Hindistanın Azərbaycana münasibəti dəyişir – Nazir Bakıda…

Hindistanın Azərbaycana münasibəti dəyişir – Nazir Bakıda…

Prezident İlham Əliyev oktyabrın 23-də Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib. Nazir Azərbaycana Baş nazir Narendra Modinin tapşırığına əsasən səfər etdiyini bildirib. Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirinin Baş nazir Narendra Modinin tapşırığı əsasında Azərbaycana səfərini yüksək qiymətləndirərək, bunun ikitərəfli münasibətlərin mövcud vəziyyətinin və inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan ilə Hindistan arasında münasibətlərin mövcud vəziyyətinə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.

Nazir Subrahmanyam Cayşankarın səfəri Hindistan-Azərbaycan münasibətlərində zaman-zaman müşahidə olunan soyuqluğu aradan qalxması, Hindistanın Azərbaycana münasibətinin arzuolunan səviyyəyə çatması, müsbətə dəyişməsi istiqamətində ciddi hadisə hesab edilə bilərmi?

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, Hindistanın xarici işlər nazirinin Bakıya səfərini Azərbaycan-Hindistan münasibətlərində vaxtaşırı müşahidə olunan soyuqluğun aradan qaldırılması istiqamətində əhəmiyyətli diplomatik addım və münasibətlərin normallaşması üçün ciddi fürsət kimi hesab etmək mümkündür:

“Cayşankarın səfəri Hindistanın Azərbaycanla münasibətləri yenidən nəzərdən keçirməyə və dialoqu fəallaşdırmağa hazır olduğunun mühüm göstəricisidir. Lakin bunu Hindistanın Azərbaycana münasibətinin artıq köklü şəkildə dəyişməsi kimi deyil, belə bir dəyişikliyin başlanğıcı ola biləcək diplomatik proses kimi qiymətləndirmək daha doğru olardı”.

Picture background

Professor hesab edir ki, əgər Dehli Bakı ilə münasibətlərdə yalnız iqtisadi faydaları deyil, Azərbaycanın regional maraqlarını və müstəqil xarici siyasət kursunu da nəzərə almağa başlayarsa, bu səfər ikitərəfli əlaqələrdə yeni mərhələnin başlanğıcına çevrilə bilər: “Əks halda, diplomatik təmasların intensivləşməsinə baxmayaraq, siyasi fikir ayrılıqları münasibətlərin inkişafını məhdudlaşdırmaqda davam edə bilər.
Azərbaycanın Pakistanla yaxın münasibətləri, Türkiyə ilə strateji müttəfiqliyi, Hindistanın isə Ermənistanla hərbi-texniki əməkdaşlığı iki ölkənin regional maraqlarının bəzi məsələlərdə toqquşmasına səbəb olub. Xüsusilə 2025-ci ildə Hindistan-Pakistan qarşıdurması fonunda Bakı ilə Dehli arasında siyasi fikir ayrılıqları daha qabarıq şəkildə üzə çıxmışdı. Bununla belə, münasibətlərin uzun müddət gərgin qalması nə Azərbaycanın, nə də Hindistanın iqtisadi və siyasi maraqlarına tam cavab verir. Hindistan Azərbaycanın enerji sektorunda mühüm iqtisadi tərəfdaşlardan biridir. Ticarət, enerji, turizm, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün real imkanlar mövcuddur. Diqqətçəkən məqamlardan biri də səfərin Hindistanın Baş naziri Narendra Modinin tapşırığı əsasında həyata keçirilməsidir. Bu, Dehlinin Azərbaycanla münasibətlərin gələcəyinə yüksək siyasi səviyyədə diqqət ayırdığını göstərir”.

Etibar Seyidağa,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir