“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan
Hər il oktyabrın 25-i Azərbaycanda Qubadlı Şəhəri Günü kimi qeyd olunur. Bu tarix xalqımızın yaddaşında Vətən müharibəsində qazanılmış tarixi Zəfərin, Azərbaycanın ərazi bütövlüyünün bərpasının və doğma torpaqlara qayıdışın rəmzlərindən biridir.
Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Ərazisi 802 kvadrat kilometr olan rayon qərbdən Ermənistan Respublikası, şimaldan Laçın və Xocavənd, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə həmsərhəddir. Rayonun kəndlərinin əksəriyyəti Həkəri və Bərgüşad çaylarının ətrafında yerləşir.
Rayonun ümumi torpaq fondu 79 812 hektardır. Ərazidə əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” düzləri məhsuldar torpaqları ilə seçilir. İşğaldan əvvəl torpaq fondunun 14 956 hektarı əkin, 850 hektarı çoxillik bitkilər, 631 hektarı biçənək, 17 192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı sahələr, 13 160 hektarı meşə, 582 hektarı isə bağ və üzümlüklərdən ibarət idi. Rayonun ərazisindən Bərgüşad və Həkəri çayları, eləcə də onların qolları axır. Qubadlı təbii dərman bitkiləri və faydalı qazıntılarla da zəngindir. Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəngdaşı, Mollabürhan kəndinin cənubunda tuf daşı, Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində isə əqiq yataqları mövcuddur.
İşğaldan əvvəl rayonun iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil edirdi. Taxılçılıq, üzümçülük, tütünçülük və bostançılıq geniş yayılmışdı. Xüsusilə tütünçülük rayonun təsərrüfat həyatında mühüm yer tuturdu. Əsas əkin sahələri Gəyən və Yazı düzlərində, dağətəyi meşə zonasında, Bərgüşad və Həkəri çaylarının vadilərində yerləşirdi.
1988-ci ildən etibarən Ermənistanla sərhəddə yerləşən Qubadlı rayonu hücumlara və təhlükəsizlik təhdidlərinə məruz qaldı, dinc əhaliyə qarşı terror halları baş verdi. 1993-cü il avqustun 31-də rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal dövründə ərazidə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirildi. Təqdim edilən məlumatlara əsasən, xaricdə yaşayan ermənilərin vəsaiti hesabına Xanlıq kəndində xaricdən gətirilən ermənilər üçün qəsəbə salınmışdı. İşğal olunmuş ərazilərdə əhalinin qanunsuz məskunlaşdırılması beynəlxalq humanitar hüququn müvafiq müddəaları ilə bağlı ciddi hüquqi məsələdir.
İşğal nəticəsində 29 997 nəfər məcburi köçkün düşərək respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti məskunlaşdı. Rayonun 94 yaşayış məntəqəsi, 7 278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid və 16 körpüsü dağıdıldı və ya yararsız vəziyyətə salındı. Bundan əlavə, 1 080 kənd təsərrüfatı obyekti, 650 kilometr avtomobil yolu, 2 su anbarı, 150 kilometr magistral su xətti, 4 830 kilometr elektrik xətti, 165 kilometr magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 dəyirman, 4 su nasos stansiyası, 120 elektrik yarımstansiyası və transformatorlar sıradan çıxarıldı.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları işğal altındakı torpaqlarımızın azad edilməsinə yol açdı. Qubadlı şəhərinin azad edilməsi mürəkkəb hərbi əməliyyatların nəticəsi idi. Şəhərə hakim yüksəkliklərdə və ətraf ərazilərdə möhkəmlənmiş düşmən qüvvələrinə qarşı aparılan döyüşlərdə Azərbaycan Ordusu yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirdi. Xanlıq, Padar və Sarıyataq kəndləri istiqamətində, eləcə də digər ərazilərdə strateji mövqelərin ələ keçirilməsi şəhərin azad edilməsində mühüm rol oynadı.
2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Bu hadisə 44 günlük Vətən müharibəsinin gedişində mühüm hərbi-strateji əhəmiyyət daşıdı və tarixi Qələbəmizin yaxınlaşmasına töhfə verdi. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad edildi.
2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15 209 hərbi qulluqçusu Prezidentin müvafiq sərəncamları ilə bu medalla təltif edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi. Sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi müəyyən olundu. Bu qərar şəhərin qəhrəmanlıq tarixinin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İşğaldan azad edilmiş ərazilərdə gömrük nəzarətinin təmin edilməsi, qanunsuz mal dövriyyəsinin və gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi məqsədilə 2021-ci il oktyabrın 27-də Qubadlı rayonu ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradıldı.
Bu gün Qubadlıda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il sentyabrın 9-da “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Rayonun gələcək inkişafı, yaşayış məntəqələrinin yenidən qurulması və müasir infrastrukturun yaradılması istiqamətində tədbirlər həyata keçirilir.
İşğaldan əvvəl əhalisi 38 mindən çox olan Qubadlı rayonunun elektrik enerjisinə ümumi tələbatı 12 meqavat təşkil edir, rayon bir ədəd 110 kilovoltluq yarımstansiyadan qidalanırdı. Gələcəkdə 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan rayonda 2040-cı ilədək elektrik enerjisinə tələbatın 38 meqavatdan artıq olacağı gözlənilir.
2021-ci il oktyabrın 25-də 110/35/10 kilovoltluq “Qubadlı” yarımstansiyasının açılışı oldu. Rayonun Azərbaycanın ümumi enerji sisteminə qoşulması və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına giriş-çıxış olmaqla, 76 kilometr uzunluğunda ikidövrəli 110 kilovoltluq “Qubadlı-1” və “Qubadlı-2” elektrik verilişi xətləri çəkildi. Xətlər boyunca ildırımdan mühafizə sistemləri, informasiya mübadiləsi və internet rabitəsi üçün fiber-optik kabellər də quraşdırıldı.
2026-cı il iyunun 16-da Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə başlanılıb. Ümumi ərazisi 3,34 hektar olan kompleksdə 21 binanın, o cümlədən 14 üçmərtəbəli və 7 dördmərtəbəli binanın inşası nəzərdə tutulub. Burada əsasən iki və üçotaqlı olmaqla, ümumilikdə 176 mənzil yerləşəcək. Təqdim edilən məlumata görə, yaşayış kompleksində bünövrə işləri tamamlanıb.
Qubadlı rayonunun yenidən qurulan yaşayış məntəqələri arasında Mahruzlu və Zilanlı kəndləri də var. Rayon mərkəzindən 19 kilometr məsafədə yerləşən Mahruzlu kəndinin layihələndirilən ərazisi 197 hektardır. Birinci mərhələdə 40 hektar ərazidə 190 evin tikintisi aparılır və ilkin mərhələdə 836 sakinin məskunlaşması nəzərdə tutulur. Rayon mərkəzindən 20 kilometr məsafədə, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşən Zilanlı kəndinin layihələndirilən ərazisi 180 hektardır. Birinci mərhələdə 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması planlaşdırılır. Gələcəkdə kənddə 630 ailənin, ümumilikdə 2 520 nəfərin yaşaması nəzərdə tutulur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı–Eyvazlı avtomobil yolunun tikintisi də aparılır. Uzunluğu 28,5 kilometr olan iki zolaqlı yol III texniki dərəcəyə uyğun inşa edilir və Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu və Eyvazlı kəndlərinin ərazisindən keçir.
2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı Sərəncam imzalayıb. Xudafərin–Qubadlı–Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni yolun layihələndirilməsi və tikintisi məqsədilə 2023-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb.
Prezident İlham Əliyev işğaldan azad edilmiş Qubadlıya bir neçə dəfə səfər edib. 2020-ci il dekabrın 23-də Qubadlı şəhərində Azərbaycan Bayrağını ucaldıb. 2021-ci il oktyabrın 25-də Xanlıq–Qubadlı avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib, “Qubadlı” yarımstansiyasının açılışında və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılış mərasimində iştirak edib.
2022-ci il oktyabrın 19-da Prezident “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub. Həmin səfər zamanı “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi keçirilib.
2023-cü il mayın 4-də Prezident İlham Əliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlini qoyub. Həmin gün şəhərdə inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin və 91 çarpayılıq Mərkəzi Xəstəxananın təməlqoyma mərasimləri keçirilib. Prezident, həmçinin Xanlıq kəndinin, eləcə də Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib.
Qubadlıda həyata keçirilən bərpa və quruculuq işləri rayonun gələcək inkişafı, yaşayış məntəqələrinin yenidən qurulması və sakinlərin doğma yurdlarına qayıdışı baxımından mühüm əhəmiyyət daşıyır.
25 oktyabr – Qubadlı Şəhəri Günü münasibətilə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.
Qubadlının işğaldan azad edilməsi tarixi Zəfərimizin, bu gün həyata keçirilən bərpa və quruculuq işləri isə doğma torpaqlarda həyatın yenidən canlanmasının təcəssümüdür.

