Diplomu olmayan valideynlərin uşaqları… – Nazir haqlıdır?

Diplomu olmayan valideynlərin uşaqları… – Nazir haqlıdır?

“Qızların təhsili mütləq önə çəkilməlidir”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Emin Əmrullayev: Ölkə alimlərinin dünyada nüfuzu artır - Muallim.edu.az

“Təhsilli qızlar təhsilli analardır. Anası ali təhsilli olan şagirdlərin nəticələri anası daha az təhsil almış şagirdlərin nəticələrindən yuxarı olur. Bu, qısa müddətdə bir insanın həyatını dəyişmək deyil, daha çox insanın həyatına təsir edən addımdır.

Son illər ərzində təhsil sahəsində aparılan qiymətləndirmə layihələrində bütün ölkələrdə 4-cü sinifdə keçirilən tədqiqatlarda qızların nəticələri oğlanların nəticələrindən daha yuxarı olur. Amma 15 yaşlı uşaqların nəticələrinə baxdıqda nəticənin oğlanların xeyrinə dəyişdiyini görürük. Bu müddətdə nə baş verir ki, qızların nəticələri aşağı düşür? Bunun səbəbi qızların sosial həyatında məhdudlaşdırıcı addımlarla müşahidə edilir”, – nazir vurğulayıb.

Emin Əmrullayev qeyd edib ki, son illər Azərbaycanda həm oğlanların, həm də qızların təhsilində nəticələr yaxşılaşıb: “Qızların nəticələrində fərq aradan qalxıb. Bundan əlavə, texnoloji ixtisaslara qəbul olunan qızların sayında da artım müşahidə edirik. Bu göstərici gələcəyə işıqla baxmağa imkan verir. Növbəti illərdə oxşar yanaşmalar qorunarsa, ictimai həyatda daha çox rəhbər qadınları görməyi proqnozlaşdırırıq. Əsas məsələ qızların müstəqil böyüməsi, müstəqil qərar qəbul etməsi, kimdənsə asılı olmaması faktorudur. Qadınların və qızların cəmiyyətin bərabərhüquqlu iştitakçılarına çevrilməsi vacib amildir. Problemləri həll etmək üçün ilk növbədə problemlərin mövcud olduğunu qəbul etməliyik”, – nazir vurğulayıb.

Nazir haqlıdırmı? Həqiqətənmi anası ali təhsilli şagirdlərin nəticələri daha yaxşı olur?

Təhsil eksperti Məzahir Məmmədli Musavat.com-a bildirib ki, ananın təhsil səviyyəsi ilə övladının təlim nəticələri arasındakı əlaqə yeni məsələ deyil və bu barədə əvvəllər də müzakirələr aparılıb: “Bu məsələ ilə bağlı sentyabr konfransında da Elm və Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin və Təhsil İnstitutunun nümayəndələri tərəfindən açıqlamalar verilmişdi. Həmin açıqlamalarda bu fikirlər müəyyən qədər əsaslandırılmışdı. Azərbaycan son illərdə beynəlxalq qiymətləndirmə tədqiqatlarında, o cümlədən PISA proqramında iştirak edir.

Vahid məktəbli forması: “Bərabərlik prinsipini qoruyur”

Bu qiymətləndirmələrin nəticələri əsasında Təhsil İnstitutu tərəfindən təhlillər aparılıb, mütəxəssislərlə və media nümayəndələri ilə müzakirələr keçirilib. Həmin təhlillərdə ananın təhsil səviyyəsi ilə övladının təlim nəticələri arasında əlaqənin olduğu diqqətə çatdırılıb. Bu tendensiya təkcə Azərbaycanda deyil, inkişaf etmiş ölkələrdə də müşahidə olunur. Ümumiyyətlə, ananın təhsil səviyyəsi ailədə təhsilə münasibətə, uşağın öyrənmə imkanlarına və akademik nəticələrinə təsir göstərən amillərdən biridir”.

Qızların və oğlanların nəticələri arasındakı fərqə gəldikdə isə ekspert deyib ki, PISA qiymətləndirməsinin nəticələrində 15 yaşlı şagirdlər arasında müəyyən fənlər üzrə oğlanların üstünlük təşkil etdiyi göstəricilər olub: “Azərbaycanda bu fərqin yaranmasına təsir edən amillərdən biri də qızların sosial həyatda üzləşdiyi məhdudiyyətlərdir. Qızların ev işlərinə və bəzi hallarda təsərrüfat fəaliyyətinə daha çox cəlb olunması onların dərsə ayıra bildikləri vaxta və təhsilə münasibətinə təsir göstərə bilər. Bu baxımdan şəhər məktəbləri ilə rayon və kənd məktəblərində təhsil alan qızların nəticələri arasındakı fərqləri də araşdırmaq vacibdir. Mənim müşahidəmə görə, şəhər məktəblərində qızların nəticələri daha ürəkaçandır. Bunun səbəbləri erkən yaşlardan əmək və ev işlərinə cəlb olunma ilə əlaqələndirilir. Ailənin sosial-iqtisadi vəziyyəti, təhsil imkanları, valideynlərin yanaşması və məktəbdə yaradılan şərait də nəzərə alınmalıdır. Ümumilikdə, Azərbaycanda beynəlxalq qiymətləndirmələrin nəticələri təhsil sahəsindəki vəziyyəti daha dərindən təhlil etməyə imkan verir”.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir