bağın özünəməxsusluğu yalnız təbii gözəlliyi ilə deyil, iki əsrdən artıq tarixə malik olması ilə də bağlıdır.

Tarixi tut bağı 1805-ci ildə Qarabağ xanı İbrahimxəlil xan tərəfindən ipəkçiliyin inkişafına təkan vermək məqsədilə salınıb. Həmin dövrdə tut ağacları ipək istehsalı üçün mühüm əhəmiyyət daşıyırdı. Barama qurdlarının əsas qidası olan tut yarpaqları ipəkçiliyin inkişafında vacib rol oynayırdı.

Xan bağı.jpg (443 KB)

Zaman keçdikcə təsərrüfat məqsədilə salınan bağ Şuşanın sevilən gəzinti və istirahət guşələrindən birinə çevrilib. Xanlıq dövründə, çar Rusiyası zamanında və sovet illərində bu ərazi öz əhəmiyyətini qoruyub saxlayıb. Bağdakı ağacların bir qisminin yaşı 150 ildən çoxdur.

1985-ci ildə ərazidə dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəli ucaldıldıqdan sonra burada müntəzəm olaraq kütləvi mədəni tədbirlər və bayram konsertləri keçirilməyə başlanıb. Şuşa işğaldan azad edildikdən sonra bəstəkarın heykəli yenidən əvvəlki yerində ucaldılıb.

Xan bağı 2.jpg (533 KB)

“Xan qızı bağı” ilin bütün fəsillərində öz gözəlliyi ilə seçilsə də, payızda xüsusi mənzərə yaradır. Ağacların yarpaqları qızılı, sarı və qırmızı rənglərə çalır, yerə tökülən xəzan yarpaqları bağın yollarına fərqli görkəm verir. Bu rənglərin arasında yaşıllığını qoruyan ot örtüyü  təbiətin rəngarəngliyini daha da artırır.

Bağın fonunda görünən dağlar isə mənzərəyə xüsusi əzəmət qatır. Ağacların arasından süzülən payız işığı, sakitlik və Şuşanın özünəməxsus təbiəti insanda unudulmaz təəssürat yaradır. Burada hər fəsil öz rəngini göstərsə də, payızın yaratdığı mənzərə sanki rəssam fırçasından çıxmış əsəri xatırladır.

üzeyir.jpg (390 KB)

“Xan qızı bağı”nın gözəlliyi onun tarixi ilə də tamamlanır. İki əsrdən çox əvvəl salınan bu bağ müxtəlif dövrlərin dəyişikliklərinə şahidlik edib, şəhər sakinlərinin istirahət yeri kimi tanınıb və Şuşanın mədəni həyatında özünəməxsus yer tutub.

Bu gün tarixi tut ağaclarının kölgəsində gəzmək, payızın rənglərini seyr etmək və Şuşanın dağ mənzərələrini izləmək bağa gələnlər üçün həm istirahət, həm də keçmişə səyahət imkanı yaradır.

Musavat.com-un əməkdaşının bağdan çəkdiyi fotoları təqdim edirik:

bağ.jpg (334 KB)

günəş.jpg (456 KB)

uşaqlar.jpg (469 KB)

Şahanə qız.jpg (387 KB)

Şahanə Rəhimli
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir