Bakı Hindistana qapını bağlamadı, amma şərtlər var…

Bakı Hindistana qapını bağlamadı, amma şərtlər var…

“Diplomatiyada əbədi soyuqluq olmadığı kimi, əbədi inciklik də yoxdur. Dövlətlər münasibətlərini emosiyalar üzərində deyil, milli maraqlar əsasında qururlar. Prezident İlham Əliyevin Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsinə də məhz bu prizmadan yanaşmaq lazımdır. Bu görüş Bakı ilə Dehli arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi üçün siyasi imkan yaradır. Ancaq bir həqiqət də var ki, diplomatik təbəssüm hələ siyasi etimad demək deyil”.

Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

İSKENDER.jpeg (149 KB)

O bildirib ki, Azərbaycanla Hindistan arasında münasibətlərin müəyyən müddət soyuqlaşmasının səbəbləri məlumdur:

“Hindistanın Ermənistanla hərbi-texniki əməkdaşlığı, xüsusilə regionda həssas təhlükəsizlik məsələlərinin mövcud olduğu dövrdə İrəvanı silahlandırması Bakıda haqlı suallar doğurub. Əlbəttə, hər bir dövlətin tərəfdaş seçmək hüququ var. Ancaq bu seçimlərin regional təhlükəsizliyə təsirini də nəzərə almaq lazımdır. Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda sülhün möhkəmlənməsinə töhfə vermək eyni məntiqin iki tərəfi ola bilməz. Digər tərəfdən, Hindistan dünya siyasətində və iqtisadiyyatında çəkisi artan böyük dövlətdir. Azərbaycan isə artıq Cənubi Qafqazın siyasi və iqtisadi reallıqlarını müəyyənləşdirən əsas aktorlardan biridir. Bu iki dövlətin əməkdaşlıq imkanlarını yalnız Ermənistan məsələsinin kölgəsində saxlaması rasional yanaşma olmazdı. Prezident İlham Əliyevin siyasi xəttinin əsas üstünlüklərindən biri də budur. Azərbaycan heç bir dövlətlə münasibətlərini başqalarının maraqlarına uyğun müəyyənləşdirmir. Bizim üçün əsas meyar milli maraqlar, suverenliyə hörmət və qarşılıqlı faydadır. Hindistanla münasibətlərdə də bu prinsiplər dəyişmir. Burada maraqlı geosiyasi məqam var. Hindistanın Ermənistanla yaxınlığı, Azərbaycanın isə Pakistanla strateji müttəfiqliyi məlumdur. Lakin Bakı-Dehli münasibətlərinin gələcəyi üçüncü ölkələr üzərindən deyil, iki dövlətin öz maraqları əsasında qiymətləndirilməlidir. Azərbaycan Pakistanla qardaşlıq münasibətlərindən geri çəkilmədən də Hindistanla praqmatik dialoq apara bilər. Çünki müstəqil xarici siyasətin mahiyyəti seçim qarşısında qalmaq deyil, öz seçimlərini müstəqil etməkdir. İqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, informasiya texnologiyaları və humanitar əlaqələr münasibətlərin yeni gündəliyini formalaşdıra bilər. Xüsusilə Azərbaycanın Avropa ilə Asiya arasında artan tranzit rolu Hindistan üçün də maraqlı perspektivlər açır. Müasir dünyada ticarət yolları bəzən diplomatik bəyanatlardan daha güclü yaxınlaşma vasitəsinə çevrilir. Ancaq münasibətlərin yeni mərhələyə keçməsi üçün yalnız Bakının xoş niyyəti kifayət deyil. Dehli də Cənubi Qafqazda yaranmış yeni reallıqları düzgün qiymətləndirməli, Ermənistanla əməkdaşlığının regional sabitliyə təsirini nəzərə almalıdır”.

0W93cVHZ7hzrQLD7eA2rJTF2ge84SiahTRgrdmFX_1200.jpg (178 KB)

Deputat onu da diqqətə çatdırıb ki, Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyən dövlət ilk növbədə Azərbaycanın təhlükəsizlik maraqlarına həssas yanaşmalıdır:

“Hesab edirəm ki, bu görüşü bütün fikir ayrılıqlarının aradan qalxması kimi təqdim etmək tezdir. Amma onu adi diplomatik təmas kimi qiymətləndirmək də doğru olmaz. Bu, münasibətlərdə yeni səhifə açmaq üçün fürsətdir. Həmin səhifənin məzmununu isə növbəti siyasi qərarlar müəyyən edəcək. Azərbaycan Hindistanla münasibətlərdə qapını bağlamayıb. Sadəcə, o qapıdan keçmək üçün qarşılıqlı hörmət və etimad lazımdır”.

Vüqar İskəndərovun sözlərinə görə, gördüyümüz kimi, Bakı-Dehli münasibətlərində yeni mərhələ mümkündür:

“Ancaq bu mərhələ keçmiş fikir ayrılıqlarının üzərindən sükutla keçməklə deyil, onların səbəblərini aradan qaldırmaqla başlaya bilər. Diplomatiyada əsas məsələ görüşmək deyil, görüşdən sonra nəyin dəyişməsidir”.

Cavanşir Abbaslı
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir