Azərbaycanın güc formulu: Heydər Əliyev ideologiyası, İlham Əliyev siyasəti

Azərbaycanın güc formulu: Heydər Əliyev ideologiyası, İlham Əliyev siyasəti

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki nitqi ölkəmizin tarixi irsini, milli ideoloji dayaqlarını, müstəqil dövlətçilik fəlsəfəsini və beynəlxalq münasibətlər sistemində artan rolunu özündə birləşdirən mühüm siyasi mesajlarla yadda qaldı. Bu nitq Azərbaycanın yalnız mədəniyyətlərarası dialoqa ev sahibliyi edən ölkə olmadığını, həm də müxtəlif sivilizasiyaların dinc yanaşı yaşaması, dövlətlərin suverenliyinə hörmət və münaqişələrin siyasi iradə ilə həlli istiqamətində özünəməxsus təcrübəyə malik olduğunu bir daha nümayiş etdirdi.

Prezidentin çıxışının mahiyyətində Azərbaycanın keçdiyi tarixi yol, bu gün qazandığı uğurlar və gələcəyə hesablanmış dövlətçilik strategiyası dayanır. Bu strategiya milli kimliyin qorunmasını, etnik və dini müxtəlifliyin cəmiyyətin zənginliyi kimi qəbul edilməsini, ərazi bütövlüyünün və suverenliyin təmin olunmasını, eyni zamanda beynəlxalq əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Azərbaycanın təcrübəsi göstərir ki, güclü dövlətçiliklə açıq cəmiyyət, milli maraqlara sadiqliklə beynəlxalq əməkdaşlıq, tarixi yaddaşla müasir inkişaf arasında ziddiyyət yoxdur. Əksinə, bu amillərin vəhdəti ölkənin dayanıqlı inkişafının əsasını təşkil edir.

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - VİDEO  - YENİLƏNİB-1

Azərbaycançılıq ideologiyasının tarixi və müasir məzmunu bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri milli ideyanın sistemli şəkildə formalaşdırılması, azərbaycançılığın cəmiyyətin birləşdirici ideoloji dayağına çevrilməsi idi. Müstəqilliyin ilk illərində dövlətçiliyin qorunması, milli birliyin möhkəmləndirilməsi və cəmiyyətin vahid məqsədlər ətrafında səfərbər olunması həyati əhəmiyyət daşıyırdı. Heydər Əliyev məhz bu tarixi zərurəti düzgün müəyyənləşdirərək azərbaycançılığı yalnız etnik mənsubiyyətlə məhdudlaşmayan, ölkənin bütün vətəndaşlarını ümumi dövlətçilik ideyası ətrafında birləşdirən konsepsiya kimi inkişaf etdirdi.

Bu ideologiyanın gücü onun həm milli köklərə bağlılığında, həm də birləşdirici mahiyyətindədir. Azərbaycançılıq müxtəlif etnik mənsubiyyətlərin, dini inancların və mədəni ənənələrin vahid dövlət daxilində qarşılıqlı hörmət şəraitində yaşamasını təmin edən mənəvi-siyasi platformadır. Burada əsas meyar insanın etnik və dini mənsubiyyəti deyil, Azərbaycan dövlətinə bağlılığı, ölkənin inkişafına verdiyi töhfə və ortaq gələcəyə inamıdır. Dövlət Başçısının siyasəti nəticəsində bu yanaşma müasir Azərbaycanın milli kimliyinin və beynəlxalq təqdimatının mühüm xüsusiyyətlərindən birinə çevrilib. Azərbaycanın müxtəliflik ənənələrinin kökləri isə müasir dövlətçilik tarixindən çox-çox əvvələ gedib çıxır. Qafqaz Albaniyası dövründən başlayaraq bölgənin tarixi məkanında müxtəlif etnik və dini icmaların mövcudluğu, mədəniyyətlərin qarşılıqlı təsiri və fərqli ənənələrin yanaşı yaşaması Azərbaycanın tarixi irsinin mühüm tərkib hissəsidir. Bu irsin müasir dövrdə qorunması və inkişaf etdirilməsi ölkəmizin mədəniyyətlərarası dialoq sahəsindəki mövqeyini gücləndirir. Azərbaycanın tarixi təcrübəsi sübut edir ki, müxtəliflik dövlət üçün parçalanma mənbəyi deyil, düzgün siyasət və qarşılıqlı hörmət şəraitində milli zənginlik yaradan amildir. Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər və Əfşarlar dövrü Azərbaycan tarixinin dövlətçilik ənənələrinin, siyasi idarəçilik təcrübəsinin və regional təsir imkanlarının öyrənilməsi baxımından mühüm mərhələlərdir. Bu dövlətlərin tarixində Azərbaycanın siyasi və mədəni məkan kimi rolu, idarəçilik ənənələri və müxtəlif xalqlarla münasibətləri xüsusi yer tutur. Tarixi irsin bu mərhələlərini öyrənmək müasir Azərbaycan dövlətçiliyinin formalaşdığı zəminin daha dərindən anlaşılmasına imkan verir. Xanlıqlar dövründə mövcud olmuş siyasi qurumlar və milli dövlətçilik istiqamətində atılan addımlar da Azərbaycanın müstəqil siyasi subyekt olmaq ənənələrinin tarixi davamlılığını göstərir.

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - VİDEO  - YENİLƏNİB-1

Bu tarixi mərhələlərə münasibətdə əsas məqsəd keçmişi romantikləşdirmək deyil, dövlətçilik yaddaşının formalaşmasında onların rolunu düzgün dəyərləndirməkdir. Müasir Azərbaycan öz tarixini bütöv şəkildə mənimsəyərək milli kimliyini daha möhkəm əsaslar üzərində qurur. Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyası və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət məhz bu tarixi yaddaşı müasir dövlətin inkişaf hədəfləri ilə birləşdirir. Nəticədə azərbaycançılıq yalnız keçmişə aid mənəvi anlayış deyil, həm də bu günün siyasi, ictimai və mədəni həyatını istiqamətləndirən canlı ideyadır. Azərbaycanın beynəlxalq miqyasda təqdim etdiyi digər mühüm təcrübə müharibədən sülhə keçid, ərazi bütövlüyünün və suverenliyin bərpası, bundan sonra dayanıqlı sülhün qurulması ilə bağlıdır. Uzun illər ərzində Azərbaycan münaqişənin həlli üçün beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq vasitəçilik mexanizmlərinə istinad edib. Lakin bu sənədlərdə əksini tapmış prinsiplərin həyata keçirilməsi uzun müddət təmin olunmayıb. Azərbaycanın üzləşdiyi bu reallıq beynəlxalq münasibətlər sistemində hüquqi prinsiplərlə onların praktiki icrası arasında mövcud olan ziddiyyətləri, ayrı-ayrı dövlətlərə münasibətdə tətbiq edilən ikili standartları üzə çıxarıb. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrinin vaxtında icra edilməməsi beynəlxalq təhlükəsizlik mexanizmlərinin səmərəliliyi ilə bağlı ciddi suallar yaradıb. Azərbaycan uzun illər gözləməli olduğu nəticəni əldə etmək üçün öz dövlətçilik potensialına, iqtisadi inkişafına, güclü ordusuna və xalqın birliyinə arxalanmaq məcburiyyətində qaldı. Bu yol asan olmadı. Lakin dövlətin məqsədyönlü siyasəti, hərbi gücün müasirləşdirilməsi, diplomatik fəaliyyət və milli həmrəylik nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdi.

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - VİDEO  - YENİLƏNİB-1

Bu tarixi nəticə Azərbaycanın müasir dövlətçilik salnaməsinin ən mühüm səhifələrindən biridir. Ölkəmizin təcrübəsi bir daha göstərdi ki, beynəlxalq hüququn prinsipləri yalnız siyasi bəyanatlarda qalmamalı, real həyatda da təmin edilməlidir. Eyni zamanda, dayanıqlı sülh üçün yalnız müharibənin başa çatması kifayət etmir. Sülhün möhkəmlənməsi qarşılıqlı suverenliyin tanınmasını, ərazi iddialarından imtinanı, nəqliyyat və iqtisadi əlaqələrin qurulmasını, cəmiyyətlər arasında etimadın tədricən bərpasını tələb edir.

Azərbaycanın sülh quruculuğu istiqamətindəki yanaşması bu mənada mühüm təcrübə kimi diqqət çəkir. Müharibənin ağır nəticələrini yaşamış ölkə kimi Azərbaycan regional sabitliyin və iqtisadi əməkdaşlığın əhəmiyyətini yaxşı anlayır. Suverenliyin bərpasından sonra qarşıya qoyulan məqsəd təkcə keçmiş münaqişənin nəticələrini aradan qaldırmaq deyil, həm də regionda yeni münasibətlər sisteminin formalaşmasına nail olmaqdır. Bu yanaşma Azərbaycanın güclü dövlət olmaqla yanaşı, sülhün və əməkdaşlığın təmin olunmasında məsuliyyətli tərəf kimi çıxış etmək niyyətini əks etdirir.

Azərbaycanın təcrübəsinin beynəlxalq səviyyədə müzakirə olunması da təsadüfi deyil. Münaqişələrin həllində illərlə nəticəsiz qalan mexanizmlərdən fərqli olaraq, ölkəmizin keçdiyi yol dövlətlərin öz suverenliyini qorumaq, milli maraqlarını müdafiə etmək və sülh üçün siyasi iradə nümayiş etdirmək məsələlərini yenidən gündəmə gətirir. Bu təcrübənin bütün münaqişələrə eyni formada tətbiq edilməsi mümkün olmasa da, ondan öyrəniləcək mühüm dərslər var. Əsas dərs ondan ibarətdir ki, sülh beynəlxalq hüquqa hörmət, real siyasi iradə və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi üzərində qurulmalıdır. BMT Baş katibinin iştirakı ilə keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatı tədbirində Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemində mövcud problemlərə dair mesajlarının yenidən diqqət mərkəzinə gəlməsi də bu baxımdan əlamətdardır. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq təşkilatlar ayrı-ayrı dövlətlərin siyasi maraqlarına uyğun deyil, hamı üçün eyni hüquqi prinsiplər əsasında fəaliyyət göstərməlidir. Dünya dəyişdikcə beynəlxalq institutların səmərəliliyi, münaqişələrin qarşısının alınması və dövlətlərin təhlükəsizliyinin təmin olunması məsələləri daha böyük əhəmiyyət qazanır. Azərbaycan öz təcrübəsi ilə bu müzakirələrə töhfə vermək imkanına malikdir.

Ölkəmizin beynəlxalq nüfuzunun artması onun yalnız regional məsələlərdə deyil, qlobal gündəlikdə də söz sahibi olmasına şərait yaradır. Azərbaycanın müxtəlif beynəlxalq platformalarda iştirakı, fərqli siyasi və iqtisadi mərkəzlərlə əməkdaşlığı, enerji və nəqliyyat təhlükəsizliyinə verdiyi töhfələr bu mövqeyi gücləndirir. Bakı artıq müxtəlif ölkələrin təmsilçilərinin bir araya gəldiyi, mürəkkəb məsələlərin müzakirə olunduğu və əməkdaşlıq imkanlarının araşdırıldığı mühüm beynəlxalq mərkəzlərdən biri kimi tanınır.

Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin nitqində dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi də xüsusi məna daşıyır. Bu prinsip Azərbaycanın müstəqil dövlətçilik fəlsəfəsinin əsas dayaqlarındandır. Hər bir ölkənin öz inkişaf modelini, milli prioritetlərini və cəmiyyətinin xüsusiyyətlərinə uyğun siyasətini müəyyənləşdirmək hüququ var. Beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq qarşılıqlı hörmətə söykənməli, heç bir dövlət digərinə öz siyasi və ideoloji yanaşmalarını diktə etmək iddiasında olmamalıdır.

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - VİDEO  - YENİLƏNİB-1

Azərbaycanın mövqeyi bu məsələdə aydındır. Ölkəmiz beynəlxalq əməkdaşlığa açıqdır, müxtəlif tərəfdaşlarla dialoqun genişlənməsində maraqlıdır, lakin öz milli maraqlarını və dövlətçilik prinsiplərini müstəqil şəkildə müəyyənləşdirir. Azərbaycanın inkişaf yoluna kənardan qiymət verməyə, ölkəmizə mühazirə oxumağa çalışan dairələr ilk növbədə öz dövlətlərindəki vəziyyətə obyektiv nəzər salmalıdırlar. Beynəlxalq münasibətlərdə etibarlılığın əsas şərti başqalarından tələb edilən prinsiplərə özünün də əməl etməsidir.

Müasir dünyada fiziki təhlükəsizlik qədər ideoloji təhlükəsizlik də mühüm əhəmiyyət daşıyır. Dövlətin sərhədlərinin və ərazi bütövlüyünün qorunması nə qədər vacibdirsə, milli kimliyin, tarixi yaddaşın və cəmiyyətin mənəvi dayaqlarının qorunması da bir o qədər əhəmiyyətlidir. İdeoloji təhlükəsizlik cəmiyyətin öz dəyərlərinə sahib çıxması, milli maraqlarını dərk etməsi və kənardan yönəldilən manipulyativ təsirlərə qarşı sağlam düşüncə ilə müqavimət göstərməsi deməkdir. Bu, dünyadan təcrid olunmaq deyil, əksinə, beynəlxalq münasibətlərdə açıq və fəal iştirak edərkən öz kimliyini qorumaq bacarığıdır. Azərbaycanın müasir inkişaf yolu bu iki təhlükəsizlik istiqamətinin bir-birini tamamladığını göstərir. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətçiliyin qorunması, siyasi sabitliyin təmin olunması və iqtisadi inkişafın əsaslarının yaradılması istiqamətində mühüm addımlar atıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət yeni mərhələyə qədəm qoydu. İqtisadi potensialın gücləndirilməsi, infrastrukturun yenilənməsi, müdafiə qabiliyyətinin artırılması, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və ərazi bütövlüyünün bərpası Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ yaratdı.

Bu gün Azərbaycanı ötən əsrin sonlarında müstəqilliyini bərpa etmiş, çoxsaylı problemlərlə üzləşən ölkə ilə müqayisə etdikdə keçilən yolun miqyası aydın görünür. Ölkəmiz öz iqtisadi və siyasi imkanlarını genişləndirib, beynəlxalq layihələrdə rolunu artırıb, regional proseslərin mühüm iştirakçısına çevrilib. Azərbaycan enerji təhlükəsizliyindən nəqliyyat dəhlizlərinə, humanitar əməkdaşlıqdan mədəniyyətlərarası dialoqa qədər müxtəlif sahələrdə təşəbbüslərlə çıxış edir. Bütün bunlar ardıcıl dövlət siyasətinin və milli maraqlar əsasında formalaşdırılmış inkişaf strategiyasının nəticəsidir.

Azərbaycanın orta güc kimi beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi də bu dəyişikliklərin mühüm göstəricisidir. Müasir dünyada dövlətin çəkisi yalnız ərazisinin və əhalisinin böyüklüyü ilə ölçülmür. İqtisadi dayanıqlıq, hərbi potensial, diplomatik fəallıq, enerji və nəqliyyat marşrutlarındakı mövqe, beynəlxalq tərəfdaşlıqlar və müstəqil qərarvermə qabiliyyəti də ölkənin nüfuzunu müəyyənləşdirən əsas amillərdir. Azərbaycan bu istiqamətlərin hər birində öz imkanlarını genişləndirərək regional çərçivələri aşan təsir imkanları qazanıb.

Ölkəmizin artan beynəlxalq nüfuzu qarşıdakı illərdə Bakıda və Azərbaycanda keçiriləcək mühüm beynəlxalq tədbirlərin coğrafiyasında da özünü göstərir. 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin diqqətini Azərbaycana yönəldəcək tədbirlərin keçirilməsi, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi planı ölkəmizin fərqli siyasi və mədəni məkanlarla qurduğu əlaqələrin miqyasını nümayiş etdirir. Bu platformaların bir-birindən fərqli iştirakçıları olsa da, onların Azərbaycanda bir araya gəlməsi ortaq məxrəc tapmaq və dialoq qurmaq baxımından mühüm imkanlar yaradır.

Belə tədbirlərin əhəmiyyəti yalnız diplomatik protokolla və yüksək səviyyəli görüşlərlə məhdudlaşmır. Onlar Azərbaycanın iqtisadi potensialının, təşkilatçılıq imkanlarının, təhlükəsizlik mühitinin və beynəlxalq tərəfdaşlarla işləmək təcrübəsinin təqdimatı üçün əlavə imkanlar yaradır. Eyni zamanda, ölkəmizin fərqli mədəniyyətləri, siyasi baxışları və maraqları bir masa ətrafında birləşdirə bilən məkan kimi mövqeyini gücləndirir. Azərbaycan üçün bu, həm də öz inkişaf modelini, milli dəyərlərini və gələcəyə baxışını beynəlxalq ictimaiyyətə çatdırmaq imkanıdır.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi də məhz bu siyasətin davamıdır. Azərbaycan uzun illərdir ki, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrini bir araya gətirən beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu təşəbbüslər ölkəmizin tarixi ənənələrindən qaynaqlanır və müasir dövlət siyasəti ilə yeni məzmun qazanır. Mədəniyyətlərarası dialoq Azərbaycan üçün yalnız beynəlxalq tədbirlərdə səsləndirilən şüar deyil, həm də ölkənin dünyaya təqdim etdiyi birgəyaşayış təcrübəsidir.

Prezidentin forumdakı nitqinin əsas mesajları bir-birini tamamlayan vahid mənzərə yaradır. Azərbaycançılıq milli birliyin və dövlətçilik düşüncəsinin ideoloji təməlini təşkil edir. Ərazi bütövlüyünün və suverenliyin bərpası ölkənin öz gücünə arxalanaraq tarixi məqsədlərinə çatmaq imkanını göstərir. Sülh quruculuğu təcrübəsi münaqişələrdən sonra yeni münasibətlər sisteminin yaradılmasının mümkünlüyünü nümayiş etdirir. Daxili işlərə qarışmamaq prinsipi isə Azərbaycanın müstəqil siyasi iradəsini və beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəfdaşlığa verdiyi önəmi ifadə edir. Bütün bu istiqamətlərin mərkəzində güclü dövlət, milli həmrəylik və müstəqil qərarvermə dayanır. Azərbaycan öz tarixindən güc alaraq gələcəyini qurur, milli kimliyini qoruyaraq dünyaya açılır və beynəlxalq əməkdaşlığı genişləndirərkən suverenliyindən geri çəkilmir. Bu yanaşma ölkəmizin müasir inkişaf modelinin əsas xüsusiyyətidir.

Prezident İlham Əliyevin Bakıda səsləndirdiyi mesajlar Azərbaycanın beynəlxalq nüfuzunun yalnız iqtisadi və hərbi imkanlarla ölçülmədiyini də göstərir. Dövlətin əsl gücü onun öz maraqlarını müdafiə etmək, cəmiyyətini vahid məqsəd ətrafında birləşdirmək, beynəlxalq tərəfdaşlarla etibarlı münasibətlər qurmaq və mürəkkəb proseslərdə müstəqil mövqe nümayiş etdirmək qabiliyyətindədir. Azərbaycan bu istiqamətdə mühüm mərhələləri geridə qoyub və qarşıdakı illər üçün daha geniş hədəflər müəyyənləşdirib.

Beləliklə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın keçmişi, bu günü və gələcəyi arasında qurulan mənəvi-siyasi körpünün növbəti ifadəsidir. Bu körpünün bir tərəfində Heydər Əliyevin əsaslarını möhkəmləndirdiyi azərbaycançılıq ideologiyası və çoxəsrlik dövlətçilik ənənələri, digər tərəfində isə Prezident İlham Əliyevin rəhbərliyi ilə suverenliyini təmin etmiş, beynəlxalq nüfuzunu artırmış və sülh gündəliyini irəli aparan müasir Azərbaycan dayanır. Ölkəmizin təcrübəsi göstərir ki, milli köklərə bağlılıq, güclü dövlətçilik, qarşılıqlı hörmət və müstəqil siyasi iradə həm daxili inkişafın, həm də beynəlxalq nüfuzun möhkəm təməlidir. Azərbaycan bu təməl üzərində gələcəyə inamla irəliləyir və qlobal dialoqun, əməkdaşlığın və sülhün təşviqində özünəməxsus rolunu daha da gücləndirir.

Cavanşir Abbaslı,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir