İslam dünyasında Azərbaycanın çəkisi artır: İlham Əliyevin strateji siyasəti

İslam dünyasında Azərbaycanın çəkisi artır: İlham Əliyevin strateji siyasəti

Azərbaycanın İslam dünyasındakı mövqeyi yalnız tarixi və dini bağlılıqlarla məhdudlaşmır. Ölkəmiz İslam həmrəyliyinin möhkəmləndirilməsi, mədəni irsin qorunması, xalqlar arasında qarşılıqlı anlaşmanın təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl təşəbbüsləri ilə seçilir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə bu istiqamətlər bir-birini tamamlayaraq Azərbaycanın beynəlxalq nüfuzunun və tərəfdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədin Prezident İlham Əliyevlə görüşündə səslənən fikirlər də bu əməkdaşlığın əhəmiyyətini bir daha ön plana çıxardı. Baş katib Ümummilli Lider Heydər Əliyevin Azərbaycanla Təşkilat arasındakı əlaqələrin inkişafına verdiyi töhfələri ehtiramla xatırlatdı, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsini tarixi hadisə kimi dəyərləndirdi və Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində Azərbaycan Prezidentinin səylərinə dəstəyini ifadə etdi. Bu münasibət Azərbaycanın həm öz milli maraqlarını qoruyan, həm də regionda uzunmüddətli sabitliyə töhfə verməyə çalışan dövlət kimi rolunu göstərir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qoşulduğu ilk beynəlxalq təşkilatlardan biri məhz İƏT olub və bu il üzvlüyün 35-ci ildönümü qeyd edilir. Ötən dövr ərzində ölkəmiz təşkilatın fəaliyyətində fəal iştirak etməklə yanaşı, İslam dünyasının birliyinə xidmət edən təşəbbüslərlə də çıxış edib. 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan edilməsi, həmin il IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, Bakıda İƏT Əmək Mərkəzinin yaradılması və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq platformaya çevrilməsi bu siyasətin konkret nümunələridir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə 2013-cü ildə BMT ilə İƏT arasında tərəfdaşlığın gücləndirilməsinə həsr olunan yüksək səviyyəli iclasın keçirilməsi də ölkəmizin İslam dünyası ilə qlobal institutlar arasında əməkdaşlığa verdiyi önəmi nümayiş etdirir.

Azərbaycan üçün İslam həmrəyliyi yalnız diplomatik münasibətlərdən ibarət deyil, həm də mədəni və mənəvi irsin qorunmasını əhatə edir. İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış məscidlərin bərpası, dini-mədəni abidələrin qorunması və Heydər Əliyev Fondunun xarici ölkələrdə həyata keçirdiyi tarixi abidələrin bərpası layihələri bu yanaşmanın mühüm istiqamətləridir. Eyni zamanda, İslamofobiya ilə mübarizə, dini ayrı-seçkiliyin qarşısının alınması və dezinformasiyaya qarşı birgə fəaliyyətin təşviqi Azərbaycanın beynəlxalq gündəliyində xüsusi yer tutur. Dünyəvi dövlətçilik prinsiplərini qoruyan Azərbaycan dini dəyərlərə hörmətin, mədəni müxtəlifliyin və qarşılıqlı anlaşmanın uzlaşmasının mümkünlüyünü öz təcrübəsi ilə nümayiş etdirir.

İƏT-in Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyi və işğal dövründə qəbul etdiyi sənədlər də tərəfdaşlığın mühüm tarixi hissəsidir. Hazırda isə əməkdaşlığın gündəliyində bərpa-quruculuq, regional sülh, informasiya təhlükəsizliyi və İslam dünyasının beynəlxalq mövqelərinin möhkəmləndirilməsi kimi məsələlər önə çıxır. Şuşanın İƏT tərəfindən 2026-cı il üzrə turizm paytaxtı seçilməsi Qarabağın yenidən qurulmasının və onun mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasının əlamətdar nümunəsidir.
Qarşıdakı dövr Azərbaycan–İƏT münasibətləri üçün yeni imkanlar vəd edir. 2027-ci ildə ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Konfransının keçirilməsi və Azərbaycanın təşkilata sədrlik edəcəyi dövr ölkəmizə ortaq təşəbbüsləri irəli aparmaq, üzv dövlətlər arasında əlaqələri dərinləşdirmək və İslam həmrəyliyini gücləndirmək üçün əlavə imkanlar yaradacaq. Prezident İlham Əliyevin siyasətində bu əməkdaşlıq Azərbaycanın milli maraqlarının beynəlxalq səviyyədə müdafiəsi ilə yanaşı, sülhə, sabitliyə və sivilizasiyalararası dialoqa töhfə vermək məqsədlərini də birləşdirir.

Azərbaycanın İslam dünyasındakı rolu məhz bu çoxşaxəli yanaşma — suverenliyə hörmət, mədəni irsin qorunması, qarşılıqlı dəstək və gələcəyə yönəlmiş əməkdaşlıq üzərində inkişaf edir.

Cavanşir Abbaslı
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir